Bu gün nazirlər sülh gündəliyi və sülh müqaviləsində bir neçə bəndin müzakirəsini aparacaqlar
Nyu-Yorkda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. Görüşün sentyabrın 26-da baş tutacağı bildirilib. Qeyd edək ki, C.Bayramov və A.Mirzoyan BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sammitində iştirak edirlər.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaların davam etməsində Vaşinqtonun obyektiv vasitəçiliyi mühüm rol oynayıb:
"Sabah nazirlər sülh gündəliyi və sülh müqaviləsində bir neçə bəndin müzakirəsini aparacaq. Görüşün məhz ABŞ-də planlaşdırılması təsadüfi deyil. ABŞ Rusiyanın "Zəngəzur dəhlizi" məsələsində fəallaşmasından narahatdır. Bu məsələ də tərəflər arasında danışıqlar predmeti ola bilər. Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli danışıqlar gedir. Vaşinqton görüşü təşkil etməklə, sadəcə prosesdə "var" olduğu, gedişatı izlədiyi mesajını verir".