Atalıq məzuniyyəti ilə bağlı qanun hazırlanır



Həkimlərin əməkhaqları məsələsinə də baxılacaq

"Bir sıra ürək-damar xəstəlikləri xidmətlər zərfinə daxil ediləcək"

  “Azərbaycanın 2023-cü il və sonrakı 3 il üçün büdcə layihələri Azərbaycanın 2030-cu ilədək olan sosial-iqtisadi inkişaf strategiyasının müəyyən etdiyi tələbləri özündə əks etdirir”. Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında Maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, 2023-cü il və sonrakı 3 il üçün büdcəsində ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi, Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işləri, azad olunmuş ərazilərə Böyük qayıdışın təmin olunması kimi strateji hədəflər nəzərə alınıb: “Eyni zamanda, Rusiya-Ukrayna müharibəsi, bir sıra ölkələrdə milli valyutaların ucuzlaşması, dünya bazarındakı volatillik də nəzərdən keçirilib. 2023-cü il və sonrakı 3 il üzrə dövlət büdcəsi iqtisadi artımı dəstəkləyən, həssas əhali qrupunun sosial müdafiəsi tədbirlərinin maliyyələşdirilməsinə yönəldilib. Prezidentimiz ölkəmizin ordu quruculuğunun daim müasirləşdirilməsini, müdafiə qabiliyyətinin yüksəldilməsini prioritet kimi qarşımıza qoyub”.


  Samir Şərifov deyib ki, atalıq məzuniyyəti ilə bağlı müavfiq qanun layihəsi hazırlanır: "Bu qanun layihəsinin maliyyə təminatını biz qiymətləndirməliyik. Bunun əsasında məsələyə baxıla bilər”. Nazir dövlət və özəl xəstəxanalarda həkimlərin maaşlarına fərqli vergi tətbiqinə də aydınlıq gətirib: "Tibb Universitetində, dövlət və özəl səhiyyə müəssisələrində gəlir vergisində fərqlər müəyyən qərarla tətbiq edilir. Bununla bağlı 2026-cı ilə qədər Vergi Məcəlləsinə dəyişiklik edilib”. Nazir bildirib ki, neft və dövlət müəssisələrində çalışanların maaşları ənənəvi qaydada gəlir vergisinə cəlb edilir: “Ona görə belə fərq yaranıb. Amma dövlət tibb müəssisələrinin həkimlərinin özəl tibb müəssisələrinə üstünlük verməsi təkcə bununla bağlı deyil. Qəbul edilmiş qərarla 2026-cı ilə qədər özəl və qeyri-neft sektoru işçilərinə güzəşt tətbiq edilib. Bunun məqsədi bizim şəffaflığa getməyimizlə bağlıdır. Özəl tibb müəssisələrində çalışanların gəlirlərini şəffaf şəkildə bəyan etməsi üçün biz buna getmişik. Burada digər tərəfdən, icbari tibbi sığorta sahəsində dövlət sektoruna aid xəstəxanalarda kifayət qədər yüksək maaşlar verilir. İcbari tibbi sığorta sahəsinin tətbiqi ilə əlaqədar bu xəstəxanalarda çalışan həkimlərin əməkhaqqında təxminən 3 dəfə qədər artım baş verib. Tibb Universitetinin korpuslarının maliyyələşdirilməsinin dayandırılması məsələsi qaldırıldı. Tibb Universitetinin Tədris Cərrahiyyə və digər korpusu tikiləndən sonra onlar tədricən özlərini maliyyələşdirəcəkdilər. Onlar da icbari tibbi sığortaya daxil olmaqla orada çalışan həkimlərin də maaşları artmış olub. Onlara müraciət edən xəstələrin tibbi xərclərini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən ala bilərlər”.

"Bizim üçün çağırış Böyük Qayıdışın təmin edilməsidir"

  Samir Şərifov bildirib ki, əsas çağırış Böyük Qayıdışın təmin edilməsidir. O deyib ki, bütün digər sahələrə əvvəlki qaydada vəsait ayırmaqla Böyük Qayıdışın tam və sürətli təmin edilməsində çətinliklə üzləşə bilərik: “Ona görə hesab edirəm ki, biz vəsaiti ilk olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsinə, orada məşğulluğun təmin edilməsinə yönəltməliyik. Qarabağın yenidən qurulması prosesi bizim bilavasitə müdafiə qabiliyyətimizin artırılması ilə bağlıdır ki, biz büdcədə müdafiə xərclərini artırırıq. Digər sahələrə də bizim büdcəmiz imkan verdiyi səviyyələrdə vəsait ayrılacaq”.

"Elmi tədqiqatların maliyyələşdirilməsi üçün mexanizm yoxdur"

  Maliyyə naziri əlavə edib ki, milli inkişaf prioritetlərindən biri təhsildir, bunun üçün dövlət büdcəsindən vəsait ayırırıq: "Son illərdə bu sahəyə ayrılan vəsaitlər 2 dəfəyə qədər artıb. Vəsaitin böyük hissəsi əməkhaqlarının artırılması ilə bağlıdır. Elm və Təhsil Nazirliyinin qarşısında artıq elmin inkişafı məsələsi də qoyulub. Bunun üçün dövlət büdcəsindən vəsait nəzərdə tutulub. Elmi tədqiqatların maliyyələşdirilməsi üçün xüsusi mexanizm ortaya qoyulmalıdır. Burada müvafiq sifariş ortaya qoyulmalıdır. Bu mexanizm üzrə hələ ki, ortada sənəd yoxdur. Bu təqdim olarsa, həmin tədqiqatların maliyyələşdirilməsi ola bilər”.


