Kibertalamaların, kiberdələduzluqların sayı artır - MÜBARİZƏ TƏSİRSİZDİR

"Vətəndaşların hüququnu  qorumaq üçün daha effektiv iş ortaya qoymaq lazımdır"

Kibertalamaya məruz qalma riskləri artır, hər kəs diqqətli olmalıdır. Bunu DİN-in Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev deyib. Elşad Hacıyev vətəndaşları diqqətli olmağa çağırıb:

 "Kibertalamaya məruz qalma riskləri gündən-günə artır! Diqqətli olun, üsullar fərqlidir, sosial şəbəkələrdə şübhə doğurmayacaq formada cinayətkar fəaliyyət var. Kiber üsulla hazırlanan nömrələrdən daxil olan şübhəli zənglərə, mesajlara qarşı tədbirli olun, danışmadan, yazışmadan bloklayın. Sizinlə danışan, yazışan Azərbaycan dilində sərbəst danışan xarici vətəndaş, hətta azərbaycanlı da ola bilər. O da ola bilər ki, o şəxs sizin haqqınızda tam məlumatlıdır, çünki barənizdə həmin məlumatları sosial şəbəkə üzərində olan qeydlərdən, yaxud dostlarınızdan, qohumlarınızdan götürüb. Şəxsi imkanlarınızı, varınızı, pulunuzu sosial şəbəkələrdə nümayiş etdirib diqqət çəkməyin. Cinayətkar qruplar tərəfindən profil və səhifə paylaşımlarınız, rəyləriniz nəzərdən keçirilir. Dostlarınız vasitəsilə sizi kimsə axtarırsa, ehtiyatlı olun, həmin şəxslə ünsiyyət yaratmayın.

Kiber cinayətkarlıq – talamalar tək oğurluq əməllərini əhatə etmir. Sosial şəbəkələrdə dələduzluq halları da geniş vüsət alıb. Onlarla vətəndaş dələduzluq hallarının qurbanı olub. Təkcə ötən gün - mayın 13-də baş verən hadisələrə baxaq: Ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından aldatma üsulu ilə 9000, 8485, 370, 425, 1482, 350, 165, 1420, 165, 140, 3000, 150, 350, 600, 3100, 360, 2700, 50, 25, 700, 2181 manat, 471 və 1850 ABŞ dolları məbləğində pul vəsaitləri talanıb. Faktların təhlili göstərir ki, vətəndaşlar İnstagram, Telegram, Feysbuk, Tik-Tokda səhifə, kanal və platformalar üzərindən əlavə gəlir qazanmaq, sığorta ödənişləri, turist səyahətləri, mebel sifarişi, qızıl satışı, ev-alqı satqısı, kirayə, kredit adı altında verilən yalan vədlərə inanaraq həmin tələb olunan məbləğləri başqa-başqa bank hesablarına köçürüblər. Sonradan həmin hesablar, linklər, telefon nömrələri dərhal qapadılıb. Məlumatlı ol ki, aldanmayasan!" 


Məsələ ilə bağlı danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə “Sherg.az”a açıqlamasında  deyib ki, Azərbaycanda günü-gündən kibertalamaların, kiberdələduzluqların sayı artır.

Lakin qanunvericilikdə, praktik, operativ həll yolu yoxdur.  Məsələn, real bir nümunədən söz açacam. Bir qadın dələduzluğa məruz qalaraq kartından 6 min manat pul oğurlanıb. Məlum olub ki, həmin vəsait Azərbaycandakı bir bankdan digərinə köçürülüb. Bir sözlə, pul xaricə çıxmayıb. Bununla bağlı həmin şəxs 20 gündən çoxdur ki, polis, məhkəmə və həmin banka müraciət edib. Ancaq pul ölkə daxilindən çıxmasa belə, dələduzluğa məruz qalan adama bildirirlər ki, vəsait geri qayıtmayacaq. Hətta, aldığım məlumata görə, polis əməkdaşları məhkəmədən sənəd gəlmədiyini deyir. Bir sözlə, bütün qurumlar bu məsələdə kifayət  qədər diqqətli deyillər. Bu sahədə xüsusi bloklama, nəzarət mexanizmi yoxdur. O zaman bu çıxışlar nəyə lazımdır? Vətəndaşın diqqətsizliyi, rəqəmsal səriştəsizliyi ola bilər. Bəs, dövlətin vətəndaşı qoruma mexanizmi hardadır? Vətəndaş özünü qoruya bilirsə, o zaman polis, məhkəmə niyə təşkil olunub? Bu  qəbul edilməz yanaşmadır. Fikrimcə, kiberdələduzluq, kibertalançılıqla bağlı pafoslu çıxışlardansa, bir qədər effektiv iş ortaya qoymaq lazımdır".