Ukraynada yeni mexanikləşdirilmiş briqadalar yaradılır. Bu, Ukrayna rəhbərliyinin müharibənin tezliklə bitəcəyini gözləmədiyinə işarədir.
bu barədə “Forbes” yazıb. Məlumata görə, yeni mexanikləşdirilmiş briqadalar başqa ölkələrdə təlim keçəcək və orada yaşayan ukraynalılar bura cəlb olunacaq.
Mövzu ilə bağlı “Sherg.az”a danışan politoloq Sultan Zahidov bildirib ki, Ukrayna ordusu Kursk vilayəti istiqamətində müəyyən əraziləri ələ keçirib:
“Artıq Ukrayna rəhbərliyinin də dediyi kimi 3 km-ə yaxın Kursk istiqamətinə daxil olublar. Eyni zamanda Ukrayna 80-dən çox yaşayış məntəqəsini tutub. Sözügedən əməliyyatlarda Ukraynanın hərbi və siyasi olmaqla iki məqsədi var. Hərbi olaraq Kiyev rəhbərliyi çalışır ki, Rusiyanın bütün döyüş qüvvəsi və texnikasının Ukrayna cəbhəsindən Kurska yönləndirilməsinə vəsilə olsun. Beləliklə Ukrayna cəbhəsində Rusiyanın müəyyən boşluqlarından istifadə edərək hücüm həmlələri həyata keçirsinlər. Siyasi yöndə isə Ukrayna səy göstərir ki, mümkün danışıqlarda özünə əlavə üstünlüklər qazandırsın. Yəni daha sonra danışıqlar masasında ərazi və əsir baxımından mübadilə apara bilmək üçün əlini gücləndirir”.
Politoloq qeyd edib ki, Rusiya rəhbərliyi isə heç bir danışıqlardan söhbət gedə bilməz şəklində açıqlamalar verir:
“Çünki Ukrayna artıq Rusiya ərazilərinə daxil olub. Ümumiyyətlə, vəziyyət gərgin olaraq qalır və danışıqlar üçün hansısa qapı görsənmir. Ukrayna savaşı bundan sonra bir neçə il də davam edəcək. Ümumiyyətlə müharibə intensiv faza formatındadır. Amerika Birləşmiş Ştatlarına Donald Trump prezident seçildikdən sonra Ukrayna və Rusiya arasında müvəqqəti atəşkəs imzalana bilər. Təbii ki, bunun əsirlər və cəsədlərin dəyişdirilməsi şəklində şərtləri olacaq. Amma ərazi məsələləri ilə bağlı mövzunun atəşkəs razılaşmasında yer alacağına inanmıram. Donald Trump çalışacaq ki, Ukraynaya ayrılan yardımlar əvvəlki səviyyədə olmasın. Amma Trump buna görə Rusiyanı Ukraynaya hücum etməsini dayandırmağa vadar etməlidir. Əgər Rusiya Ukraynanı daha çox işğal edərsə, bu Amerikanın ciddi məğlubiyyəti olar. Donald Trump isə bunu çox gözəl anlayır. Əgər demokratlar qalib gələrsə, Ukraynaya dəstək daha çox olacaq və qarşılıqlı şəkildə müharibənin intensivliyinin artacağını görəcəyik".