İrəvanda bayrağımızın yandırılması vandalizmdir

Beynəlxalq təşkilatlar bu məsələdə öz kəskin mövqelərini ortaya qoymalıdır
  Aprelin 14-də İrəvan şəhərində keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş dizayner Aram Nikolyan tərəfindən nümayişkəranə şəkildə yandırılıb. Özü də belə bir barbarlıq Ermənistan baş nazirinin iştirak etdiyi mərasimdə törədilib. Bundan sonra Azərbaycan idmançıları çempionatda iştirakdan imtina edərək, Vətənə qayıdıblar. Nikolyan hadisədən sonra polis tərəfindən saxlansa da, Ermənistanın istintaq orqanı Azərbaycan bayrağını yandıran erməni hərəkətində cinayət tərkibinin olmadığını bildirib. 
Qeyd olunub ki, ona cinayət işi açılmayacaq. Məlumat üçün bildirək ki, bayrağımızı yandıran erməni dizayner Aram Nikolyan Avropa Çempionatının açılışının dizayneri olub və Azərbaycan bayrağı olan paltarı şəxsən özü dizayn edib. O baxımdan Nikolyanın hansısa dairələrin təzyiqi və şantajı nəticəsində bayrağımızı yandırması da ehtimallar arasındadır. Ermənistanın Azərbaycana qarşı təxribatı bununla kifayətlənməyib. Yarışın keçirildiyi zalın tavanından daha sonra Azərbaycan və Türkiyənin cırılmış bayraqları asılıb. Avropa Ağır Atletika Federasiyası bayrağımızın İrəvanda təhqir olunmasını kəskin şəkildə pisləyib. Federasiya idman yarışlarının siyasiləşməsinin, bu cür halların yaşanmasının yolverilməz olduğunu açıqlayıb. Şübhəsiz, bu barbarlığın Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması, həmin əməli törədən şəxsin "qəhrəman" kimi qələmə verilməsi bu ölkədə etnik nifrətin, rasizmin, ksenofobiyanın bariz nümunəsi hesab olunur.
Millət vəkili Ceyhun Məmmədov deyib ki, beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması ermənilərin vəhşi və barbar olduğunu bir daha göstərdi. Deputatın sözlərinə görə, Ermənistan uzun illərdir bütün dünyada təbliğat aparıb ki, guya, azərbaycanlılar "vəhşi" xalqdır. Ona görə bizimlə birgə yaşamağın qeyri-mümkün olduğunu iddia ediblər: "Reallıq göz qabağındadır. Əsl vəhşi və barbar ermənilərdir. Heç şübhəsiz ki, erməniləri belə cinayətləri ard-arda törətməyə təşviq edən cəzasızlıqdır. Nə qədər ki, beynəlxalq təşkilatlar ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərə hüquqi qiymət verməyib, onları cəzalandırmayıb, belə də olacaq. Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycana və azərbaycanlılara qarşı kəskin mövqeyi ilə seçilən beynəlxalq təşkilatlar Azərbaycan əsgərinə və bayrağımıza qarşı törədilən vəhşiliklə bağlı kəskin mövqe nümayiş etdirmədilər. Görünür, erməni və xristian təəssübkeşliyi, islamafob və türkəfob düşüncə tərzi bu vəhşilikləri görməyə imkan vermir. Reallıq budur. Düşünürəm ki, Azərbaycan vaxtında çox doğru qərar qəbul edərək yarışlarda iştirakdan imtina etdi. Belə vəhşiliyə kəskin reaksiya olmalı idi. Özünə hörmət edən hər bir dövlət o cür etməliydi. Beynəlxalq idman təşkilatları da bu məsələdə öz kəskin mövqelərini ortaya qoymalıdır. Erməni barbarlığını qətiyyətlə pisləməlidirlər. Əks halda belə təxribatlar davamlı xarakter alacaq".
 
  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, erməni toplumu artıq elə bir kütləvi psixoz vəziyyətinə və irqçilik, şovinizm nöqtəsinə gəlib çatıb ki, onların Azərbaycana qarşı atdığı hər addım son nəticədə özlərinə qarşı çevrilir. Partiya rəhbəri qeyd edib ki, əsgərimizin Ermənistanda linç edilməsinin ardınca, Azərbaycanın bayrağını nümayişkaranə şəkildə yandırması Ermənistanın özünün beynəlxalq imicinə vurulan ağır zərbədir: 
"Qoy, indi bütün dünya Ermənistan dövlətinin və erməni cəmiyyətinin gerçək üzünü görsün. Vandalizm və barbarlığın ermənilərin ənənəvi xüsusiyyətləri olduğu hər kəsə məlum olsun. Ermənilər tərəfindən Azərbaycana qarşı aparılan bu cür etnik nifrət, irqi və milli ayrı-seçkilik, şovinizm siyasəti Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına ən böyük maneə və təhdiddir. Odur ki, dünya birliyi ənənəvi riyakarlığından əl çəkib Azərbaycanı yox, revanşizmə can atan, davamlı təxribatlara yol verən Ermənistanı sülhə çağırmalıdır. Erməni cəmiyyətində ksenofobiya və türkafobiya meyillərinin daha da güclənməsinə, bu ölkədə irqi ayrı-seçkilik təbliğatının yenidən genişlənməsinə obyektiv qiymət verməli, xalqlar arasında nifaqı qızışdıran erməni təşkilatlarının və konkret fərdlərin məsuliyyətə cəlb olunması üçün hərəkətə keçməlidir". 
  Ə.Hüseynov bəyan edib ki, bayrağımızın səhnədə yandırılmasının tamaşaçıların alqışları ilə müşayiət olunması, Aram Nikolyanın özünün isə Ermənistan parlamentariləri tərəfindən, bir çox sıravi ermənilər tərəfindən az qala "qəhrəman" kimi qarşılanması bizimlə bərabər, dünya birliyini də narahat etməlidir:
 "Həmçinin tez-tez sülhdən dəm vuran Ermənistan hökumətinin başçısı Nikol Paşinyan da öz ölkəsində Azərbaycana qarşı nifrət və ayrı-seçkiliyin hansı həddə olduğunu görməli və erməni xalqının sülhə hazır olmadığını etiraf etməlidir. O, həqiqətən də, real sülhə can atırsa, əsgərlərimizə qarşı işgəncələrə və bayrağımıza qarşı vandalizmə yol vermiş ermənilərin dərhal məsuliyyətə cəlb olunmasını təmin etməlidir".