İş adamlarından müraciət almışam, az qala yalvarırlar ki, batırıq - Natiq Cəfərli

"Bir neçə gündür rəsmi qurumlardan avtosalonlara, maşın satanlara xəbər göndərirlər ki, indi gətirdiyinizi 2025-də satmalısız, gələn ilə qalsa, satanda ƏDV ödəməli olacaqsız"

“2026-cı ilin əvvəlindən hibrid və elektrik avtomobillərə ƏDV güzəşti ləğv edilir. Rəsmi avtosalonlar, fiziki şəxslər 2025-ci ilin noyabr-dekabr aylarında daha çox avtomobil gətirdilər ki, güzəşt dövründən sonacan istifadə etsinlər. Amma elan edilib ki, satış 2026-cı ildə həyata keçiriləcəksə, ƏDV ödəməli olacaqlar”.

Bu barədə iqtisadçı Natiq Cəfərli danışıb. N.Cəfərli bildirir ki, bəzi iş adamları hibrid və elektrikli avtomobillərin satışına 2026-cı ildən tətbiq olunacaq əlavə vəsait xərcinə səbəb olacaq ƏDV-dən qaçmaq üçün 2025-ci ildə ölkəyə xeyli sayda hibrid və elektrikli avtomobil idxal edib. Amma vəziyyət dəyişib: 

- Bir neçə gündür rəsmi qurumlardan avtosalonlara, maşın satanlara xəbər göndərirlər ki, indi gətirdiyinizi 2025-də satmalısız, gələn ilə qalsa, satanda ƏDV ödəməli olacaqsız. Son günlər bir neçə iş adamından müraciət almışam, az qala yalvarırlar ki, batırıq, bir rəsmi şəxs çıxıb izah etsin ki, biz indi nə etməliyik?! Bəziləri gətirdiyi maşınları qohum-dost adına rəsmiləşdirirlər ki, 2026-cı ilə qalmasın - bu isə əlavə xərc deməkdir. Bundan başqa şikayət edirlər ki, öz şəxsi hesablarından ayda 30 min manatdan çox pul çıxarda bilmirlər, bu isə işlərinə böyük əngəl yaradır. İnsanların öz puluna çıxmağa qadağa qoymaq olmaz, hə, deyəcəklər nəğd vəsaitə məhdudiyyət var - yenə də olmaz! Bu absurddur.

İqtisadçı hökuməti sahibkarlara, iş adamlarına dəstək olmağa, ümumən iqtisadiyyata dəyəcək ziyanı aradan qaldırmağa çağırıb.