Analitik: Əbu-Dabi görüşü Cənubi Qafqazda sülhün qapılarını açır 

Rusiya Cənubi Qafqazdakı təsirini itirir
“Azərbaycan, Ermənistan və Türkiyə yeni əməkdaşlıq mərhələsinə qədəm qoyur”
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi, Cənubi Qafqazda tarixi əhəmiyyətə malik görüşə ev sahibliyi edib. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında  5 saata yaxın davam edən birbaşa görüşün uğurlu keçməsi regionda sülh və sabitliyin bərqərar olunması baxımından mühüm mərhələ hesab olunur.
Bu görüş tərəflərin mövqelərini yaxınlaşdırması kontekstində də mühüm siyasi hadisədir. Həm formatına, həm də nəticələrinə görə regionda və beynəlxalq səviyyədə geniş marağa səbəb olub. Dünya birliyi tərəfindən də Azərbaycan-Ermənistan sülh prosesində mühüm mərhələ kimi qiymətləndirilir, tam ikitərəfli formatda  aparılan müzakirələr tarixi dönüş nöqtəsi hesab edilir. 
Artıq Bakı ilə İrəvan vasitəçilər olmadan da bu və ya digər razılaşmalara nail ola bilirlər və tərəflər arasında normal etimad mühiti formalaşıb.
Təsadüfi deyil ki, Azərbaycan XİN-in yaydığı məlumatda da vurğulanır ki, bu gün normallaşma prosesinin ən səmərəli yolu məhz bu cür ikitərəfli, nəticəyönümlü dialoqlardır və tərəflər belə formatın davam etdirilməsində razılığa gəliblər. Bəli, bu xətti davam etdirmək ən doğru seçimdir. Siyasi ekspertlər də hesab edir ki, vasitəçisiz danışıqlar Ermənistan-Azərbaycan sülh prosesi üçün ən səmərəli formatdır. Xüsusən də Rusiya kimi təxribatçı, destruktiv vasitəçilərin olmadığı danışıqlardan daha çox müsbət nəticələr əldə etmək mümkündür. Əbu-Dabidə əldə edilən ilkin nəticələr də onu göstərir ki, Rusiyanın olmadığı hər işdə və hər yerdə doğrudan da həm qarşılıqlı anlayış var, həm də tərəqqi üçün şans var.
Siyasi şərhçi Elçin Xalidbəyli Sherg.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən son görüş, təkcə iki ölkə arasında davam edən sülh prosesi baxımından deyil, ümumilikdə Cənubi Qafqaz regionunun gələcəyi üçün olduqca mühüm əhəmiyyət daşıyır. Onun fikrincə, Əbu-Dabi platformasında baş tutan bu görüş, tərəflər arasında mövqelərin nəzərəçarpacaq dərəcədə yaxınlaşdığını və regionda uzunmüddətli sabitliyin bərqərar olunması yolunda real irəliləyiş əldə olunduğunu göstərdi:
 “Görüşdə əldə edilən müsbət nəticələr bir daha sübut edir ki, Bakı və İrəvan arasında konstruktiv dialoq mühiti formalaşıb və bu dialoq regional sabitliyin təməl sütununa çevrilə bilər. Xüsusilə, qarşılıqlı etimadın artması və kompromis imkanlarının genişlənməsi, yaxın perspektivdə yekun sülh sazişinin imzalanması ehtimalını gücləndirir. Lakin qeyd etmək lazımdır ki, hələ də yekun sülh sazişinin imzalanmasına maneə olan bir sıra mühüm məsələlər mövcuddur. Bunların başında Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların aradan qaldırılması dayanır. Bu, Ermənistanın sülh niyyətinin və real müstəqillik yolunda atdığı addımların səmimiyyət göstəricisi olacaq. Eyni zamanda, ATƏT-in faktiki olaraq fəaliyyətsiz qalan Minsk qrupunun rəsmi şəkildə ləğv olunması ilə bağlı ortaq mövqeyin formalaşdırılması da prosesin irəliləməsi üçün vacib amildir.
Əbu-Dabi görüşü bu çətin və mürəkkəb prosesin dinamikasına yeni impuls verdi. Görünən odur ki, Ermənistan rəhbərliyi artıq regionda sülhün alternativsiz olduğunu və geosiyasi manipulyasiyalarla prosesi uzatmanın mümkün olmadığını anlayır. Bu da Ermənistanın daha praqmatik və reallıqlara əsaslanan siyasətə üstünlük verməyə başladığını göstərir”.
E.Xalidbəylinin sözlərinə görə, baş verən proseslər fonunda Rusiyanın bölgədəki ənənəvi təsir alətlərindən istifadə etmək cəhdləri də artıq səmərəsizləşmək üzrədir:
  “Moskva uzun illər Cənubi Qafqazda “arbitrajçı” rolunda çıxış etsə də, indi bu statusunu itirmək üzrədir. Xüsusilə Zəngəzur dəhlizi ilə bağlı Rusiya planlarının pozulması və bu marşrutun region dövlətləri – Azərbaycan, Ermənistan və Türkiyə arasında birbaşa əməkdaşlıq çərçivəsində reallaşdırılması ehtimalı artmaqdadır. Bu, Rusiyanın bölgədəki strateji imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
Əgər bu proses uğurla başa çatarsa, Cənubi Qafqazın gələcəyi Rusiyasız, daha müstəqil və sabit bir mühitdə formalaşa bilər. Bu isə yalnız regional sülhü deyil, həm də iqtisadi inteqrasiyanı stimullaşdıracaq. Tarixi mərhələyə qədəm qoyan Cənubi Qafqazda bundan sonra diqqət daha çox geoiqtisadi layihələrə yönələcək. Bu layihələr vasitəsilə region ölkələri qarşılıqlı faydalı əməkdaşlığı gücləndirə, ticarət və tranzit imkanlarını genişləndirə bilərlər. Zənnimcə, Əbu-Dabi görüşü Cənubi Qafqazda yeni bir dövrün başlanğıcını ifadə edir. Bu mərhələdə əsas hədəf davamlı sülhün təmin olunması və bölgənin geosiyasi rəqabət meydanından, iqtisadi tərəfdaşlıqlar platformasına çevrilməsidir. Əgər bu proses ardıcıl və qarşılıqlı siyasi iradə ilə davam etdirilərsə, Cənubi Qafqaz 21-ci əsrin ən sabit və inkişaf potensialı yüksək regionlarından birinə çevrilə bilər”.