Bürokratik əngəllər aradan qalxır

Üçtərəfli gömrük-keçid məntəqəsinin yaradılması faydalıdır

Türkiyə, Azərbaycan və Gürcüstanın anlaşması iqtisadi inkişafa səbəb olacaq

Gürcüstan və Azərbaycan arasında “İpək yolu” birgə gömrük-buraxılış məntəqəsinin yaradılmasını nəzərdə tutan saziş imzalanıb. Bu barədə Gürcüstanın Maliyyə naziri Laşa Xutsişvili deyib. Nazir əlavə edib ki, 2021-ci ildə Gürcüstan, Türkiyə və Azərbaycan arasında gömrük sahəsində yeni üçtərəfli əməkdaşlıq formatının əsası qoyulub. Xutsişvili gömrük sahəsində ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Gürcü nazir tərəfdaş ölkələri bu layihələrin tezliklə həyata keçirilməsi üçün dəstək verməyə çağırıb. 

Məlumat üçün bildirək ki, Türkiyə tərəfi Azərbaycan və Gürcüstan hökumətləri arasında gömrük məsələləri üzrə üçtərəfli komitənin yaradılması haqqında protokolu təsdiqləyib. Üç ölkə arasında gömrük məsələləri üzrə komitə ötən ilin oktyabrında Türkiyənin İzmir şəhərində yaradılıb. Üçtərəfli Komitə sərhəd keçidlərini asanlaşdırmaq, sadələşdirmək və onların təhlükəsizliyini təmin etmək üzrə əməkdaşlığı əlaqələndirəcək. Azərbaycan üçtərəfli əməkdaşlıq sazişi haqda protokolu ötən ilin dekabrında təsdiqləyib. 

Üçtərəfli Komitənin əhəmiyyətini “Şərq”ə dəyərləndirən iqtisadçı Natiq Cəfərli deyib ki, region ölkələri arasında gömrük-keçid məntəqələrinin sayının çox olması, sürətli keçidlərin təmin edilməsi iqtisadi münasibətlərin inkişafına təkan verən mühüm amillərdən biridir. Ekspertin sözlərinə görə, bu addım kiçik və orta sahibkarlar arasında əlaqələrin daha da genişlənməsinə səbəb olar: 

“Gömrük-keçid məntəqələrində zaman itkisinin olmaması, bürokratik əngəllərin və neqativ halların tamamilə ortadan qalxması regional ölkələrin ticarət dövriyyəsinin artmasında mühüm rol oynayar. Gürcüstan, Azərbaycan və Türkiyənin üçlü tərəfdaşlığı böyük potensiala malikdir. Türkiyə ilə Azərbaycan arasında üç il ərzində ticarət dövriyyəsini üç dəfə artırmaq, yəni 15 milyard dollara çatdırmaqla bağlı anlaşma var. Gürcüstan burada əsas halqalardan biridir. Azərbaycan-Türkiyə lojistik əlaqələri daha çox Gürcüstan üzərindən həyata keçirilir. Bu baxımdan yeni gömrük-keçid məntəqələrinin yaradılması olduqca vacib və faydalıdır”.