3 mindən çox itkinimiz hərbçi yox, mülki insanlardır

Ermənistan tərəfi onların taleyinə aydınlıq gətirməyə borcludur


   Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyindən danışıb. Baş nazir iddia edib ki, son bir il ərzində Qarabağ müharibəsində itkin düşmüş 108 nəfərin qalıqları Azərbaycana təhvil verilib. Paşinyan yaxın günlərdə daha 2 meyitin qalığının verilməsinə hazırlıq getdiyini söyləyib. Azərbaycan Xarici İşlər Nazirliyi Paşinyanın azərbaycanlı itkinlərin qalıqlarının verilməsi ilə bağlı açıqlamasına münasibət bildirib. XİN-in mətbuat katibi Leyla Abdullayeva bildirib ki, 30 ildən sonra itkin düşmüş minlərlə azərbaycanlıdan cəmi 108 nəfərin qalıqlarının verilməsinin səbəbləri sırasında dəlillərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi yer alır. Nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycan 44 günlük müharibədən dərhal sonra heç bir qarşılıq gözləmədən 1700-dən çox erməni hərbçisinin cəsədini humanizm prinsiplərindən çıxış edərək qarşı tərəfə təhvil verib:

“Maraqlıdır ki, hələ birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə hər hansı məlumatı təqdim etmək üçün Ermənistanın 30 il gözləməyinin səbəbi nə olub? Azərbaycan tərəfi itkin düşmüş şəxslərlə bağlı məsələni prioritet olaraq gündəlikdə saxlayır. Hələ də taleyi barədə məlumat olmayan 3700 dən çox azərbaycanlı var. Ermənistan tərəfinin növbəti 30 il susqunluğuna icazə verməyəcəyik”. 

   İrəvanın itkinlərimizlə bağlı mövqeyini “Şərq”ə dəyərləndirən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, əgər Paşinyan Kəlbəcərdəki Ballıqayada, yaxud Hadrutdakı kütləvi məzarlıqlardan çıxan cəsədlərdən danışırsa, bunu Azərbaycan əsgərləri axtarış nəticəsində üzə çıxarıb. Professorun sözlərinə görə, erməni tərəfi rəsmi Bakıya kütləvi məzarlıqlarla bağlı heç bir məlumat verməyib:

 “Azərbaycan Ermənistana təhvil verdiyi erməni hərbçilərinin cəsəd qalıqları ilə bağlı mütəmadi informasiya yayır. Cəsəd qalıqları Ermənistana erməni hərbçilər tərəfindən daşınır. Əfsuslar olsun ki, Rusiya sülhməramlılarının nəzarətində olan bölgədə axtarış həyata keçirməyə imkan yaradılmır. Əminəm ki, həmin ərazilərdə də kütləvi məzarlıqlar çıxacaq. 4000 nəfərə yaxın itkin düşmüş vətəndaşlarla bağlı müvafiq qurumlarda bütün rəsmi məlumatlar var. Hətta onların ailə üzvlərindən DNT analizləri götürülüb ki, gələcəkdə itkinlərin kimliyini müəyyənləşdirmək mümkün olsun. 3000-dən çox itkinimiz isə hərbçi yox, mülki, silahsız insanlar olublar. Cenevrə Konvensiyasına görə, yaşlı, qadın, uşaq demədən bu qədər insanın qətli soyqırım adlanır”. 

C.Nuriyev diqqətə çatdırıb ki, əlimizdə kifayət qədər fakt, dəlil-sübut olduğu üçün dövlət başçısı İlham Əliyev Ermənistan rəhbərliyi qarşısında konkret məsələ qaldırıb:

 “Məsələ birbaşa Paşinyanın öhdəsində olsaydı, böyük ehtimal yubatmadan həll edərdi. Baş nazirə daxildə və xaricdə çoxsaylı təzyiqlər var. Rusiya, İran, erməni kilsəsi və diasporası, daxildəki revanşist qüvvələr Paşinyana qarşı birləşib. Meydanda tək qalan baş nazir ara-sıra absurd açıqlamalar verməyə məcbur qalır. Ümumən, Paşinyanın seçdiyi yol düzgündür. Mart ayında Türkiyəyə səfər edəcək və Prezident R.T.Ərdoğanla görüşəcək. Şübhə etmirəm ki, cənab Ərdoğanla Paşinyan arasında təmas olarsa və müəyyən müzakirələr aparılarsa, ilk onluqda itkin vətəndaşlarımız da yer alacaq. Siyasətin mühüm elementlərindən biri də səbr etmək, tələsməməkdir. Gec-tez İrəvan hökuməti rəsmi Bakının tələblərini yerinə yetirəcək”.