Azərbaycanın ŞƏT sammitində iştirakı böyük uğurdur

Toplantıda Türkiyə və Azərbaycanın eyni statusla iştirakı rəsmi Ankara ilə Bakının xarici siyasətdə eyni mövqedən çıxışlarının göstəricisi sayıla bilər
  Sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Sammiti öz işinə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev də Türkiyə, Çin, Rusiya, Pakistan, Hindistan kimi dünyanın aparıcı dövlətlərinin liderlərinin təmsil olunduğu iki günlük sammitdə iştirak etmək üçün Səmərqəndə səfər edib. Səfər çərçivəsində dövlət başçısı bir sıra ölkələrin liderləri ilə görüşlər keçirib.
Ekspertlərin fikrincə, Ermənistanın sentyabrın 12-13-də Azərbaycanla sərhəddə törətdiyi genişmiqyaslı təxribatdan sonra Prezident İlham Əliyevin sammitə qatılması rəsmi Bakının hadisələr zamanı haqlı mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir. Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 8 üzvü, 4 müşahidəçi üzvü və 9 dialoq tərəfdaşı var. Azərbaycan da qurumun dialoq tərəfdaşıdır. İranın da təşkilat üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair artıq siyasi qərarlar qəbul olunub və prosedur məsələləri tamamlanmaq üzrədir. 
  Politoloq Sədrəddin Soltan deyib ki, təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsindən ibarətdir. Analitik xatırladıb ki, Prezident İlham Əliyev 2016-cı il mayın 16-da Çinin Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumu təsdiqləyib: 
"Həmin sənədə əsasən, tərəflər qarşılıqlı maraq kəsb edən bir sıra istiqamətlər üzrə əməkdaşlıq edirlər. ŞƏT-in Azərbaycanla əməkdaşlığı Prezident İlham Əliyevin yürütdüyü çoxqütblü xarici siyasətin uğurudur. Rəsmi Bakı Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqarmının da fəal üzvlərindəndir. Azərbaycan və NATO arasında ikitərəfli əlaqələr var. 1992-ci ildə Azərbaycan yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olub. Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatçılarındandır. Rəsmi Bakının rolunu ABŞ və Avropa İttifaqı da dəyərləndirir. Bu baxımdan Azərbaycan üzv olduğu və ya əməkdaşlıq etdiyi beynəlxalq təşkilatları bir-biri üçün alternativ saymır. Habelə bu əlaqələr bir-biri ilə ziddiyyət təşkil etmir. Son günlər Ermənistanın siyasi-hərbi rəhbərliyinin Azərbaycana qarşı apardığı genişmiqyaslı silahlı, siyasi təxribat rəsmi Bakının beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirməsi istiqamətində fəaliyyətinin səmərəli olduğunu bir daha təsdiqlədi. Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və dünya siyasətinin və iqtisadiyyatının aparıcı dövlətləridir. Bu ölkələrin Qərblə aralarındakı ziddiyyət və maraqlarının toqquşması fonunda Azərbaycanın tərəf tutmaması rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasətin göstəricisi sayıla bilər".
  Ekspert qeyd edib ki, dünyanın siyasi arenasında heç bir dövlətin marağı birmənalı deyil: "Hətta bu gün Rusiya ilə münasibətləri kəskinləşən ABŞ və Avropa İttifaqının belə bir sıra məsələlərdə Kremllə mövqeləri və maraqları üst-üstə düşür. Elə Çinlə də oxşar vəziyyət mövcuddur. Təşkilatın üzvü olan Hindistan, Pakistan və Çinin bir-biri ilə münasibətləri də təzadlıdır. Eyni halda onların ABŞ və Avropa İttifaqı ilə çox yaxın iqtisadi-ticarət əlaqələri mövcuddur. ŞƏT-də Türkiyə və Azərbaycanın eyni statusla iştirakı rəsmi Ankara ilə Bakının xarici siyasətdə eyni mövqedən çıxışlarının göstəricisi sayıla bilər. ŞƏT-dəki vəziyyət həm də dünyanın siyasi arenasındakı özünəməxsus nizamın göstəricisidir. Bütün beynəlxalq təşkilatlar təzadlar və toqquşan maraqlardan xali deyil. Bu baxımdan ŞƏT-in nüfuzunun təsir imkanları dəyərləndirilə bilər. Azərbaycanın ŞƏT Sammitində iştirakı Prezident İlham Əliyevin dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuzunun göstəricisidir. Bu, onun yürütdüyü xarici siyasətdə qazandığı uğurun nəticələrindəndir. Prezident İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda çıxışı ilə xarici siyasətlə bağlı mövqeyini bir daha sərgiləyib: “Azərbaycan imperiyaların hissəsi olub, biz Sovet İttifaqının bir parçası olmuşuq. Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Bunun üçün biz güclü olmalıyıq. Bizim yaxşı dostlarımız olmalıdır”. Dövlət başçısı bir müddət əvvəl bunları bildirmişdi: “Məncə, artıq hamıya, o cümlədən Avropa məkanında da məlumdur ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və bunu açıq elan edir”. Beləliklə, Azərbaycanın ŞƏT-lə əlaqələrini Prezident İlham Əliyevin yürütdüyü müstəqil xarici siyasətin uğuru və davam etməsi kimi dəyərləndirmək mümkündür.