Bütün müharibə cinayətləri öz hüquqi qiymətini almalıdır -ANALİZ

 “İtkin düşmüş şəxslər” adlı qətnamənin konsensusla qəbul edilməsi çox vacib və əhəmiyyətli məsələdir

“Ola bilər, hansısa itkinimiz hələ sağdır və Ermənistan ərazisində gizli ərazilərdə saxlanılır, yaxud ötən dövrdə başqa ölkələrə aparılıb. Dəqiqləşməsi mühüm olan məqamlar çoxdur”

BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilib. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən irəli sürülmüş qətnamə layihəsi üzrə bir ay ərzində üzv dövlətlərlə aparılmış intensiv danışıqlar nəticəsində layihənin mətni razılaşdırılıb. Qətnaməyə 56 ölkə həmmüəllif qismində qoşulub. Qətnamə mətninin Komitədə təqdimatı zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Nərmin Ahəngari çıxışında “İtkin düşmüş şəxslər” adlı qətnamənin ilk dəfə 2002-ci ildə BMT Baş Assambleyasının 57-ci sessiyasında Azərbaycanın təşəbbüsü ilə qəbul edildiyini və qətnamənin hər iki ildən bir irəli sürüldüyünü xatırladıb. Ahəngari qətnamənin əsas məqsədinin silahlı münaqişələrin humanitar faciələrindən biri olan itkin düşmə hallarının qabaqlanması və itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqları öhdəliklərinə hörmət və riayətin vacibliyinə diqqətin cəlb edilməsi olduğunu vurğulayıb. Diplomat mətndə əks olunmuş yeni bəndlər barədə üzv dövlətlərin nümayəndələrinə ətraflı məlumat verib. Ahəngari qeyd edib ki, bu ilki qətnamənin mətnində minaların mövcudluğunun itkin düşmüş şəxslərin qalıqlarının aşkarlanması üzrə əməliyyatlara yaratdığı maneələr də öz əksini tapıb. O qeyd edib ki, mətndə əlaqədar dövlətlərin insan qalıqlarının təhlükəsiz axtarışı üçün əməkdaşlıq etmək çağırışları öz əksini tapıb. Qətnamədə eyni zamanda BMT Baş katibindən Baş Assambleyanın 81-ci sessiyasına (2026-cı il) və BMT-nin İnsan Hüquqları Şurasının müvafiq sessiyasına onun icrasına dair müfəssəl hesabat təqdim edilməsi xahiş olunub.

Hüquq müdafiəçisi Xəzər Teyyublu "Sherg.az”a deyib ki, kövrək siyasi məqamda BMT Baş Assambleyasının 3-cü Komitəsində Azərbaycan tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı qətnamə konsensusla qəbul edilməsi çox vacib və əhəmiyyətli məsələdir. Ekspertin sözlərinə görə, əldə olunan nailiyyət bu istiqamətdə aparılan uğurlu işin nəticəsidir: 
"İtkin düşmüş şəxslərlə bağlı məsələ daha çox Birinci Qarabağ müharibəsi ilə əlaqədardır. 1988-ci ildən 1994-cü ilədək minlərlə azərbaycanlının itkin düşməsi bugünədək müzakirə mövzusu olmuş ciddi, önəmli məsələlərdən biridir. Şəxsən mənim bildiyim nə qədər adam var ki, hazırda şəhid statusu alsalar da, hələ də onların ailələrinin gözü yoldadır. Çünki onlar barəsində heç bir məlumat yoxdur. Nə nəşləri tapılıb, nə də məzarları var. Döyüş keçdikləri yerlər təxminən məlum olsa da, onların aqibəti, daha doğrusu harada basdırıldıqları məsələsi açıq qalıb. Düzdür, son dövrlərdə itkin sayılan yüzlərlə mülki və hərbi şəxslərin cəsədinin qalıqları aşkarlanıb və şəxsiyyətləri müəyyən edilərək dəfn olunublar. Ancaq söhbət minlərlə insandan gedir. Ona görə də bu istiqamətdə işlərin intensivləşməsi, prosesə beynəlxalq qurumların cəlb olunması çox zəruridir. Ola bilər, hansısa itkinimiz hələ sağdır və Ermənistan ərazisində gizli ərazilərdə saxlanılır, yaxud ötən dövrdə başqa ölkələrə aparılıb. Dəqiqləşməsi mühüm olan məqamlar çoxdur. Bu cür qətnamələrin də qəbulu önəmlidir. Əlbəttə ki, bütün müharibə cinayətləri öz hüquqi qiymətini almalıdır. Ermənistan hökumətinin də bu prosesdə yaxından iştirakı İrəvanın özü üçün faydalı olar".