  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib ki, orqan transplantasiyası ilə bağlı əməliyyatların limiti artırılacaq. Ürək damar xəstəlikləri ilə bağlı bir çox xəstəliklər də xidmətlər zərfinə daxil ediləcək. O bildirib ki, bu xidmətlər artıq aidiyyəti qurumlarla razılaşdırılıb və yaxın zamanda bunun öz təsdiqini tapmasını gözləyirlər: "Ürək-damar genişlənməsi əməliyyatları da daxil ediləcək. Hazırda yenilənmiş xidmətlər zərfinin təsdiqlənməsini gözləyirik. Biz başlayanda 27 tibb müəssisəsi ilə müqaviləmiz var idi, indi bu say 92-yə çatıb”.


  Zaur Əliyev bildirib ki, icbari tibbi sığorta üzrə büdcə artır: "Onlara ən çox müraciət edilən məsələ əməkhaqlarının artırılması ilə bağlı idi. Bu əməkhaqları artırılmışdı. 2022-ci ildə əksər ixtisaslı həkimlərin əməkhaqları 1000 manat və 1000 manat üzərində müəyyən olunub. Əlavə olaraq da onlar bonuslar alırlar. Yenə də bu məsələyə baxılacaq. Gələcəkdə də bizim vəsaitlərimiz artırılsa, yenə əməkhaqlarının artırılması nəzərdə tutulacaq”.

"Limitli qaydada orqan transplantasiyasının Xidmətlər Zərfinə daxil edilməsi nəzərdə tutulub"

  Z.Əliyev bildirib ki, dövlət büdcəsindən ayırmalar 1, 263 milyard manat nəzərdə tutulub: “İcbari tibbi sığortanın ümumi gəlirləri 2 milyard manatdır. İşəgötürən və işçilərdən 764 milyon manat, fiziki şəxslərdən 12 milyon 600 min manat daxil olması nəzərdə tutulub. Aksizli mallardan 2023-cü ildə bizə 122 milyon 335 min manat gəlir planlaşdırılır. Bu vəsaitlərin əsas böyük hissəsi tibb müəssisələrinin maliyyələşdirilməsinə gedir. Eyni zamanda xidmətlər zərfinin artırılması ilə bağlı təkliflər var, onlara baxılır. Təkliflər aidiyyəti qurumlarla razılaşdırılır. Xidmətlər zərfinin yenilənməsində orqan köçürmələri nəzərdə tutulub. Təbii ki, bu, limitlidir, il ərzində müəyyən sayda. Endoprotezləşmənin, ürək-damar çatışmazlığı əməliyyatlarının sayının artırılması nəzərdə tutulub. Bundan başqa, oftalmoloji əməliyyatları qeyd etmək istəyirdim. Yeni xidmətlər zərfi artıq aidiyyəti qurumlarla razılaşdırılıb. Biz gözləyirik ki, yaxın vaxtlarda öz təsdiqini tapacaq. Hazırda yenilənmiş xidmətlər zərfinin təsdiqlənməsini gözləyirik. Biz başlayanda 27 tibb müəssisəsi ilə müqaviləmiz var idi, indi bu say 92-yə çatıb”.

Autizmin müalicəsi tibbi xidmətlər zərfinə salına bilər

  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru vurğulayıb ki, autizm xəstəliyinin diaqnostikası xidmətlər zərfinə daxildir, amma müalicəsi yox. O bildirib ki, buna baxmaq lazımdır: "Xəstəxanaların tikilməsi məsələsində tənzimləyici orqan Səhiyyə Nazirliyidir. Bizə də bununla bağlı müraciətlər daxil olanda bunları Səhiyyə Nazirliyinə təqdim edirik. Müzakirələrdə ambulator tibb müəssisələrinin təmiri məsələsi qaldırılıb. Səhiyyə Nazirliyi xəstəxanaları investisiya büdcəsi hesabına təmir etdirir. Biz də təbii ki, əsaslı təmir və ya cari təmir işlərində tibb müəssisələrinə dəstək oluruq. Növbəti ilin büdcəsində də bu işlər üçün əlavə 40 milyon manat vəsait nəzərdə tutulub”.

"Həkimlərin maaşları ilə bağlı hökumətə layihələr təqdim olunub"

  Səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib ki, əsas narahatlıq doğuran məqamlardan biri səhiyyə sahəsində əməkhaqqı ilə bağlıdır”. O bildirib ki, onkologiya, narkologiya və psixatriya sahəsində həkimlərin maaşının artırılması üçün hökumətə layihə təqdim ediblər: “Onların əməkhaqlarının reallığa uyğunlaşdırılması üçün hökumətə layihə təqdim etmişik”. Nazir müavini bildirib ki, dövlət xəstəxanalarında işləyən həkimlərin maaşlarından vergi tutulmaları bu gün çox ciddi məsələdir: “Müvafiq qurumlardan xahiş edirik ki, bu məsələyə xüsusi həssaslıqla yanaşılsın. Bu gün özəl və dövlət tibb müəssisələrində çalışan həkimlərin əməkhaqqından vergi tutmalarında ciddi fərq var. Bu fərqin aradan qaldırılması üçün layihə hazırdır və hökumətə təqdim olunub. Tibb Universiteti də bu qəbildəndir. Tibb Universitetində gələcək həkimlər hazırlanır, ora təkcə müalicə mərkəzi deyil”.