Akardan Ermənistana MESAJ:“Revanş niyyəti iflasa aparır”
"Bizim ümidimiz və tələbimiz Ermənistanın atəşkəsə əməl etməsi, hansısa bir yalnışlıq etməməsi və regionda atəşkəsin qalıcı olması, stabilliyin təmin edilməsidir".
Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə deyib.
Türkiyəli nazirin söylədiklərini “Sherg.az”a dəyərləndirən BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli vurğulayıb ki, Ermənistan siyasi rəhbərliyi çətin durumdadır və özünü dalana salıb:
“Bir tərəfdən Avropa İttifaqı (Aİ) Ermənistana külli-miqdarda yardım göstərir, digər tərəfdən ABŞ erməni gənclərinə yeni şəraitə uyğunlaşmaq üçün 50 milyon dollar yardım ayırır. Bütün bunlar onu göstərir ki, Aİ və Qərb ölkələri Paşinyanı qərbəyönümlü siyasət yürütməyə sövq etmək istəyirlər. Rusiya isə açıq şəkildə bəyan edib ki, Ermənistan ordusunu modernləşdirəcək. Bu mənada rəsmi İrəvanın durumu çox ağırdır və hansı tərəfə meyl edəcəyi onun üçün çətindir. Ermənilər müharibədə məğlub olduğu üçün cəmiyyətdə revanşist qüvvələr çox güclüdür, ona görə də gərginlik davam edir. Bu gərginlik də Ermənistan hakimiyyət başçısının davranışında özünü göstərir”.
S.Məmmədlinin sözlərinə görə, qardaş Türkiyə ondan narahatdır ki, Rusiya Ermənistandakı revanşist qüvvələri təhrik edir və ziddiyəti artırmağa çalışır:
“Hazırda Azərbaycanla-Ermənistan arasında psixoloji, informasiya və diplomatik müharibə davam edir. Çox yaxşı haldır ki, Azərbaycan rəhbərliyi kifayət qədər ciddi addımlar atıb. Dövlətimiz xarici qüvvələrin, o cümlədən İran və Rusiyanın müdaxiləsini neytrallaşdırmağa çalışır.
İranla əlaqədar olaraq düzgün addım atdıq, Gorus-Qafan yolunda gömrük postu yaradıldı və İrandan gələn TIR-lar yoxlanılır. Azərbaycanın uğurlu diplomatik addımlarından digəri isə Rusiyaya kəskin müraciət edilməsi idi.
Qarabağda müvəqqəti yerləşdirilən sülhməramlılar gərginliyi kifayət qədər artırırlar. Hulusi Akarın da bu səpkidəki çıxışı tam yerinə düşür.
Yəni Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə, ölkədaxilində stabillik yaranar, iqtisadi inkişaf baş verər. Məlumdur ki, Ermənistanın İran və Rusiyaya çıxış yolu gərginləşib.
Bu mənada Türkiyəyə doğru istiqamətlənmə üçün rəsmi İrəvana müəyyən mesajlar var.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da çıxışında Ermənistana düzgün istiqamət götürməyi söyləmişdi. Paşinyan buna cavab olaraq bir neçə dəfə Türkiyə ilə bağlı müsbət replikalar səsləndirmişdi. H.Akar dedikləri ilə Ermənistanda revanşist qüvvələrə xatırladır ki, üçtərəfli bəyanatın maddələrinə əməl etmək lazımdır və yeni hərbi toqquşmalar haqqında düşünmək olmaz. Çünki bu, Ermənistanın tam iflasına gətirib çıxara bilər”.
Yegane Bayramova