“Bölgədə böyük türk dövləti qurmaq niyyətindəyik”

"Bütöv Azərbaycan Koordinasiya Mərkəzi" hədəflərini açıqlayıb

Faiq Ələkbərli: “Bunun üçün ilk növbədə bölgədəki bütün türkləri və türklərlə yaxın əlaqədə olan digər etnosları bir araya gətirməliyik”


  Bütöv Azərbaycan Ocaqlarının "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin yaradılması təşəbbüsü müsbət qarşılanıb. Qeyd olunub ki, gələn həftə "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin təqdimat mərasimi keçiriləcək. Mərasimdə millət vəkilləri, ziyalılar, Azərbaycanın güneyini təmsil edən təşkilat rəhbərləri və nümayəndələri iştirak edəcəklər. Vurğulanıb ki, "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"nin yaradılmasında məqsəd Azərbaycanın bütövlüyü, o cümlədən Güney Azərbaycan türklərinin milli haqları uğrunda mübarizə aparan ictimai və siyasi təşkilatların fəaliyyətini koordinasiya etmək, onların birgə və daha effektiv fəaliyyətini təşkil etməkdir. 

  Bütöv Azərbaycan Ocaqları İctimai Birliyinin Türk Dünyası ilə əlaqələr üzrə sədr müavini, türkoloq-alim Faiq Ələkbərli "Şərq"ə açıqlamasında bildirib ki, 7 təşkilatın təşəbbüsü ilə belə bir Mərkəzin yaradılmasına qərar verilib. Onun sözlərinə görə, Mərkəzdə Azərbaycan Respublikasından sadəcə Bütöv Azərbaycan Ocaqları təmsil olunacaq: 

"Azərbaycanımızın güneyini, eləcə də Xorasanı, Qaşqayı, Türkmənsəhranı və digər türk ellərini özündə ehtiva edən digər təşkilatlar da təsis konfransında iştirak edəcəklər. Güney Azərbaycan Demokrat Partiyası sözçüsü Mahmud Bilgin, Azərbaycan Milli Dirəniş Təşkilatı sözçüsü Məcid Cavadi Arazi, Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı başqanı Eldar Qaradağlı, Azərbaycan Öyrənci Hərəkatı sözçüsü Əmir Mərdani, Azadlıq Yolu Partiyasının təmsilçisi Ruhulla Muradi Qaşqay və Türkmənsəhra Birlik Şurası sözçüsü Hacı Kərim Bircani "Bütöv Azərbaycan Koordinasiya Mərkəzi"ndə təmsil olunacaq. Koordinasiya Mərkəzinin qapıları digər təşkilatların üzünə açıqdır. Mərkəzin aydınlar qolu, ayrıca Strateji Araşdırmalar Mərkəzi şöbəsi və digər müvafiq strukturlar olacaq. Mərkəzin təsis olunmasında əsas önəmli hədəfimiz "Bütöv Azərbaycan dövləti"ni qurmaqdır. Əlbəttə, ilk mərhələdə yol xəritəsi olaraq Azərbaycanımızın güneyində və digər türk ellərində dövlətçiliyimizi bərpa etmək nəzərdə tutulur. Hazırda İran adlanan ölkədə qəsb edilmiş haqlarımızı geri qaytarmaq, dövlətçilik ənənələrimizi bərpa etmək, daha sonra Azərbaycan Respublikası ilə yeni yaranacaq dövlət arasında münasibətləri tənzimləmək niyyətindəyik. Əsas mövqeyimiz vahid mövqedən, vahid şüurdan və düşüncədən çıxış etməkdir. 

Təbii ki, fərqli baxışlar ola bilər. Ancaq bütöv və vahid Azərbaycan üçün müxtəlif düşüncə sahiblərinin bir araya gəlməsi mümkündür". 

  F.Ələkbərli qeyd edib ki, Bütöv Azərbaycan Ocaqları olaraq belə bir Mərkəzin yaradılması üçün illərdir çalışıblar, mücadilə ediblər: 

"Burada kimisə razı salmaq üçün hər hansı ambisiya olmayacaq. İndi elə mərhələdəyik ki, bu günu və gələcəyi düşünmək, yubanmadan hərəkət etmək məcburiyyətindəyik. İlk addım olaraq 7 təşkilatın rəhbərliyi bir araya gələrək Koordinasiya Mərkəzinin yaradılması barədə qərara gəldi. Digər qurumlarla da danışıqlar gedir. Ümid edirik, növbəti mərhələdə bu təşkilatların sayı 10-dan çox olacaq.

  Qarşımızda ciddi məqsəd var. Bölgədə böyük türk dövləti qurmaq niyyətindəyik. Bunun üçün ilk növbədə bölgədəki bütün türkləri və türklərlə yaxın əlaqədə olan digər etnosları bir araya gətirməliyik. Ədalətli və hüquqi bir dövlət yaratmaq niyyətindəyik. Yeni dövlətin mahiyyəti, quruluşu, coğrafiyası, ümumiyyətlə, yol xəritəsi də dəqiq olmalıdır".