Ən çox güvəndiyimiz ölkə Türkiyə və İngiltərədir
Turab Rzayev: "Azərbaycan xalqı əslində siyasi baxımdan kifayət qədər oyaqdır"
"Azərbaycana həm şimaldan, həm də cənubdan təhlükə daim mövcuddur. Xalqımız da bunun fərqindədir ki, şimal və cənub qonşularımız heç də Ermənistandan az təhlükəli deyil"
Agora Analitik Kollektiv ölkənin müxtəlif bölgələrində yaşayan 18-35 yaşadək şəxslər arasında rəy sorğusu keçirib. Sorğunun əsas məqsədi Azərbaycanda gənc əhali arasında müxtəlif ölkələrə və iqtisadi-siyasi birliklərə qarşı münasibətlərin öyrənilməsi olub. Sorğu çərçivəsində respondentlərdən 14 ölkə haqqında münasibətlərini bildirmələri istənilib. Azərbaycanda gənclər arasında ən çox müsbət münasibət bəslənən ilk üç ölkə Türkiyə (82 faiz), Böyük Britaniya (71faiz) və Almaniyadır (71 faiz). Respondentlərin 64 faizi Ukraynaya qarşı müsbət mövqedə olduğunu bildiribsə, Rusiyaya qarşı bu mövqedə olanların xüsusi çəkisi cəmi 17 faizdir. Yəni 51 faiz Rusiyaya münasibətini “bəyənmirəm” və ya “heç bəyənmirəm” kimi ifadə edib. Respondentlərin ən az müsbət mövqe bildirdiyi ölkə Azərbaycanla 30 ildir müharibə şəraitində olan Ermənistan yox, ölkənin cənub qonşusu İrandır. Sorğu iştirakçılarının cəmi 4 faizi İrana müsbət hisslər bəslədiyini qeyd edib. Respondentlərin 78 faizi Ermənistana, 72 faizi isə İrana mənfi baxdığını vurğulayıb. Fransa Ermənistan, İran və Rusiyadan sonra gənclər arasında ən çox mənfi münasibət bəslənən ölkəyə çevrilib. Respondentlərin “Azərbaycanın aşağıdakılardan hansı ilə siyasi ittifaqa daxil olmasını istərdiniz” sualına verdikləri cavablardan aydın olur ki, ölkədə gənclər arasında Avropa İttifaqı ilə yaxınlaşmasını dəstəkləyənlərin sayı, Avrasiya İttifaqına nəzərən kəskin yüksəkdir. Onların 61 faizi Avropa İttifaqına daxil olmağı dəstəklədiyi halda, cəmi 3 faizi Avrasiya İttifaqına qoşulmağı dəstəkləyib. “Ölkələrdən hansını Azərbaycanın müttəfiqi hesab edirsiniz” sualında respondentlərin ən çox seçdiyi ölkələr Türkiyə, Pakistan, İsrail, Ukrayna və Gürcüstandır. Avropa ölkələrinə müsbət münasibətin olmasına baxmayaraq, heç bir Qərb ölkəsi əhalinin dominant hissəsi tərəfindən müttəfiq olaraq görülmür. Sorğuda iştirak edən şəxslərin 81 faizi Rusiyanı Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edir. Növbəti yerləri tutan Ermənistan və İranla bağlı isə oxşar göstərici bir-birinə çox yaxındır.
Sorğunun nəticələrini "Şərq"ə dəyərləndirən politoloq Turab Rzayev bildirib ki, Azərbaycan xalqı əslində siyasi baxımdan kifayət qədər oyaqdır. Analitikə görə, ölkə əhalisi siyasi proseslərə ayıq başla yanaşır:
"İctimaiyyət Azərbaycana yönələn geopolitik siyasi təhlükələri, riskləri çox yaxşı dərk edir. Eyni zamanda müəyyənləşdirir ki, mövcud riskləri aradan qaldırmaq, neytrallaşdırmaq üçün Azərbaycan hansı dövlətlərlə müttəfiq olmalıdır. Son dönəm regionda geosiyasi gərginlik, qarşıdurmalar pik həddədir. Əvvəllər şimal və cənub istiqamətində yerləşən lojistik xətlərə nəzarət etmək istəyən Rusiya ilə şərq-qərb lojistikasina nəzarət edən Qərb arasında üstüörtülü rəqabət gedirdi. Ancaq indi tərəflərin qarşıdurması kifayət qədər açıq fazaya keçib. Ukraynadakı qarşıdurmanı Cənubi Qafqaza da daşımaq istəyənlər var. Bizim üçün təhlükə ondan ibarətdir ki, İran da açıq şəkildə Rusiya ilə birlikdə münaqişənin tərəfinə çevrilib. Belə olan halda Azərbaycana həm şimaldan, həm də cənubdan təhlükə daim mövcuddur. Xalqımız da bunun fərqindədir ki, şimal və cənub qonşularımız heç də Ermənistandan az təhlükəli deyil. Azərbaycanın gələcək layihələri, Şərq-Qərb nəqliyyat dəhlizinin açılması, Orta Dəhlizin inkişaf etdirilməsi də özü ilə yeni risklər daşıyacaq. İctimaiyyətin bütün nüanslardan xəbərdar olması sevindirici haldır. Bir neçə il öncə İrandan gələn təhlükə ilə bağlı ictimai fikir formalaşdırmaq xeyli çətin idi. Lakin xalq artıq real riskləri görür, dəyərləndirir və müttəfiq dövlətlərin adını çəkir. Bu da, dövlətin siyasi xətti ilə vətəndaşların düşüncəsinin üst-üstə düşdüyünü göstərir".