Avtobuslarda gediş haqqının artırılmasına zəmin hazırlanır

Nazim Bəydəmirli:“Şirkətlər sürücülərin əmək haqlarını vermirlər”

“Öz yarıtmaz idarəçiliklərini əksər bəhanə ilə vətəndaşlara yükləməyə çalışırlar”


“Bu gün ölkə ərazisində sərnişindaşıma qiymətləri onun maya dəyərindən iki dəfə azdır”.
Bu sözləri Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ictimai nəqliyyatın üzləşdiyi problemlərdən danışarkən bildirib. Onun sözlərinə görə, avtobusda gediş qiymətlərinin eyni saxlanması ilə daşıyıcılarının marağının azalmasını görürlər. Nazir müavini deyib ki, bununla bağlı ciddi müzakirələr gedir, optimal bir variant tapılmalıdır:

“Ölkədə əhalinin 36 faizinin nəqliyyata çıxış imkanları məhduddur. Bu bizim avtobus şəbəkəsinin genişləndirilməsini tələb edir. Bunun üçün isə daşıyıcılara bu sahənin rentabelli olmasını təmin etmək vacibdir. Biz anlayırıq ki, məsələlər həssas təqəbəni narahat edir. Lakin dövlət tərəfindən düzgün tənzimlənmə yenə də vətəndaşların marağına xidmət edir. Ümumiyyətlə, ölkə üçün faydalı və dayanıqlı həll modelini seçib tapmalıyıq”.

Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, şirkətlər sürücülərin əmək haqlarını vermirlər:

"Sərnişindaşıma əslində rentabelli bir sahədir. Şirkətlər rəqabət mühitini pozurlar. Sürücülərin və digər işçilərin haqqı olan maaşlar verilmir. Bu Azərbaycan üçün yenilik deyil , xidmət haqqını qaldırmaq üçün müxtəlif bəhanələr ortaya atırlar. Gediş haqqının nə qədər olub-olmamasını bazar müəyyən etməlidir". 

Ekspertin sözlərinə görə, Bakı Nəqliyyat  Agentliyi və digər qurumlar özəl sektora maraq göstərirlər:

“Dövlət büdcəsi hesabına baha qiymətə avtobuslar alırlar. Jurnalist araşdırmalarında da sübut olunmuş bir faktdır ki onların göstərdiyi xidmətlər yol nişanlarının və dayanacaqların quraşdırılması çox baha qiyymətə olur. Müxtəlif şirkətlər tərəfindən mənimsəmələrə yol verilir. Öz yarıtmaz idarəçiliklərini əksər bəhanə ilə vətəndaşlara yükləməyə çalışırlar. Təbi ki, normal audit yoxlaması  olmadan onların xərc və gəlirlərini bilmək olmaz. 

Bizi maraqlandıran dövlət büdcəsi vasitəsi ilə maliyyələşən qurumlardı. “BakuBus” deyilən şirkət vergilər hesabına toplanan vəsaitlə avtobus alırlar və alınan məlumata əsasən onların idarəçilikləri normal səviyyədə deyil. Görüntü yaradıb  iş görürlər, ancaq dövlət hesabına səmərəsiz xərcləmələri mövcuddur. 

Satınalma ilə bağlı qanun doğru-düzgün icra olunmur. Azərbaycanda yalnız bu şirkətdə deyil, digərlərində analoji vəziyyət mövcudur. Sürücülərin əmək haqlarını gündəmə gətirərək öz idarəçilliklərini ortaya qoyurlar".

Şərqiyyə NƏBİ