Analitik: “İranla ABŞ arasında razılaşmanın baş tutmaması müharibəni yaxınlaşdırır”

Yaxın Şərqdə hərbi və siyasi gərginlik yenidən kritik həddə çatıb. Regionun müxtəlif nöqtələrində qarşıdurma riskinin artdığı, İranın müttəfiqi olan silahlı qrupların isə hədəfə çevrildiyi barədə iddialar fonunda mümkün yeni müharibə ssenariləri müzakirə olunur.

Mövzu ilə bağlı Sherg.az-a danışan siyasi şərhçi Tural İrfan bölgədə baş verən son prosesləri şərh edib:

"Yaxın Şərqdə gərginlik sürətlə artır və region yeni hərbi qarşıdurma mərhələsinə yaxınlaşır. İran Husilərinə qarşı Səudiyyə Ərəbistanı qüvvələri ilə Yəmən hökuməti savaşa hazırlaşır. Eyni zamanda, Suriya İraqa xəbərdarlıq edib. İranın Körfəz ölkələrinə raket və dron hücumları da intensivləşir və bu amillər bölgədə təhlükəsizlik vəziyyətini daha da ağırlaşdırır. HƏMAS-ın silahı yerə qoyması ilə bağlı razılıq əldə olunduğu barədə məlumatlar yayılır. İranın İraqdakı Həşd Şabi, Livandakı Hizbullah və Yəməndəki Ənsarullah təşkilatları hazırda əsas hədəflər sırasındadır.İsrail və ABŞ ilk mərhələdə İranın proksi qüvvələrini zəiflətməyə, mümkün olarsa tamamilə sıradan çıxarmağa çalışır. Bunun ardınca İrana qarşı əsas və həlledici müdaxilə planı gündəmə gətirilə bilər. İranla ABŞ arasında mümkün razılaşmanın baş tutmaması müharibə ehtimalını addım-addım artırır. İsrail və ABŞ mediasında yayılan məlumatlara əsasən, Vaşinqtonun İrana qarşı yeni hərbi əməliyyata başlaması ehtimalının əvvəlki dövrlərlə müqayisədə daha da yüksəldiyi bildirilir".