COP29 öncəsi sülh sazişi imzalana bilər -PROQNOZ

Paşinyanın kilsə və revanşist əngəlini aşdığını demək olar

Sərhədlərin delimitasiya və demarkasiya prosesinin davam etməsi də onu göstərir ki, danışıqlar müsbət məcraya daxil olmaqdadır


  Azərbaycanla sülh razılaşmasının imzalanması istiqamətində işlər davam etdirilir. Bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib. Onun sözlərinə görə, tərəflər arasında müəyyən fikir ayrılıqlarına baxmayaraq, rəsmi səviyyədə davam edəcək müzakirələr nəticəsində hökumət Azərbaycanla sülh müqaviləsinin yekun variantı ilə bağlı razılıq əldə olunacağına inanır. Kostanyan əlavə edib ki, Azərbaycan tərəfi ilə növbəti görüşün vaxtı hələ dəqiqləşməyib. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında sonuncu dəfə danışıqlar mayın 10-11-də Almatıda baş tutub. 
  Sabiq Prezident Serj Sarkisyan isə Ermənistan-Azərbaycan sərhədində münaqişəli vəziyyətin davam etməsini istəyir. Daniel İoannisyan deyib ki, Sarkisyan Ermənistanın Rusiyadan asılı vəziyyətdə qalmasında da maraqlıdır. Onun sözlərinə görə, Sarkisyan iqtidarın “yanlış addımlar”ından istifadə edərək hakimiyyəti ələ keçirmək istəyir. Bu arada “Hraparak” qəzeti də yazıb ki, müxalif siyasi qüvvələr arasında revanşist “Vətən naminə Tavuş” Hərəkatının rəhbəri Baqrat Qalstanyanın baş nazirliyə namizədliyi ilə bağlı razılaşma var. Nəşr bildirib ki, Baqratın özü namizəd və mümkün hakimiyyət dəyişikliyində müvəqqəti də olsa, baş nazir olmaq istəmir. “Fakt” saytı isə yazıb ki, Ermənistan hakimiyyəti Naxçıvanın Kərki kəndini də Azərbaycana qaytarmağa hazırlaşır. Sayt qeyd edib ki, Ermənistan Ədliyyə Nazirliyinin Kadastr Komitəsi bu kənddə yaşayan erməniləri “müvəqqəti qeydiyyata” götürüb: "Bu, faktiki olaraq həmin ərazilərin Azərbaycana təhvil verilməsinin əsaslandırılmasıdır". Qeyd edək ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan da bildirib ki, Ermənistanda özəyini dövlət, suverenlik və müstəqillik təşkil edən dövlət ideologiyası formalaşır: "Bu, Ermənistan vətəndaşları üçün tarixi nailiyyətdir. Kirantsda çəkilən yol sadəcə yol deyil, tarixi Ermənistandan real Ermənistana gedən yoldur. İki aya hazır olacaq". 
 
 Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistandakı keşiş Baqrat Qalstanyanın təşkil etdiyi aksiyalar Rusiyanın layihəsi idi. Professor vurğulayıb ki, Rusiyapərəst qüvvələr, Ermənistan parlamentindəki müxaliflər, Koçaryan-Sarkisyan tərəfdarları birləşsələr də, meydanlara yetərincə adam çıxara bilmədilər: 
"Revanşist müxalifətin istəkləri baş tutmadı. Keşişin İrəvanda başlatdığı etiraz aksiyaları tədricən zəifləməyə başladı. Bu da onu göstərir ki, ermənilər arasında "Qarabağ klanı"nın dəstəyi kifayət qədər deyil. Onların Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq niyyətləri puç oldu. Düzdür, keşiş Baqrat öz məqsədindən əl çəkmir. Ayın 29-da növbəti mitinq keçirəcəklərinin anonsunu veriblər. Həmin mitinqdə baş nazirliyə müxalifətin namizədinin adı da açıqlanacaq. Ermənistanda hakimiyyəti dəyişməyin yeganə yolu növbədənkənar parlament seçkisinin keçirilməsidir. Amma müxalifət impiçment üçün yetərli səsə malik deyil. Layihəni parlamentdə təqdim etmək üçün 36 səs, qəbul etdirmək üçün 54 səs lazımdır. Hazırda müxalifətin parlamentdə sahib olduğu kreslo sayı 35-dir. O baxımdan impiçment cəhdlərinin nəticəsiz olacağı şübhəsizdir. Paşinyan da bunları bilir və proseslərə çox aktiv şəkildə müdaxilə etmir. Baş nazir müxalifətin məğlub olacağından əmindir. Paşinyanın kilsə və revanşist əngəlini aşdığını demək olar". 

  Alim diqqətə çatdırıb ki, Ermənistanda gərginlik davam edəcək:
" Çünki siyasi qüvvələr arasında ciddi qarşıdurma var və bir-birinin fikirlərini həzm etmirlər. İstənilən halda Azərbaycan öz maraqları yönündə addımlamalı, istəklərinə nail olmağa çalışmalıdır. Bizə aid kəndlərin tamam boşaldılması həyata keçirilməlidir. Kirants kəndinə müəyyən problemlərin olduğu deyilir. İrəvan hökuməti yaxın günlərdə həmin problemi həll etməlidir. Sərhədlərin delimitasiya və demarkasiya prosesinin davam etməsi də onu göstərir ki, danışıqlar müsbət məcraya daxil olmaqdadır. Hətta istisna etmirəm ki, yaxın vaxtlarda dövlət başçısı İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında görüş baş tuta bilər. Ermənistanda belə fikir var ki, Paşinyan COP29 öncəsi sülh sazişini imzalaya bilər. Əslində, bunun üçün ciddi əngəl də yoxdur. Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi sülh sazişinin imzalanması üçün yetərlidir. Hər halda Paşinyan hökumətinin qərarlı olduğunu görürük".