Qlobal ekoloji böhranla üz-üzəyik -AÇIQLAMA

Belə bir vaxtda ölkəmizi təbii məkana çevirmək əsas vəzifələrimizdən biri olmalıdır
 
“Qanunsuz ağac kəsən şəxslər və buna şərait yaradan məmurlara maddi və inzibati cəzalarla yanaşı, kəsdikləri 1 ağacın əvəzinə 5 ağac basdırmaq cəzası verilməlidir”
 
 
 Yer əhalinin sürətli artımı, elmi-texniki tərəqqi sahəsində əldə edilmiş biliklər, müasir silahların yaradılması fonunda lokal  hesab edilən ekoloji bəlalar qlobal fəlakətə çevrilib. Bu bəlalardan xilas olmaq üçün əksər dövlətlər ekoloji problemləri öz siyasətlərində prioritet sahə elan edib. Başqa yol da yoxdur. Çünki son illər baş verən aramsız təbii fəlakətlər çox ciddi siqnaldır və bəşəriyyət təbiətin “şıltaqlıqları” qarşısında artıq acizdir.
 Ekoloqların proqnozuna görə, qlobal iqlim dəyişikliyi nəticəsində Azərbaycanı daşqın, quraqlıq və yaxud da digər təbii fəlakətlər, həmçinin onların nəticəsi kimi içməli su ehtiyatlarının çatışmazlığı gözləyə bilər.
Bu gün ətraf mühitin çirklənmə vəziyyəti, meşələrimizin qırılması, Xəzərin ekoloji problemləri, Abşeronun çirklənmiş torpaqları ölkəmizdə çox ciddi ekoloji problemlərin mövcudluğundan xəbər verir. Ona görə də indi respublika səviyyəsində elə müşavirə, konfrans olmur ki, cənab Prezident orada bu problemlərin həllinin vacibliyini məmurların və vətəndaşların diqqətinə çatdırmasın.
 Ölkədə yaşıllıqların mühafizəsi ilə bağlı qanunlar kifayət qədər sərtdir. Ağac kəsilməsi faktı ilə əlaqədar toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilir. Əgər bununla əlaqədar cinayət işi qaldırılarsa, qanunsuz ağackəsmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən cinayət məsuliyyəti yaratmaqla 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə nəticələnə bilər.
Buna rəğmən son dövrlərdə ekoloji tarazlığın pozulmasına yönələn qanunsuz əməllər törədənlərin sayı artıb.  Əsasən də ağaclara zərər vurulması, yaşıllıqların məhv edilməsi insan sağlamlığı üçün birbaşa təhlükədir.
 Sevindirici haldır ki, dövlətin ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın bərpa edilməsi istiqamətində həyata keçirdiyi siyasətə kölgə salan hallara qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki, Qusar rayonunda meşədə ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumatda  qeyd olunub ki, Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb.
 Araşdırmalarla vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub.
Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinin başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.

 Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlının “Sherg.az”a açıqlamasına görə, dövlət uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlərin həll edilməsi üçün müxtəlif tədbirlər həyata keçirsə də, ölkəmizdə ekoloji problemlər öz aktuallığını itirmir. O, ən böyük ekoloji problemin   yaşıllıq və meşə sahələrinin azalması olduğunu deyib:
 “30 ildir ölkədə yaşıl soyqırım prosesi gedir. İstər şəhərlərdə, istər meşələrdə kütləvi şəkildə və vəhşicəsinə yaşıllıqları məhv edib yerində yaşayış və biznes obyektləri tikirlər. Bütün bunlar isə heç şübhəsiz, bəzi məmurların vəzifələrindən sui-istifadəsindən və korrupsiya hallarından qaynaqlanır. Bir çox hallarda bu kimi özbaşınalıqlara qarşı tədbir görülsə də, məsuliyyətdən  yayınma  halları da istisna deyil. Onu deyim ki, aşkarlanan faktlarla bağlı da çox ciddi cəzalar görmürük. Bir çox hallarda bu kimi hadisələrin mahiyyətinə heç varmırlar. Tikinti işləri zamanı yaşıllıqlar məhv edilir. Gecəylə ağacları kəsib aparırlar. Kəsmək mümkün olmadıqda isə dibinə turşu və ya digər kimyəvi maddələr tökərək qurudurlar. Artıq hamı bilir ki, bir ərazi hasara alınıbsa, orada mütləq bütün ağacları gecə ikən kəsəcəklər. Bəzi hallarda bu faktlar mediaya, sosial şəbəkələrə çıxanda problemin qarşısı alınır, cərimələr edilir. Lakin heç də bütün hallarda məsələ ictimailəşdirilmir. Çünki vətəndaşlarımızın bir çoxunda ictimai məsuliyyət yoxdur. Düşünürlər ki, “mənə nə, kim kəsir kəssin”.
 Məhz bu kimi laqeyd yanaşmalar fonunda Bakı dünyada yaşıllıq sahəsinin ən az olduğu şəhərlərdən biridir. Moskva şəhərinin ümumi ərazisinin  54 faizi yaşıllıq sahəsidir.  Bu rəqəm Sinqapurda 47, Sidneydə 46, Vyanada isə 45  faiz təşkil edir. Normal  şəhərlərdə isə yaşıllıq sahəsi ümumi ərazinin 33 faizi və daha artıqdır. Bakıda isə bu rəqəm heç 10 faiz belə deyil. Son 30 ildə ümumi yaşıllıq sahəsi 2 dəfə, adambaşına düşən yaşıllıq sahəsi isə 4 dəfə azalıb.   Əlbəttə, son illərdə Bakıda xeyli abadlıq işləri görülüb, yaşıllıqlar, parklar salınıb. Lakin hələ də yaşıllıq səviyyəsi arzulanan həddə deyil. Buna görə də paytaxtda və ətrafında böyük yaşıllıq kampaniyaları keçirilməlidir, bütün mümkün yerlərdə ağaclar əkilməlidir. Qanunsuz ağac kəsən şəxslər və buna şərait yaradan məmurlara maddi və inzibati cəzalarla yanaşı, kəsdikləri 1 ağacın əvəzinə 5 ağac basdırmaq cəzası verilməlidir. Eyni zamanda qanunsuz ağac kəsilməsinə görə cəzalar sərtləşdirilməli, cərimələr artırılmalıdır. Bunun qarşısının alınması üçün çox ciddi cərimələr və adekvat cəzalar tətbiq olunmalıdır. 3-5 min manat cərimə ilə poblem həll olunmaz. O ərazidə obyekt tikən şəxs ordan ildə 100 min qazanc götürəcəksə, onun üçün bu 3-5 min manatı ödəmək problem deyil. Yaxşı olardı ki, cərimələr 10 dəfə artırılsın, kütləvi ağackəsmə zamanı isə əmlakı müsadirə olunmaqla həbs cəzası verilsin”.

 E.Bayramlının fikrincə, yaşıllıqların salınması, meşələrin bərpası üçün xüsusi Dövlət Proqramı qəbul olunmasına ehtiyac var:
 “Qlobal ekoloji böhranların gözlənildiyi bir vaxtda ölkəmizi təbii məkana çevirmək əsas vəzifələrimizdən biri olmalıdır. Buraya qanunvericiliyin təkmilləşdirilməsi, müxtəlif strateji proqramlar çərçivəsində fəaliyyətin təşkili və ətraf mühit komponentlərinin çirklənməsinin qarşısının alınması və onların ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətindəki tədbirlər daxildir. Fikrimcə, bu sahənin prioritet seçilməsi bir neçə ildən sonra  ekoloji bərpa prosesinin gözəçarpan olacağına gətirib çıxaracaq”.