Bəzi qurumlarda bu məsələ formal xarakter daşıyır və heç bir ictimai nəzarət yoxdur
"Dövlət qurumları yanında formalaşdırılmış İctimai şuralar ictimai nəzarəti həyata keçirməli və həmin qurumların fəaliyyətinin şəffaflığına töhfə verməlidirlər".
Bu sözləri "Sherg az"a açıqlamasında millət vəkili Azər Badamov deyib.
Deputat bildirib ki, bəzi qurumlarda bu məsələ formal xarakter daşıyır və heç bir ictimai nəzarəti həyata keçirmir:
"Prezident İlham Əliyev müxtəlif çıxışlarında ictimai nəzarətin vacibliyini dəfələrlə vurğulayıb. Düzgün təşkil olunmuş ictimai nəzarət vətəndaşların dövlət qurumlarının fəaliyyətindən məmnunluğunu artırmalıdır. Əgər dövlət qurumlarında formalaşdırılmış İctimai şuraların hamısı öz fəaliyyətlərini günün tələblərinə uyğun təşkil edərlərsə, bəzi narazılıqların dərhal aradan qalxmasına töhfə vermiş olarlar. Həm də müəyyən qüsurların ictimai nəzarət vasitəsilə üzə çıxarılması dövlət qurumlarının fəaliyyətinin daha səmərəli qurulmasına xidmət etmiş olar. Məhz ictimai nəzarət vasitəsilə vətəndaşlar dövlət qurumlarının fəaliyyətində iştirak etməli və inkişafına töhfə verməlidirlər".
Xatırladaq ki, ötən gün Azərbaycan Milli QHT Forumu İctimai şuraların formalaşdırılmasında pozuntulara və üzvlükdən sui-istifadə hallarına dair bəyanat yayıb. Forumdan bildirilib ki, Azərbaycan Milli QHT Forumu bir sıra dövlət qurumları, xüsusilə yerli icra hakimiyyəti orqanları yanında İctimai şuraların formalaşdırılmasında kobud pozuntu hallarını müşahidə edir: "Bəzi hallarda yerlərdə bir sıra qurumlar seçkili təsisat olan İctimai şuralara təyinat əsasında tərkib formalaşdırır, hətta buna dair daxili sərəncamlar imzalayır". Azərbaycan Milli QHT Forumu bu cür halların Azərbaycan Respublikasının “İctimai iştirakçılıq haqqında” qanununa zidd olduğunu bəyan edib: “Apardığımız təhlillər göstərir ki, hazırda mərkəzi icra hakimiyyəti qurumları üzrə mövcud İctimai şuraların təxminən 25 faizi eyni şəxslərdən ibarətdir". Milli QHT Forumu hesab edib ki, İctimai şuraların “İctimai iştirakçılıq haqqında” qanunun tələblərinə uyğun fəaliyyəti təmin olunmalı, İctimai şuralar yalnız ictimai maraqlara xidmət etməli, ictimai nəzarəti təmin etməli, bu şuraların tərkibinin formalaşmasında və fəaliyyətində sui-istifadə halları aradan qaldırılmalıdır.