"Ağır texnikanı dayandırın!" - Bayırşəhərlə bağlı narahatçılıq artır (REPORTAJ)

  • Memar da söküntülərə etiraz edir, tarixi irs təhlükə altındadır
  • "Sökülən binaların əksəriyyətini xilas etmək mümkündür"

 Son illərin ən aktual problemlərindən “Bayırşəhər”, hələ də öz həllini tapmayan məsələlərdən biri kimi qalır.  Bayırşəhər Bakının tarixi hissələrindən biridir və İçərişəhərin qala divarlarından kənarda formalaşmış yaşayış məhəllərini əhatə edir.

 Bakının 2040-cı ilə qədər yekunlaşdırılması nəzərdə tutulan Baş Planında Bayırşəhər, “xüsusi mühafizə zonası” kimi qeyd olunub.

 Lakin, sakinlər bu plana zidd olaraq yaşayış binalarının və tarixi əhəmiyyətli memarlıq abidələrinin söküldüyünü iddia edirlər.

Məsələ ilə bağlı Sherg.az-a açıqlama verən Bayırşəhər sakini Zahidə Əzizova bildirib ki, ərazidə vəziyyət çox gərgindir.

 

“Bayırşəhərdə vəziyyət çox acınacaqlıdır, hətta insan yaşaya bilməz səviyyədə dəhşətlidir. Biz evlərimizdə yaşaya-yaşaya həftələrlə qazıntılar olunur, kommunal xəttlər kəsilir, internet yoxdur. Birinci mərtəbədə yaşayan insanların ikinci mərtəbələrini söküblər. Yağış yağanda ev əşyaları suyun içində qalır. Elə evlər də var ki, birinci mərtəbəni zibilxana ediblər. Aşağıdakı qoxudan yaşamaq olmur. Bayırşəhərdə özbaşnalıq hökm sürür. Eyni zamanda, Bayırşəhərdə 4 tarixi abidə zədələnib, onun 3-ü buldozerlə vurulub. İlk olaraq insanlardan evləri alıb, sonra tarixi abidələri məhv edirlər. Bu, onların köhnə taktikasıdır. Bu praktikanı "Basin"də, "Sovetski"də də görmüşük. İndi də Bayırşəhərdə tətbiq edirlər. Bayırşəhərdə söküntü aparılması üçün Nazirlər Kabinetinin qərarı yoxdur. Bakının Baş Planında da söküntü nəzərdə tutulmayıb. Maliyyə Nazirliyi ərazidə bərpa işlərinə maliyyə ayırıb. Ancaq, qəzalı adı ilə 800-ə yaxın binanın sökülməsi planlaşdırılıb. Bu evlərin heç birinin qəzalı olması haqda elmi rəy yoxdur. Əksinə, Elmlər Akademiyasının bizdə olan rəyi var ki, Bayırşəhər bütünlükdə qorunub-saxlanılmalıdır. Bura daşnaklar və bolşeviklərlə vuraşan və çox sayda şəhid verən ərazidir. Evləri sökürlər, evlərini vermək istəməyənlərin də kommunal xəttlərini kəsirlər. Deyirlər, yaşa! İflic vəziyyətə gətiriblər yaşayışı. Ərazidə bu hadisələrin şokundan insult, infarkt olan, hətta dünyasını dəyişən çox sayda insan var. Tələblərimiz, Azərbaycan Konstitusiyasına hörmət və dövlətin qanunlarının Bayırşəhərdə tətbiq olunmasıdır. Mədəni irs ərazinin harmoniyası deməkdir. Biz istəyirik ki, insanların mülkiyyət və təhlükəsiz yaşamaq hüququ qorunsun. Qanunsuz şəkildə insanların alqı-satqı etmədiyi evlərini dağıdanlar, cinayət məsuliyyətinə cəlb olunsun.”

Memar Abdul Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, Bayırşəhər Bakının canlı yaddaşıdır:

“Bakının tarixi simasını formalaşdıran Bayırşəhər bu gün paytaxtın ən çox müzakirə olunan məkanlarından birinə çevrilib. Bir tərəfdə şəhərin yenilənməsi və müasir infrastrukturun qurulması məqsədilə həyata keçirilən genişmiqyaslı söküntü işləri, digər tərəfdə isə memarlıq irsinin qorunmasını tələb edən memarlar, şəhərşünaslar, fəallar və sakinlər dayanır. Məhz bu ziddiyyət Bayırşəhəri təkcə şəhərsalma deyil, həm də mədəni irsin taleyi ilə bağlı mühüm müzakirə mövzusuna çevirib. Söküntü işləri əsasən XX əsrin əvvəllərində formalaşmış yaşayış məhəllələrini əhatə edir. Bu binaların əksəriyyəti rəsmi şəkildə dövlət tərəfindən qorunan memarlıq abidələri siyahısına daxil edilməsə də, Bakı memarlığının inkişaf mərhələsini əks etdirən, Avropa memarlıq üslubunun izlərini yaşadan qiymətli nümunələrdir.”

Memar hesab edir ki, tikililərin məhv edilməsi şəhərin tarixi yaddaşına ciddi zərbə vurur:

“Söküntü son çıxış yolu olmamalıdır. Binaların bərpası, konservasiyası və yeni funksiyalar qazandırılaraq istifadəyə verilməsi variantı nəzərdən keçirilə bilər. Bu yanaşma həm tarixi irsin qorunmasına, həm də ərazinin turizm və mədəniyyət baxımından inkişafına töhfə verə bilər.

Rəsmi mövqe ilə bağlı yaranmış mübahisələr də diqqət mərkəzindədir. Belə ki, 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan olunması, tarixi şəhər mühitinin qorunmasına dair verilən bəyanatlar fonunda Bayırşəhərdə aparılan söküntü işləri müxtəlif suallar doğurur. Rəsmi qurumlar görülən işləri şəhər infrastrukturunun yenilənməsi, təhlükəli vəziyyətdə olan tikililərin aradan qaldırılması və yeni ictimai məkanların yaradılması ilə əsaslandırırlar. Hakimiyyət nümayəndələri sökülən binaların əksəriyyətini qəzalı və yaşayış üçün yararsız hesab etsələr də, mən bununla razılaşmıram. Daş konstruksiyalı bu tikililərin əksəriyyəti bərpa oluna biləcək vəziyyətdədir və beynəlxalq təcrübədə olduğu kimi, konservasiya yolu ilə qorunması daha məqsədəuyğun olardı.

Bayırşəhər Bakının canlı yaddaşıdır. XIX–XX əsrlərə aid məhəllələrin müasir tikililər və ya standart parklarla əvəzlənməsi paytaxtın tarixi simasını zəiflədə, şəhərin özünəməxsus memarlıq kimliyinə və turizm potensialına mənfi təsir göstərə bilər. Məhz bu səbəbdən Bayırşəhərdə ağır tikinti texnikasının istifadəsi dayandırılmalı, hər bir tikili müstəqil ekspertiza tərəfindən qiymətləndirilməli və ərazi tarixi görkəmi qorunmaqla bərpa edilərək piyada mədəniyyət və turizm zonasına çevrilməlidir.”

Sonda qeyd edək ki, sakinlər söküntü işləri ilə bağlı dövlət başçısına və birinci vitse-prezidentə müraciət ünvanlayıblar. Sakinlər problemlərin həllini gözləyirlər.

Paşa Nuru