BMT Qarabağın bərpasında səylərini dəstəkləyəcək

Azərbaycan 30 ildə bu beynəlxalq təşkilata layiqli üzv olduğunu sübut edib


   BMT post-münaqişə dövründə Azərbaycanla əməkdaşlığı davam etdirəcək. Bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva Azərbaycanla BMT arasında münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş fotosərginın açılışında deyib. O xatırladıb ki, 2021-ci il martın 1-də BMT və Azərbaycan hökuməti 2021-2025-ci illər üzrə dayanıqlı inkişaf sahəsində əməkdaşlıq barədə Çərçivə sənədi imzalayıb: “BMT koronavirus pandemiyasından sonra və post-münaqişə dövründə bərpa məsələlərində Azərbaycana dəstəyi davam etdirəcək”.

Xarici işlər nazirinin müavini Elnur Məmmədov da bildirib ki, BMT azad edilmiş ərazilərin bərpası üçün Azərbaycana təkliflər verə bilər. O qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirir: “BMT erməni işğalından azad edilmiş ərazilərin bərpasında Azərbaycanın səylərinin dəstəklənməsi üçün çox şey təklif edə bilər. Bu kömək bir il əvvəl Azərbaycanla BMT arasında imzalanmış 2021-2025-ci illər üzrə dayanıqlı inkişaf sahəsində əməkdaşlıq sənədi çərçivəsində göstərilə bilər”. 

Millət vəkili Azər Badamov deyib ki, 30 il Azərbaycan üçün keşməkeşli, mübarizəli və qələbəlik illəri olub. Onun sözlərinə görə, məhz BMT tərəfindən Azərbaycan Respublikasının 1991-ci ildəki sərhədləri çərçivəsində tanınması sayəsində sonrakı illərdə erməni işğalçılarının torpaqlarımızdan təmizlənməsi üçün beynəlxalq hüquq müstəvisində imkanlar yaranıb:

 “BMT Təhlükəsizlik Şurasında qəbul olunmuş 822, 853, 874 və 884 nömrəli qətnamələr erməni hərbi birləşmələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edirdi. BMT TŞ-nin təşəbbüsü ilə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi üçün ATƏT-in Minsk qrupu yaradıldı. Amma təəssüf ki, Minsk qrupunun fəaliyyət göstərdiyi 28 ildə münaqişənin həlli istiqamətində hər hansı bir irəliləyiş əldə olunmadı və Azərbaycan öz gücü ilə torpaqları işğalçılardan azad etdi. Amma bununla yanaşı, Azərbaycanın BMT-yə üzv olması ölkəmizə beynəlxalq tribunalardan öz haqq sözünü çatdırmağa imkan verdi və beynəlxalq hüquq müstəvisində ədalətli olduğumuzu təsdiq etdirə bildik. Bu da 44 günlük Vətən müharibəsində düşmənimizə dəstək verən ölkələrin müdaxilə etməsinin qarşısını almış oldu və qələbəmizin beynəlxalq səviyyədə də tanınmasını şərtləndirdi”. A.Badamov vurğulayıb ki, Azərbaycan bu 30 ildə BMT-nin layiqli üzvü olduğunu sübut edib: “2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə üzv seçilməsi ilə bağlı keçirilən seçkilərdə 155 ölkənin Azərbaycanı dəstəkləməsi dünya çapında apardığımız beynəlxalq siyasətin uğuru sayəsində qazandığımız nüfuzun göstəricisi idi. 

Azərbaycanın TŞ-yə sədrlik etdiyi dövrdə dünyada baş verən hadisələrlə bağlı mühüm qətnamələr və qərarlar qəbul edilib. 

Azərbaycan dünya ölkələri arasında söz sahibi olan nüfuzlu aktora çevrilib. Məhz Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu beynəlxalq siyasət sayəsində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edir və dünyada pandemiya tüğyan etdiyi bir vaxtda Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində təşəbbüsümüzlə BMT Baş Assambleyasının xüsusi sessiyası çağırıldı və mühüm qətnamələr qəbul edildi. 

Azərbaycan bütün beynəlxalq təşkilatlarda layiqli üzv kimi təmsil olunur və bu da bizə ölkəmizin ədalətli mövqeyini nümayiş etdirməyə imkan verir”.