Hasan Oktay: Suriyanın ərazi bütövlüyünün təminatı Türkiyədir

Rusiya qoşunlarının Suriyadan təhlükəsiz çıxarılması üçün Türkiyədən dəstək istəyib. Bu barədə “Clash Reрort” mənbələrə istinadla məlumat yayıb. 
Qeyd edək ki, Əsəd rejimini devirən “Heyət Təhrir əş-Şam” Rusiyanın Suriyadakı bazalarının təhlükəsizliyinə təminat verib. Bəşər Əsədin isə ailəsi ilə birgə Moskvaya sığındığı rəsmən təsdiqlənib.

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay “Sherg.az”a söyləyib ki, 13 ildir Əsəd hökumətinə qarşı mübarizə aparan qruplar nəhayət onu devirməyə müvəffəq olub:

“Burada İran və Rusiyanın Əsədə verdiyi dəstəyin onu ayaqda tutmağa kifayət etmədiyi və Əsədin Moskva və Tehran tərəfindən satıldığı fikrini ön plana çıxır. Ümumiyyətlə 7 oktyabr 2023-cü ildə İran və Rusiya İsrail-ABŞ ittifaqına qarşı Həmas ilə birlikdə hücum edərək əslində bu günlərin təməlini atmış oldu. 1991-ci ildə Sovetlərin dağılmasına bənzər mənzərə ilə qarşılaşdıq və Əsədin heykəllərinin sökülməsi Rusiya tərəfindən nəzərdə tutulmadığından rəsmi Moskva hələ də təəccübündən qurtulmayıb. Dünya Əsəd məsələsi ilə bağlı narahatlığını ifadə edərkən, Rusiya deyir ki, yeni çox dinli, məzhəbli, konfessiyalı sistem qurulmalıdır. Lakin İran və Rusiya  Əsəd hakimiyyəti dövründə indi dediklərini etsəydilər belə hadisə yaşanmayacaqdı”. 

Ekspert qeyd edib ki, Türkiyə Suriya ilə ən uzun sərhədə malik olduğu üçün Suriyada baş verən terror aktlarının Türkiyəyə də təsir etməməsi üçün Fərat çayının şərqində 30 km-lik bir xətt yaradılıb:
“Muxtar bölgə və ya müstəqil dövlət fenomeni Türkiyə tərəfindən qəti şəkildə qəbul edilməyəcəyi üçün Suriyanın ərazi bütövlüyünün təminatı Türkiyədir. Türkiyənin əlaqələri olan Suriya milli ordusu hazırda Mənbicdə PKK-ya qarşı əməliyyat aparır. Bu əməliyyatın Türkiyənin rəhbərliyi altında həyata keçirildiyi iddialar doğru hesab oluna bilər. Çünki Türkiyə yanvarın 20-də Tramp hakimiyyətə gələnə qədər Suriyanın şərqindəki bu və buna bənzər terror bölgələrini məhv edəcək. Ona görə də həm HT, həm də Suriya milli ordusu Türkiyədən dəstək almalıdır. Türkiyə Suriyanın ərazi bütövlüyü və demokratik humanitar konstitusiya quruluşu ilə bağlı regionun ən təcrübəli ölkələrindən biridir. Suriyada yeni dövrdə Türkiyənin təcili müdaxilə etməsi lazımdır ki, münaqişələr dayandırılsın, gündəlik həyat normallaşsın və dövlət mexanizmi düzgün işləyə bilsin. Həmçinin 5 milyona yaxın suriyalı mühacirin sağlam şəkildə vətənlərinə qayıtmasını təmin etmək  də Türkiyənin prioritetləri sırasındadır”.