“İsrail artıq Türkiyə sərhədlərinə yaxınlaşdı” - Türk ekspertdən ŞƏRH

  • "İsrail Suriya hava məkanının tamamına nəzarət edir”
  • “Türkiyəyə qarşı təkcə İsrail yoxdur, Fransa və Rusiya da var”

İsrailin Suriyanın İdlib vilayətində yerləşən Əbu Dühur hərbi aerodromuna endirdiyi zərbələr Ankara ilə Dəməşq arasında hərbi əməkdaşlığın daha da gücləndirilməsi məsələsini gündəmə gətirib. Hücumun Türkiyə sərhədlərinə yaxın ərazidə baş verməsi Suriyada təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqları artırıb və İsrail-Türkiyə qarşıdurmasının yeni mərhələyə keçə biləcəyi ehtimalını artırıb. Bu fonda Türkiyə və Suriya arasında yeni hərbi əməkdaşlıq sazişinin imzalanması, İsraildən yarana biləcək təhdidlərə qarşı birgə tədbirlərin görülməsi, hərbi təlimlərin keçirilməsi və sərhədyanı ərazilərdə hava patrullarının gücləndirilməsi müzakirə olunur. Ankara eyni zamanda Suriyanın yeni hakimiyyətinə silahlı qüvvələrin yenidən təşkili və hərbi kadrların hazırlanması istiqamətində dəstək verir. Əbu Dühur hücumu isə məsələni yalnız Türkiyə-Suriya münasibətləri çərçivəsindən çıxararaq regional təhlükəsizlik məsələsinə çevirib. ABŞ rəsmilərinin də xəbərdarlıq etdiyi kimi, İsrailin Suriyadakı hərbi əməliyyatları Türkiyə ilə birbaşa qarşıdurma riskini artıra bilər. Bu səbəbdən Ankara və Dəməşq arasında mümkün yeni hərbi saziş Suriyada dəyişən güc balansı və regional rəqabət baxımından mühüm nəticələr yarada bilər.

Xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, Əsəd devrildikdən sonra Suriya ərazisi İsrailin oyun meydanına çevrilib:

“ İsrail Suriya hava məkanının tamamına nəzarət edir. Xüsusilə İrana qarşı hücumlarda bu xəttdən istifadə edir. Hətta Türkiyə sərhədinə paralel uçaraq İrana qarşı hücumlar da həyata keçirib. Quruda isə Cənubi Suriyada əhəmiyyətli ölçüdə əraziləri işğal edib. Dəməşqə qədər də yaxınlaşıb. İlk növbədə onu ifadə edək ki, Əsəd getdikdən sonra Suriyada yaşanan keçid prosesində İsrail meydanda istədiyi kimi at oynadır. İndi Türkiyənin də Suriya ilə uzun sərhədinin olduğunu, Suriyada türk hərbi varlığının mövcudluğunu xatırlamalıyıq. Dolayısıyla, İsrail, Netanyahu uzun müddətdir Suriyada Türkiyənin hərbi mövcudluğunu təhdid olaraq gördüklərini bildirərək buna imkan verməyəcəklərini dəfələrlə açıqlayıb. Sözün tam mənasında, Türkiyəyə meydan oxumaqdan söhbət gedir. Amma bunu xüsusilə Hələbin cənubunda türk hərbi obyektlərinin yaradılması gündəmə gəldikdə dilə gətirirdi. İndi İdlibdə bombalanan sonuncu hava limanı nümunəsində göründüyü kimi, İsrail artıq bunu Türkiyə sərhədlərinə yaxın bölgələrə də daşıyıb. Türkiyədə aparılan təhlillərin əksəriyyətində reallıq və haqlılıq payı var. Netanyahunun İsraildəki seçki prosesində bu hadisələrdən konsolidasiya vasitəsi kimi istifadə etməsi, yəni öz hakimiyyətinin davamı üçün bu gərginliyi yaratdığı yönündə əsaslı şərhlər səsləndirilir”.

Ekspert qeyd edib ki, İsrailin hücumdan əvvəl ABŞ-a və ya Rusiyaya məlumat verib-vermədiyi də müzakirə olunur:

“ Suriya yalnız Türkiyə və ya İsrailin oyun meydanı kimi görülməməlidir. Burada Rusiya hərbi bazaları var. Ötən həftə Rusiya hərbi bazalarının gələcəyi ilə bağlı Rusiya ilə Suriya arasında genişmiqyaslı razılaşma imzalandı. Dolayısıyla, İsrail təyyarələrinin Suriya hava məkanındakı fəaliyyətlərinin Rusiya tərəfindən izlənildiyini, buna görə də hücumlar barədə Rusiyanın məlumatlandırılmış olması ehtimalını nəzərdən keçirməliyik. Türkiyə-Rusiya münasibətlərində son dövrlərdə yaşanan gərginlik, xüsusilə Türkiyənin bəzən Amerika silahlarını Ukraynaya göndərməsi ilə bağlı Rusiyadan səsləndirilən açıqlamalar və Türkiyədən bu barədə məlumat tələb edilməsi kimi məqamları nəzərə aldıqda, açığı, Suriya ərazisində İsrailin həyata keçirdiyi hücumun təkcə Netanyahunun hakimiyyətinin davam etdirilməsi məsələsindən ibarət olmadığını, başqa bir sıra məqamları da ehtiva etdiyini düşünürəm. Bu gün Suriya ərazisində çoxmillətli bir şahmat oyunu oynanılır. Burada Türkiyəyə qarşı olan qüvvələr yalnız İsrail deyil, Fransa da var, Rusiya hərbi bazaları da var. İran isə uzun müddətdir Suriyadakı mövcud rejimə qarşı təhdidlərini davam etdirir. Ona görə də məsələyə daha fərqli perspektivdən baxmaq lazımdır. Türkiyə ilə Suriya arasında imzalanacaq yeni bir razılaşma bu problemləri aradan qaldırmayacaq. Bu addım Türkiyənin Suriyada daha fəal olmasının qarşısını açsa belə, çox tərəfli şahmat oyununda bunun işə yarayacağını düşünmürəm. Qısa müddət əvvələ qədər Türkiyənin Suriyadakı əsas problemi PKK və kürdlər olduğu halda, bu gün məsələ tamamilə İsrailə yönəlib. Dolayısıyla, Türkiyənin Suriya siyasətində də yeni baxış və yeni perspektivin ortaya qoyulması lazım olduğunu düşünürəm”.