Nikol Paşinyan ona qarşı çıxan qüvvələri yerində oturda bilsə, vəziyyət dəyişəcək
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə mühüm razılığın əldə olunduğu iddia edilir. Belə ki, razılığa əsasən Rusiya sərhədçilərinin Ermənistanın paytaxtı İrəvandakı Zvartnots Hava Limanını, eyni zamanda bu ölkənin Zəngəzur, Dərələyəz, Göyçə, Ararat, Tavuşdakı məntəqələrini tərk edəcəyi deyilir.
Qeyd edək ki, erməni politoloq Vigen Akopyan Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya lideri Vladimir Putin arasında 8 mayda Kremldə baş tutan görüşü şərh edib. O deyib ki, Putin çox güman ki, həm Paşinyan, həm də indiki Ermənistan hakimiyyətinin siyasəti haqqında düşündüyü hər şeyi deyib. Erməni politoloqun fikrincə, görüşün ictimaiyyətə qapalı hissəsində Putin Paşinyanın Rusiyanı ictimai tənqid etməsinə münasibət bildirib: “Yəni bu, Putinin Rusiyanın mövqeyini ifadə etdiyi görüş idi. Görüş cəmi bir saat çəkdi, bu da kifayət qədər az müddətdir. Bu o deməkdir ki, iştirakçıların danışacaq xüsusi heç nəyi olmayıb. Ya hər şey artıq görüşə qədər müzakirə olunub, yaxud çox güman ki, əsasən, Putin danışıb”. Rusiya sərhədçilərinin Ermənistanın bir sıra rayonlarından çıxarılmasına dair razılaşmaya gəlincə, politoloqun fikrincə, bu, hərbi-siyasi sahədə ciddi problemlərdən xəbər verir: “Ola bilsin ki, Putin özü diplomatik addım atıb - o, İran və Türkiyə sərhədindən sərhədçilərin və ya 102-ci hərbi bazanın çıxarılmasını təklif edib. Paşinyan isə hələlik buna ehtiyac olmadığını deyib”.
Ekspert hesab edir ki, Ermənistanın KTMT-yə üzvlüyü məsələsinin də müzakirə olunduğunu güman etmək olar: “Ehtimal ki, Putin Paşinyana açıq mətnlə KTMT-dən çıxacağı təqdirdə Ermənistanın Aİİ-yə üzvlüyünü məqsədəuyğun hesab etmədiyini deyib”.
Rus hərbçilərinin xüsusən tez-tez insidentlərin yaşandığı Zəngəzurdan çıxması iddiası şok effekti yaradıb ki, Rusiya nəyin qarşılığında qeyd edilən əraziləri tərk edir?
Mövzunu“Sherg.az”a şərh edən siyasi şərhçi Asəf Quliyev isə deyib ki, bu informasiyanın nə qədər dəqiq olduğu məlum deyil:
“Bu baxımdan konkret nə isə demək və informasiyanı fakt nöqteyi-nəzərindən təhlil etmək doğru olmaz. Putinin diplomatik addım ataraq İran və Türkiyə sərhədindən sərhədçilərin və ya 102-ci hərbi bazanın çıxarılmasını təklif etməsi ilə bağlı irəli sürülən fikirlər sadəcə bir fərziyədir. Əgər Putin Paşinyana belə bir təklif edibsə də, onun səmimi olduğuna inanmaq tələdəki pendirin xeyriyyə məqsədilə qoyulduğuna inanmaq kimi bir şeydir”.
A.Quliyevin fikrincə, hazırkı mərhələdə Zəngəzur dəhlizinin açılmasından daha vacibi Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdə qalıb-qalmayacağı məsələsidir:
“İstənilən halda Zəngəzur dəhlizi açılacaq, lakin Paşinyan hakimiyyətdə qaldığı təqdirdə bu dəhlizə Rusiya nəzarət etməyəcək. Paşinyan hakimiyyətdən getsə, proseslər 10 Noyabr Bəyannaməsinin 9-cu maddəsinə uyğun icra ediləcək. Yəni dəhliz Rusiya qoşunlarının nəzarətində olacaq. Lakin indiki geosiyasi reallıqlar fonunda Zəngəzur dəhlizinin yaxın vaxtlarda açılacağına ümid etmək həddindən artıq optimizm olar. Bunun üçün müəyyən zaman lazımdır, ən azından regionda sular durulmalı, Ermənistandakı proseslər yekunlaşmalıdır. Ancaq bunlardan sonra Zəngəzur dəhlizinin nə vaxt və hansı şərtlərlə açılacağını müzakirə etmək olar. Zəngəzur dəhlizinin açılmasına zəmin yaradacaq proseslər yekunlaşmamış, aktual olan suallara cavab tapılmamış dəhlizin açılması inandırıcı deyil. Lakin Nikol Paşinyan ona qarşı çıxan qüvvələri yerində oturda bilsə, payıza qədər Azərbaycanla Ermənistan arasında Çərçivə sazişi imzalansa, həmin sənəddə Zəngəzur dəhlizinin hansı şərtlərlə açılacağı məsələsinə yer ayırmaq olar”.