Azərbaycan qardaşının yaralarını sarımağa çalışır - Partiya sədri
Azərbaycan qardaşının yaralarını sarımağa çalışır - Partiya sədri
“Biz Türkiyə dövlətinin, qardaş türk xalqının bu sınaqdan da şərəflə çıxacağına əminik”
Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların sayı 20 minə yaxınlaşır. 78 mindən çox yaralı var. Geniş coğrafiyanı əhatə edən bu faciə ilk saatlardan bütün dünyanın gündəminə çevrildi. Özünü müasir sivilizasiyanın bir parçası hesab edənlər bu dəhşətli fəlakətə seyrçi qalmaq istəmədilər.
Bütün dünya qollarını çırmalayaraq zəlzələnin fəsadlarının aradan qaldırılmasına töhfə vermək istədi. Nəticə olaraq hazırda Türkiyədə 60-dan çox ölkədən minlərlə xilasedici fəaliyyət göstərir. Etnik mənsubiyyətindən, milli maraqlarından asılı olmayaraq, bütün xilasetmə qrupları dağıntıların altından can qurtardığı zaman uşaq kimi sevinir, faciəyə şahid olduqlarında isə kədərlərini gizlədə bilmirlər. Təbii olaraq Azərbaycan da hadisəyə ilk reaksiya verən ölkə oldu. Azərbaycan Prezidentinin göstərişi ilə zəlzələdən dərhal sonra Türkiyəyə yüzlərlə xilasedici göndərildi. İndi fəlakət bölgəsində 700-dən çox azərbaycanlı xilasedicinin çalışdığı bildirilir və Azərbaycan hazırda Türkiyəyə ən çox xilasedici göndərən ölkədir. Sadə xalq da qardaş ölkəyə dar günündə bacardığı yardımı göstərməyə çalışır. Günlərdir bütün dünyada azərbaycanlıların mümkün şəkildə zəlzələ qurbanlarına yardım etməyə çalışdığını görürük. Azərbaycan vətəndaşlarının Türkiyəyə xeyriyyə məqsədi ilə köçürdüyü vəsaitin milyon dollara çatdığı bildirilir. Humanitar yardım maşınlarının isə ardı-arası kəsilmir.
Azərbaycan-Türkiyə Yüzyılı Birlik və Dayanışma Platformasının üzvü Öndər Aksoy deyib ki, zəlzələ baş verəndən indiyədək Bakıdan Türkiyəyə 88 TIR yardım göndərilib. Onun sözlərinə görə, artıq beşinci gündür zəlzələdən zərərçəkən vətəndaşlar üçün yardım toplama kampaniyası davam edir: "Dünən 23 TIR yardım göndərmişik. Bu gün isə 20-25 TIR-ın yola salınması nəzərdə tutulur". Aksoy geyinilmiş (ikinci əl) geyimlərin qəbul edilib-edilməməsi məsələsinə də aydınlıq gətirib. O vurğulayıb ki, gətirilən geyimlər növünə görə çeşidlənir: "İkinci əl geyimlər ayrı, təzələri isə ayrı qutulara yığılır. İkinci əl geyimlərin nisbətən yaxşı vəziyyətdə olanları kimyəvi təmizləmədən sonra paketlənib, göndərilir. Gənclər və İdman Nazirliyi bizə çox böyük dəstək olur. Azərbaycanın digər qurumlarının da dəstəyini görürük. Azərbaycan universitetlərinin tələbələri, eyni zamanda orta məktəb şagirdləri bura könüllü olaraq gəlir və çeşidləmədə yardımçı olurlar".
Humanitar kampaniya Türkiyə mediasının da diqqət mərkəzindədir. Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Şərq"ə deyib ki, Azərbaycan və Türkiyə bir-birilərinin sevincinə də, acılarına da şərik çıxmaqla hər zaman bütün sınaqlardan üzüağ, şərəflə çıxmağı bacarıb. Partiya rəhbəri qeyd edib ki, qardaş ölkədə baş verən bu zəlzələ bütün azərbaycanlıları sarsıtdı:
"Eyni zamanda Azərbaycan Türkiyənin yanında olduğunu sözdə deyil, əməldə ortaya qoydu. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan insanı qardaş ölkəmizin üzləşdiyi dağıdıcı təbii fəlakətə dərhal öz acısı kimi reaksiya verdi. Prezident İlham Əliyev zəlzələ baş verəndən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək və məktub göndərərək ona və bütün türk xalqına öz başsağlığı diləyini çatdırdı. Dövlət başçımızın tapşırığı ilə həmçinin Azərbaycanın müvafiq qurumları dərhal hərəkətə keçdi. Axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə göndərildi və Türkiyədə baş vermiş zəlzələnin ağır nəticələrinin aradan qaldırılması prosesinə qoşuldu. Hazırda Azərbaycandan davamlı olaraq zəlzələ bölgəsinə həkimlər, xilasedicilər, könüllülər göndərilir. Heydər Əliyev Fondu da qardaş ölkəyə öz dəstəyini, öz həmrəyliyini nümayiş etdirdi və Fondun təşəbbüsü ilə yardım kampaniyaları başladıldı. Həmçinin vətəndaşlarımız da zəlzələdən zərər çəkən insanlara təxirəsalınmadan yardım əli uzatmağı özünün mənəvi borcu, qardaşlıq vəzifəsi hesab edir. Yaşlı insanlarımızdan tutmuş gənclərimizə, məktəblilərimizə qədər bu gün hər kəs Türkiyə üçün əlindən gələni edir. Zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı vermək üçün fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyini ziyarət edən Prezident İlham Əliyevin orada çıxışı zamanı dediyi kimi, “Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var, onu gətirir. Kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrimiz mövcuddur”.
Ə.Hüseynov vurğulayıb ki, bütün bunlar Azərbaycan-Türkiyə dostluğunun necə möhkəm, sarsılmaz olduğunu göstərir: "Azərbaycan Türkiyəyə ən çox yardım göndərən, hər vasitə ilə dəstək verən ölkələrin sırasında ilk başda yer alır. Həm vətəndaşlarımız tərəfindən humanitar yardımların toplanması, həm də rəsmi qurumlarımız tərəfindən şəxsi heyət, canlı qüvvə və texnika ilə yardımların göndərilməsi durmadan davam edir. Bir sözlə, bütün azərbaycanlılar Türkiyənin acısını öz acısı kimi, Azərbaycanın acısı kimi qəbul edərək indi hər vasitə ilə qardaş ölkənin yaralarını sarımağa çalışır. Biz Türkiyə dövlətinin, qardaş türk xalqının bu sınaqdan da şərəflə çıxacağına əminik. Bizim də borcumuz “Bir millət, iki dövlət” fəlsəfəsindən yola çıxaraq belə bir kritik dönəmdə qardaş ölkəmizə dayaq durmaqdır. Biz dövlət və xalq olaraq qardaş ölkəni onun çətin günündə tək buraxmadıq. Bu, belə də olmalıydı və Azərbaycanla Türkiyə bundan sonra da hər zaman bir-birinin yanında olmağa davam edəcək".