Zaman lazımdır
“Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törətmiş bu şəxslərin məhkəmə önünə çıxarılaraq layiqli cəza almalarını hər kəs səbirsizliklə gözləyir”
Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri”nin həbs müddəti uzadılıb.
Arkadi Gukasyan, Bako Sahakyan, Araik Harutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və digərlərinin barəsində seçilmiş həbs-qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsinin vəsatətlərinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatlarına Binəqədi Rayon Məhkəməsində baxılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, istintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub. Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.
Qeyd edək ki, ötən ilin sentyabr ayından indiyə qədər onların istintaq müddəti bir neçə dəfə artırılıb. Azərbaycan xalqı separatçılara rəhbərlik etmiş bir qrup şəxsin istintaqının yekunlaşmasını, ədalət məhkəməsinə çıxarılmasını səbirsizliklə gözləyir.
Görəsən, Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törətmiş separatçıların istintaqı nə vaxt yekunlaşacaq?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadənin sözlərinə görə, istintaqın uzadılması bilərəkdən, məqsədli halda baş vermir. İstintaqın müddətinin uzadılması yolu ilə onların törətdiyi cinayətlər tam və obyektiv araşdırılır. Bunun üçün isə zaman lazımdır: “Uzun illər Azərbaycan vətəndaşlarına qarşı törədilən vandalizm, qətl, terrorçuluq və digər hərəkətlər bilavasitə bu separatçı rejimin rəhbərliyi altında baş verib. 44 günlük Vətən müharibəsindən sonra separatçı rejim yenə də Qarabağın bir hissəsində, xüsusən də Xankəndi şəhərində qalmaqla, Azərbaycana qarşı hədələr, təhdidlər səsləndirib, ölkəmizə qarşı mübarizə aparmaq üçün qanunsuz silahlı dəstələr formalaşdırıb: “Bununla onlar Azərbaycan xalqına qarşı cinayətkar əməllərdən əl çəkmədiklərini bir daha nümayiş etdiriblər. Nəticədə ötən ilin 19-20 sentyabrında bir sutkalıq antiterror tədbirləri ilə Azərbaycan torpaqlarında kök salmış separatizm birdəfəlik məhv edilib. Bu separatçı rejimə müxtəlif illərdə rəhbərlik etmiş, Azərbaycan xalqına qarşı döyüşlərdə iştirakçı olmuş, hərbi cinayətlər törətmiş bir qrup şəxs də saxlanılaraq Bakıya gətirilib. Hazırda isə müvafiq qurumların birgə istintaq əməliyyat qrupu cinayətkarların törətdiyi əməlləri hərtərəfli araşdırırlar. Hesab edirəm ki, separatçıların nəinki Azərbaycanda törətdiyi cinayətlər, hətta onların xarici əlaqələri, maliyyələşmə, onlara kimlərin dəstək verməsi və digər məsələlər də istintaq müddətində araşdırılır. Ona görə də bu istintaq cari ilin payız fəslinə qədər, bəlkə də bir il altı ay və daha uzun müddətə davam edə bilər. Çünki qanunvericilik buna yol verir”.
Ç.Qənizadə vurğulayıb ki, Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlər törətmiş bu şəxslərin məhkəmə önünə çıxarılaraq layiqli cəza almalarını hər kəs səbirsizliklə gözləyir: “Hamılıqla gözləyir və ümid edirik ki, Azərbaycan xalqına qarşı cinayətlər törətmiş bu şəxslərin istintaqı ədalətli qaydada aparılacaq, ittihamları elan olunacaq və sonda iş məhkəmə baxışına göndəriləcək. O gün uzaqda deyil. Məhkəmədə onların törətdiyi cinayətlərin nədən ibarət olduğu, onlara dəstək verən xarici dövlətlərin, o ölkələrdəki vəzifəli şəxslərin, oliqarx məmurların, biznesmenlərin, təhrikçi qüvvələrin kimliyi də ortaya çıxacaq. Əminəm ki, bu cinayətkarlar Azərbaycan məhkəmələri vasitəsilə layiqli cəzalarını alacaqlar”.
Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov da "Sherg.az"a açıqlamasında separatçıların həbs müddətinin uzanmasını təbii və hüquqi proses kimi dəyərləndirib.
Hüquq müdafiəçisi qeyd edib ki, sözügedən cinayətkar dəstə insanlıq və sülh əleyhinə müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirməkdə, qətldə, qanunsuz silahlı birləşmələr yaratmaqda və sair ağır cinayətlərdə ittiham olunurlar:
“Deməli, onların istintaqının 5 ay deyil, daha çox çəkməsi mümkündür. Onların Azərbaycan dövlətinə və xalqına qarşı törətdiyi qətliamlar adi cinayət deyil, müharibə cinayətləridir. Onlar terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qanunsuz silahlı birləşmələr yaratmaqda və s. cinayət əməllərində ittiham olunurlar. Azərbaycanın ərazi bütövlüyünə və təhlükəsizliyinə qarşı çoxsaylı cinayətlər törətmiş bu separatçılar cinayətkar şəbəkənin tərkib hissəsidir. Şəbəkənin digər üzvlərinin də aşkara çıxarılması və şəxsiyyətlərinin müəyyən edilərək aşkara çıxarılması istintaq müddətinin uzanmasına səbəb olur. Sözügedən şəxslər barəsində həbs-qətimkan tədbirlərinin 5 ay uzadılması da bununla bağlıdır. Düşünürəm ki, sözügedən müddət başa çatdıqdan sonra da növbəti dəfə bir neçə aylığına istintaq müddəti yenə də uzadılacaq.
Əminəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları və istintaqçıları erməni separatçılarının ötən 30 illər ərzində Azərbaycan xalqına qarşı törətmiş olduğu hərbi cinayətləri detalları ilə araşdıracaq və terrorçu şəbəkənin digər üzvləri də aşkar edilərək onlar barəsində də axtarış tədbirləri həyata keçirilərək gec və tez Azərbaycan Məhkəməsi qarşısında mühakimə ediləcəklər. Azərbaycanlılara qarşı soyqırımda, doğma yurd-yuvalarından qovulmasında, əmlaklarının talan edilməsində və s. kimi cinayətlərdə iştirak edən erməni silahlıları, hərbi cinayətkarlar cəzadan yayına bilməyəcəklər".