Ermənilər əsgərlərimizə işgəncələr verdi

Azərbaycan XİN beynəlxalq təşkilatları Ermənistanın əsirlərə qarşı zorakılığına lazımi qiymət verməyə çağırıb

  İki nəfər hərbçimiz - Aqşin Bəbirov və Hüseyn Axundov Naxçıvanın Şahbuz rayonunun Ermənisanla sərhədində əlverişsiz hava şəratində azaraq itkin düşmüşdü. Bundan sonra əsgərlərimizin Ermənistan ərazisində saxlanıldığının ehtimal edildiyi nəzərə alınaraq, onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət olunmuşdu. Ermənistan tərəfində aprelin 10-da bir nəfər azərbaycanlı əsgərin saxlandığına dair məlumatlar, videogörüntülər yayılmışdı. Daha sonra Ermənistan Müdafiə Nazirliyi Zəngəzur (Sünik) mahalının Bnunis kəndində bir azərbaycanlı əsgərin saxlanıldığını, digərinin isə qaçdığını bildirmişdi. Dünən Ermənistan ərazisində itkin düşən ikinci azərbaycanlı əsgərin də saxlandığı barədə məlumat verilib. Məlumatdan az sonra bununla bağlı Ermənistan internet resurslarında videolar yayılıb. Yayılan videolarda əsgərin işgəncəyə məruz qaldığı, döyüldüyü aydın olub. Ermənistan tərəfi manipulyasiyaya əl ataraq iddia edib ki, guya, Zəngəzurdakı mis-molibden mədəninin ötən gün öldürülən mühafizəçisinin mobil telefonu əsgərimizin cibindən çıxıb. 

  Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan hərbçilərinə qarşı törədilən işgəncə ilə bağlı məlumat yayıb.

  XİN-dən daxil olan məlumatda deyilir: “Bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

  Sosial şəbəkələrdə yayılmış videogörüntülərin birində əsir götürülmüş Axundov Hüseyn Əhliman oğluna qarşı fiziki işgəncə və qeyri-insani rəftar halları əks olunub.

  Ermənistan tərəfindən etnik zəmində zorakılığın növbəti nümunəsi olan sözügedən vəziyyət ilə əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar müvafiq olaraq məlumatlandırılıb.

  Ermənistan tərəfindən əsirlərə qarşı nümayiş etdirilən sözügedən zorakılıq 1949-cu il Cenevrə Konvensiyalarının, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (CERD), beynəlxalq humanitar və insan haqları hüququndan irəli gələn digər beynəlxalq öhdəliklərin Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.

  Aidiyyəti beynəlxalq təşkilatlar sözügedən zorakılığa, o cümlədən Ermənistan tərəfindən son 30 ildən artıq müddətdə azərbaycanlı hərbi əsirlərə və mülki məhbuslara, itkin düşən 3890 nəfər azərbaycanlıya qarşı zorakılıq faktlarını araşdırmalı və lazımi qiymət verməlidir”.

  Ombudsman Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarla bağlı faktlara münasibət bildirib. Vurğulanıb ki, “Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir. Hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdır: "Hərbi qulluqçumuza qarşı qeyri-insani rəftar göstərilməsi faktı ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edirəm. Ermənistan beynəlxalq hüquqa görə üzərinə götürdüyü tələblərə riayət etməlidir. Eyni zamanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyindən təcili olaraq həmin hərbi qulluqçularımıza baş çəkilməsini və onların vəziyyəti ilə bağlı məlumatların verilməsini tələb edirəm".
  Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Şərq"ə bildirib ki, iki nəfər hərbçimizin itkin düşməsi və işgəncələrə məruz qalması çox aktual məsələdir. Ekspertin sözlərinə görə, belə hallarda Azərbaycanın müvafiq qurumları dərhal fəaliyyətə keçir və Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə hərbi əsirlərin təzyiqlərə məruz qalmaması, tezliklə geri qaytarılması üçün operativ addımlar atılır: "Ermənistan tərəfi istəyir ki, hər zaman olduğu kimi iki hərbçimizin yolunu azaraq erməni tərəfinə keçməsi hadisəsini manipulyasiya etsin, öz senarilərini həyata keçirsin. Əsgərlərimizi "cinayətkar", "kəşfiyyatçı" kimi qələmə verərək, onları Azərbaycanda həbsdə olan erməni diversantlarla dəyişdirməyə çalışır. Təbii ki, bu davranış bütün humanitar prinsiplərə, demokratik hüquq normalarına ziddir. Çünki Azərbaycanda həbsdə olan erməni diversantlar konkret cinayətlər törətmiş şəxslərdir. Amma Azərbaycanın iki gənc əsgəri əlverişsiz hava şəraitinə görə yollarını azıb Ermənistan tərəfə keçiblər. Bu, sırf humanitar məsələdir. İndiyə kimi Azərbaycan tərəfi azaraq bizim tərəfimizə keçmiş həm mülki erməniləri, həm də düşmən əsgərlərini qısa müddətdə qarşı tərəfə təhvil verib. Ermənistandan da bu cür addım atmasını gözləyirdik. Ona görə də beynəlxalq təşkilatlar vasitəsilə əsgərlərimizin qaytarılmasına çalışmaq lazımdır".