Çünki təşkilatda Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edilir
Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyətlə əlaqədar fövqəladə iclası keçirilib. İclasda BMT baş katibinin köməkçisi Miroslav Yença, Azərbaycan və Ermənistanın BMT yanında daimi nümayəndələri - Yaşar Əliyev və Mqer Marqaryan, həmçinin bir sıra ölkələrin nümayəndələri iştirak ediblər. Toplantıda çıxış edən ölkələrin nümayəndələri Ermənistan-Azərbaycan sərhədində artan gərginlikdən və hər iki tərəfdən itkilər barədə məlumatlardan ciddi narahat olduqlarını bildiriblər.
Bundan başqa, sərhəddə gərginliyin azaldılmasına kömək etmək üçün səylərin gücləndirilməsinin vacibliyi qeyd edilib. İrəvan və Bakı gərginliyi azaltmaq üçün siyasi iradə nümayiş etdirməyə çağırılıb.
Qeyd olunub ki, beynəlxalq ictimaiyyət bu cür hadisələrin təkrarlanmaması üçün səy göstərməlidir. Yaşar Əliyev Ermənistanın BMT-dəki daimi nümayəndəsinin çıxışı zamanı səsləndirilən ittihamların, əsassız və böhtan xarakterli olduğunu vurğulayıb:
"Biz Ermənistan nümayəndəsinin iddialarını qətiyyətlə rədd edirik. Standart uydurmalar, təhriflər və aldatmalarla dolu bu bəyanatlar Ermənistanın beynəlxalq öhdəliklərini yerinə yetirməkdən, regionumuzda sülh, sabitlik və əməkdaşlığı təşviq etməkdən nə qədər uzaq olduğunu nümayiş etdirir". Səfir otuz il Azərbaycanın ərazilərini işğalda saxlayan Ermənistanın beynəlxalq hüquqdan danışmasını tamamilə təzadlı adlandırıb. Y.Əliyev Azərbaycanın guya Ermənistandakı mülki obyektləri hədəfə aldığı barədə iddiaların yalan olduğunu söyləyib. Məhz Ermənistanın 2020-ci ildə Azərbaycanın Gəncə və Bərdə şəhərlərindəki mülki binaları iri çaplı silahlardan atəşə tutduğunu vurğulayıb. Əlavə edib ki, Ermənistana qarşı hər zaman humanizm nümayiş etdirən Azərbaycan dövləti cinayət məsuliyyətinə cəlb edərək mühakimə etdiyi bir neçə erməni hərbi qulluqçunu qarşı tərəfə təhvil verib.
Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə "Şərq"ə açıqlamasında bildirib ki, BMT təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan sərhədində baş verən hərbi vəziyyətlə əlaqədar fövqəladə toplantısında Azərbaycanın əleyhinə əlahiddə hansısa qərar qəbul edilmədi. Ekspertin fikrincə, bu, Azərbaycanın diplomatik müstəvidə Ermənistan üzərində qələbəsidir:
"Demək olar ki, BMT səviyyəsində Azərbaycanın regionda yaratdığı yeni reallıqlar qəbul edilir. Ermənistanın BMT Təhlükəsizlik şurasından və KTM-dən gözləntiləri reallaşmadı. Artıq Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında atəşkəs əldə edilib. Nikol Paşinyan razılaşmalara əməl etməzsə, hərbi toqquşmaların davam etməsi istisna deyil.
Baş nazir yenidən Rusiya Prezidenti V.Putinlə telefonla danışıb. Görünən odur ki, Paşinyan Qərbdə bir mövqe sərgiləyir, Rusiyada isə tamam başqa mövqe ortaya qoyur.
Ona görə də Ermənistan BMT-nin, beynəlxalq birliyin siyasi dəstəyini ala bilmir. Azərbaycan həm diplomatik, həm də hərbi müstəvidə Ermənistanı üstələyib. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri Paşinyanı Moskvanın təzyiqlərindən qorumaqdır. Göründüyü kimi ABŞ Azərbaycan və Ermənistan arasında vasitəçi olaraq sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Amma Rusiyanın buna şərait yaratmayacağı, Moskvanın təşəbbüsü ilə sülh müqaviləsinin bağlanması istisna deyil. Çünki Rusiya Brüssel formatını da fiaskoya uğradıb.
Təbii ki, Paşinyanın siyasi iradəsizliyindən bu proseslər baş verir. O, Moskvadan uşaqlaşmayınca ölkəsində siyasi sabitlik mümkün olmayacaq".