Agentura şəbəkəsi ifşa edildi:“Ölkəmizi zəhərləyənlərin sayı...”

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən növbəti xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri ifşa edilərək saxlanılıblar.
Tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Aydın Şirinov və həmyerlisi Novruz Nəcəfov Beyləqan rayonu ərazisində tutulublar. Bu şəxslərdən ümumilikdə 12 kiloqram marixuana və müxtəlif xassəli digər narkotik vasitələr aşkar edilib. 
İlkin sorğu zamanı Aydin Şirinov və Novruz Nəcəfov narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan “Vəli” adlı şəxsin vasitəsilə Beyləqan rayonu ərazisində gizlədilən ünvandan müxtəlif yerlərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Məsələ ilə bağlı "Sherg.az" a danışan AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli bildirib ki, belə əməliyyatların keçirilməsi vacibdir. Onun sözlərinə görə, bu addımlar faktlara əsasən atılmalıdır:
“Bu yaxınlarda oxşar bir əməliyyat keçirilmişdi. Lakin sonra “video” görüntülərlə sübuta yetirildi ki, həmin insanın heç bir günahı yoxdur. Ona görə də sonradan bu kimi xaosların yaranmamısı üçün daha diqqətli olmaq lazımdır. Belə hallarda ümumiyyətlə sübutlarla hərəkət etmək vacibdir. İnsanların inamı və güvəni  elə məhz faktlaradır. 
Ortada sübut olduqda bu əməliyyatların düzgün olduğuna və həyata keçirilməsinə qarşı olan insanın inamı daha çox artır. Çünki günümüzdə narkotiklə bağlı olan bütün xəbər və məlumatlar cəmiyyətin diqqət mərkəzində olur. 
Əsasən də valideynlər bu məsələnin izləyiciləridir. Narkotikin tamamilə ölkəmizdən təmizlənməsini istəyirlər. Bu baxımdan atılan addımların düzgün və sübutlarla olmasını düşünürəm. Belə olduqda  bir agentura şəbəkəsinin həbs olunduğuna və zərərsizləşdirildiyinə olan inamlar  yüksələcək”. 
Ə.Məmmədli sonda onu da qeyd edib ki, bu əməliyyatların həyata keçirilməsinin tərəftarıdır:“Çünki ölkəmizi zəhərləməklə məşğul olanların sayı azalır”.
Şərqiyyə Nəbi