Rəy sorğusunun nəticəsi Azərbaycan xalqının siyasi mövqeyi deməkdir
Sosial Tədqiqatlar Mərkəzi Türkiyədə seçkilərdən sonrakı mərhələdə Türkiyənin Qarabağ məsələsi və Azərbaycana dair siyasəti ilə bağlı gözləntiləri sorğu əsasında öyrənib. Qeyd olunub ki, ölkə əhalisinin Türkiyənin siyasi gələcəyinə müstəsna marağı, seçkilərin Azərbaycan üçün tarixi əhəmiyyəti nəzərə alınaraq, vətəndaşların rəy və gözləntilərini öyrənmək zəruri sayılıb: "Məlum olduğu kimi, seçkilər dörd namizədin rəqabəti ilə keçirilir və sorğular da məhz namizədlər arasında müqayisəli dəyərləndirməni özündə əks etdirir. Azərbaycan xalqı seçkilərə milli mənafeyimiz, eləcə də regional maraqlar prizmasından yanaşır və dəyərləndirir". Respondentlərin 68,7 faizi hesab edir ki, seçkilərdə yalnız Rəcəb Tayyib Ərdoğan qalib gələrsə, Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcək. Qeyd edilib ki, çoxaktorlu müxalifətin üzərində uzlaşa biləcəyi xarici siyasi kursun mümkünlüyü bir sıra ekspertlər tərəfindən də riskli hesab olunur. Bu təhdid Türkiyənin təkcə Azərbaycana yönəlik siyasət üçün deyil, bütövlükdə region, Yaxın Şərq, türk-islam dünyası və Rusiyaya yönəlik siyasəti üçün də xarakterik hesab olunur. Nəticələr göstərir ki, Azərbaycan ictimaiyyəti Türkiyənin xarici siyasət kursunda və regional hədəflərlə bağlı prinsipial mövqeyində davamlılığın, yaxud dəyişikliyin seçki nəticələrindən asılı olaraq müəyyənləşəcəyini düşünür. Respondentlərin mütləq əksəriyyəti, yəni 90 faizi keçiriləcək seçkilərdə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsini istəyir. İştirakçıların mütləq əksəriyyəti tərəfindən dəstəklənən Rəcəb Tayyib Ərdoğanla bağlı rəylərini nəzərdən keçirdikdə, onların əsas hissəsi mövqeyini Ərdoğanın Vətən müharibəsində Azərbaycana göstərdiyi dəstəklə əsaslandırıb. Respondentlərin 26 faizi isə namizədlərin hansının seçilməsindən asılı olmayaraq, Türkiyə dövlətinin Azərbaycana dəstəyinin davam edəcəyini düşünür.
Sorğunun nəticələri ilə bağlı "Şərq"ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Sosial Tədqiqatlar Mərkəzinin açıq sorğusu tamamilə reallığı əks etdirir. Professorun sözlərinə görə, rəy sorğusunun nəticəsi Azərbaycan xalqının siyasi mövqeyi deməkdir: "Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində və ondan sonrakı dönəmdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və onun komandasını yanında görüb. Türkiyə daxilində prezidentə münasibətin necə olmasından asılı olmayaraq Azərbaycanda Ərdoğana, Hulusi Akara, Mövlud Çavuşoğluna böyük hörmət, rəğbət və ehtiram var. Türkiyədə iqtidarda olan qüvvə bu savaşda Azərbaycanın yanında olmaya bilərdi. İndiki mövqe və hərtərəfli dəstək birbaşa Ərdoğanla bağlıdır. Nəzərə alaq ki, Azərbaycana qarşı hər tərəfdən çox ciddi təhdidlər var. Ona görə də yanımızda Türkiyə kimi güclü bir dövlətin olması zərurətdir.
Əlbəttə, Türkiyədə seçkinin taleyini xalq özü müəyyən edəcək. Respondentlər isə sadəcə öz arzularını bəyan ediblər. Əminəm ki, Ərdoğan seçkidə 60 faiz civarında səs yığa biləcək. Ərdoğan niyə qalib gəlməlidir? Təkcə Türkiyə və Azərbaycan yox, türk və islam dünyasının təhlükəsizliyi, rifahı üçün Ərdoğan Türkiyənin başında olmalıdır. Ərdoğan Türkiyəni kənar güclərin, "dərin dövlət"in əlindən ala bildi və böyük layihələri icra etdi. Ankara üzərində hökm etmək səlahiyyəti olanlar səhnədən uzaqlaşdırıldı. Bütün kənar təzyiqlərə, süni əngəllərə rəğmən, qardaş ölkənin siyasi-iqtisadi, hərbi gücü göz önündədir. Müxalif güclərin hakimiyyətə gəlməsi isə həm Türkiyə, həm də ümumilikdə türk-islam dünyası üçün, region üçün fəlakət deməkdir. Ona görə də arzulayırıq ki, Ərdoğan seçkidə qalib olsun".