İsraillə münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

Azərbaycan Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibidir

Bu baxımdan, İsrail üçün Azərbaycanla yüksək səviyyəli münasibətlərin qorunması olduqca cəlbedicidir

  Prezident İlham Əliyev aprelin 19-da İsrailin xarici işlər naziri Eli Koheni qəbul edib. Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndirən dövlətimizin başçısı ölkələrimiz arasında yaxşı siyasi əlaqələrin mövcud olduğunu bildirib. Prezident İlham Əliyev Azərbaycanın İsraildə səfirliyinin açılmasını əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib. Bu əlaqələrin dostluq, qarşılıqlı etimad, hörmət və dəstəyə əsaslandığını vurğulayıb. Dövlət başçısı hökumətlərarası birgə komissiyanın fəaliyyətini xüsusi qeyd edib. 

Bunun əlaqələrin şaxələnməsi işinə töhfə verə biləcəyinə ümidvarlığını bildirib. Ölkə rəhbəri Ələt Azad İqtisadi Zonasında İsrail şirkətlərinin fəaliyyət göstərmələri və yeni layihələrlə çıxış etmələri üçün yaxşı imkanların olduğunu deyib. Eli Kohen də öz növbəsində Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirib. Qonaq bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını bildirib. İsrail-Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb. O, dostluq münasibətlərimizin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirib. Azərbaycana geniş nümayəndə heyəti ilə səfər etdiyini vurğulayan İsrailin xarici işlər naziri turizm sahəsində əlaqələrimizə də toxunub. Ölkəsindən Azərbaycana gələn turistlərin sayının artmaqda olduğunu qeyd edib. İki ölkə arasında ticarət dövriyyəsinin artım tempinin müşahidə olunduğunu deyərək, bunun daha da artırılması üçün geniş imkanların olduğunu vurğulayıb. Görüşdə iqtisadiyyat, enerji, kənd təsərrüfatı, bərpaolunan enerji, investisiyalar, elm, təhsil, mədəniyyət, turizm, təhlükəsizlik sahələrində və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb. 

  Politoloq Elçin Xalidbəyli "Şərq"ə bildirib ki, Azərbaycan və İsrail münasibətlərinin inkişaf etdirilməsi hər iki tərəf üçün böyük əhəmiyyət daşıyır. Analitikin sözlərinə görə, böyük ehtimalla yaxın gələcəkdə bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldilməsi də qətiyyən istisna deyil:

 "Azərbaycan Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibidir. Bu baxımdan, İsrail üçün Azərbaycanla yüksək səviyyəli münasibətlərin qorunması olduqca cəlbedicidir. Üstəlik, Azərbaycan yəhudi icmasının heç bir problemlə üzləşmədən yaşadığı dünyanın nadir ölkələrindəndir. Nəhayət, Azərbaycan İsrail üçün türk dünyasına, o cümlədən də Orta Asiya regionuna "pəncərə" rolunu da oynaya bilər. Və bu, iqtisadi-ticari baxımdan, olduqca sərfəli əməkdaşlıq perspektivləri açır.
  İsraillə münasibətlərin inkişafı Azərbaycan üçün də önəmlidir. Çünki İsrail müasir texnologiyalara sahib olan bir dövlətdir. Xüsusilə də, İsrail hərbi sənaye kompleksinin istehsalı olan müasir silah növləri Azərbaycanın maraq dairəsinə daxildir". 
  E.Xalidbəyli vurğulayıb ki, Azərbaycan və İsrail münasibətlərindən narahat olan ölkələr də mövcuddur: "Halbuki bu münasibətlərin hansısa üçüncü ölkəyə qarşı yönəlmədiyi də indiyə qədər dəfələrlə bəyan edilib. Rəsmi Bakı digər ölkələr arasında olan ziddiyyətlərdə tərəfə çevrilmək niyyətindən çox-çox uzaqdır. Yəni Azərbaycan-İsrail münasibətləri yalnız bu iki ölkənin iqtisadi-ticari əməkdaşlığını əhatə edir və başqa ölkələrə qarşı yönəlməyib".