İlk üzvləri olaraq 16 may 2022-ci il tarixində, Paris şəhərində AFAES / FASPA birliyinin qurulduğunu elan edir, məqsədlərimizi təqdim edirik:
1.Üzvlər arasında intellektual mübadilə və təcrübə bölüşümü edə bilmək üçün bir mühit yaratmaq;
2.Birlik daxilində müsbət peşəkar praktikaları yaymaq;
3.Qanunlar, vergi sistemi və inzibati quruluşu daha yaxşı anlamaq üçün yardımlaşmaq;
4.Nailiyyət qazanmaq üçün əməkdaşlıq etmək və çətin peşəkar məqamlarda həmrəylik göstərmək;
5.Peşəkar fəaliyyətdə, o cümlədən, yaşadığımız yerin ictimai həyatına inteqrasiyada nümunəvilik göstərmək;
6.Qadın liderliyini, hüquqda və praktikada qadın-kişi bərabərliyini təşviq və təbliğ etmək;
7.Iş həyatında ətraf mühitə, ekoloji təmizliyə, sosial tarazlığa və düzgün idarəetməyə həssaslığın artması üçün çalışmaq;
8.Fransa və Azərbaycan arasında ticari-iqtisadi və peşəkar münasibətlərin irəliləməsinə töhvə vermə yollarını axtarmaq.
Üzvlük şərtlərimiz aşağıdakılardır :
1.Fransada yaxud Azərbaycanda, əmək fəaliyyəti ya da sahibkarlıqla (birnəfərlik firma, müstəqil məslək sahələri də daxil olmaqla) məşğul olmaq. Hazırda iş axtarışında olanlar, ya da öz firmasını yaratmaqda olanlar da üzvlüyə qəbul oluna bilərlər;
2.Fransa və Azərbaycan ilə eyni zamanda şəxsi ya da iqtisadi bağa sahib olmaq, yəni :
•Ya fransız olub Azərbaycanda yaşamaq;
•Ya azərbaycanlı olub Fransada yaşamaq;
•Ya da iki ölkənin vətəndaşılığına sahib olmaq.
3.Üzvlüyə müraciət edərkən qurucu üzvlərin hamısının razılığını əldə etmək ya da heç birinin etirazı ilə üzləşməmək.
Xatırladırıq ki, bizim kollektiv bir diaspor təşkilatı deyildir və olmayacaqdır. Məlumdur ki, Fransadakı Azərbaycan diasporunun artıq bir neçə təşkilatı var və fəaliyyət göstərirlər. Biz onların məqsəd və təşəbbüslərinə hörmətlə yanaşırıq və uğurlar diləyirik. Onu da əlavə edək ki, bizim birliyinin ənənəvi diaspor təşkilatlarından üç əsas fərqi vardır:
1.Əvvəla, diaspora fəaliyyətləri adətən mədəni və bəzən də siyasi-ictimai qaynaşmaya yönəlir. Halbuki, bunlar bizim birliyin məşğuliyyət sahəsindən kənarda qalır;
2.Üstəlik, Diaspora təşkilatlarına üzvlük bir qayda olaraq eyni mənşədən olan insanların hamısına açıqdır. FASPA üzvlüyü isə ilkin şərtlərə və seçimə tabedir;
3.Nəhayət, yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda yaşayan fransız iş adamı və peşəkarların da üzvlüyə qəbul edilə biləcəyi ehtimalı vardır. Bu ehtimal da onu Diaspor təşkilatı olmaqdan uzaqlaşdırır.
Birliyimizin ilk şüarı belədir: “Öz aramızda, işgüzarcasına“. Hazırda, yeni bir birlik olaraq, fəaliyyət planımız ətrafında müzakirələr aparır, yeni üzvlərin aramıza qatılmasına çalışırıq. Say vacibdir. Zamanla həm tvitter hesabımızdan, həm da mətbuat vasitəsilə fəaliyyətlərimiz haqqında maraqlananları məlumatlandırmağa davam edəcəyik.