Turizm sektorunda müsəlman ölkələrindən gələn ciddi bir kütlə var
"Bu, bir bazar seqmentidir. Bu seqmentə cavab verən məhsulların olması həmin ölkələrin turistlərinin axın etməsini daha cəlbedici hala gətirə bilər"
Azərbaycanda turizm sektorunun beynəlxalq standartlara uyğun inkişafı istiqamətində növbəti mühüm addım atılıb. Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul edilən yeni “Halal turizm xidmətləri. Ümumi tələblər” dövlət standartı bu sahədə xidmət keyfiyyətinin artırılmasına və vahid yanaşmanın formalaşdırılmasına xidmət edir.
Sənəd halal turizm konsepsiyası çərçivəsində fəaliyyət göstərən müəssisələr üçün əsas prinsipləri müəyyənləşdirərək, həm yerli, həm də xarici turistlərin tələblərinə daha effektiv cavab verilməsini hədəfləyir. Qeyd edək ki, Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS OIC/SMIIC 9:2026 “Halal turizm xidmətləri. Ümumi tələblər” dövlət standartı qəbul edilib. AZSTAND-dan verilən məlumata görə, yeni standart yerləşmə vasitələri, tur paketləri, turist bələdçiləri və halal turizmə dair digər turizm xidmətlərini əhatə edərək, səyahətçilər üçün nəzərdə tutulmuş halal turizm obyektlərində təqdim olunan məhsul və xidmətlərin idarə olunmasına dair əsas prinsipləri və tələbləri müəyyən edir.
Halal turizm standartının tətbiq edilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların halal xidmətlərin effektiv idarə olunması bacarığının gücləndirilməsi, İslam qaydalarına uyğun turizm məhsul və xidmətlərinin təqdim edilməsi, həmçinin müştəri tələblərinin qarşılanması və bununla da müştəri məmnuniyyətinin artırılmasıdır.
Turizm eksperti Ceyhun Aşurov Sherg.az-a bildirib ki, halal turizm standartlarının tətbiqi ölkəmiz üçün çox vacibdir. Azərbaycana kifayət qədər müsəlman ölkələrindən turistlərin gəldiyini vurğulayan ekspert qeyd edib ki, halal konseptdə çalışan otel və restoranlar ölkəmizdə mövcud olsa da, dövlət tərəfindən qəbul olunmuş hər hansı bir standart layihələri yox idi:
“Halal standartlarının olması həmin turistlərin ölkəmizi seçməsinə daha çox təsir göstərəcək. Halal turizm xidmətlərinin təşkili, xidmətin keyfiyyəti, tələblərin müəyyən olunması və normativ bazanın gücləndirilməsinə xidmət edir. İslami qaydalara cavab verən turizm xidməti məhsullarını təqdim etmək üçün bu standartlar vacibdir. Qəbul olunmuş layihələr otel və turizm xidmətlərinin bu standartların tələblərinə uyğunlaşdırılmasına kömək edəcək”.
C. Aşurovun sözlərinə görə, turizm sektorunda müsəlman ölkələrindən gələn ciddi bir kütlə var:
“Bu, bir bazar seqmentidir. Bu seqmentə cavab verən məhsulların olması həmin ölkələrin turistlərinin axın etməsini daha cəlbedici hala gətirə bilər. Təbii ki, turizmin inkişafını daha əlverişli hala gətirməliyik. İran- ABŞ müharibəsi ilə əlaqədar bəzi körfəz ölkələrindən 2027-ci ilədək vizalar ləğv olunub. Bu da ölkəmizə gələn turist sayının artmasına gətirib çıxaracaq”.