Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.
Sherg.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat verib.
Qeyd edək ki, bu gün Moskvada Aİİ-nin 10 illik yubiley sammiti keçiriləcək. Aİİ sədri kimi Nikol Paşinyan bu mərasimdə iştirak edəcək. Onun həmçinin Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlənilir.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın hazırda bu iqtisadi birliyə üzv olmasına ehtiyacı var:
"Bu il Avrasiya İqtisadi Birliyinə Ermənistan sədrlik edir. Bu səbəbdən Ermənistan baş nazirinin bilavasitə iştirakı və həmin tədbirdə sədarəti məcburidir. Düşünürəm ki, sammitdə müzakirə olunacaq əsas mövzu Avrasiya İqtisadi Birliyindəki mövcud problemlər və Rusiya Ermənistan arasındakı qarşılıqlı ixtilaflara səbəb olan ritorikalardır".
Analitik əlavə edib ki, Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanın Prezidenti ilə ikitərəfli görüş də baş tutacaq:
"Hazırda Rusiya hökuməti ilə Ermənistan hökumətinin bir birlərindən müəyyən tələbləri və narazılıqları var. Əslində bu gün Paşinyan hökumətinə əleyhinə olan proseslər Rusiyanın sifarişi ilə baş verir. Düşünürəm ki, buna görə də tərəflər arasındakı bütün bu məsələlər müzakirə olunmalı və həll edilməyə çalışılmalıdır".