İstanbul terrorunun izləri...
Məqsəd Türkiyədə, toplum arasında qorxu yaratmaqdır
"Teraktın daxili siyasəti hədəfləyən məqsədləri də ola bilər. Çalışırlar ki, toplum seçki öncəsi təhlükəsizliklə bağlı şübhəyə, hətta ümidsizliyə düşsün"
Noyabrın 13-də Türkiyədə, İstanbulun mərkəzi sayılan İstiqlal prospektində terror hadisəsi törədilib. Dəhşətli partlayış nəticəsində 6 nəfər həyatını itirib, 81 nəfər isə yaralanıb. Hadisədən bir müddət sonra partlayışı törədən qadın saxlanılıb. Onun PKK terror təşkilatının üzvü olduğu məlum olub. Terrorçu Suriya əsilli Ahlam Albashırdır. Erməni terror təşkilatı ASALA da İstanbul teraktını öz üzərinə götürüb. Qruplaşma Türkiyə ilə yanaşı, Azərbaycanı da hədələyib. Türkiyənin Daxili işlər naziri Süleyman Soylu terrorla mübarizənin ən kəskin formada davam edəcəyini söyləyib. Nazir terrora "göz yuman" bir sıra dövlətlərə də mesaj verib:
"Terrorçulara güc verən, pul göndərən müttəfiqlərin qeyri-səmimiliyi göz qabağındadır. Bu hücumu həyata keçirənlərin bizə hansı mesajı vermək istədiklərini bilirik. Bu mesajı aldıq. Qarşılığını daha ağır verəcəyik. Bu mesaja cavab aydın olacaq. Təbii, kədərimiz çox ağırdır". Süleyman Soylu ABŞ-ın İstanbuldakı hücuma reaksiyasını tənqid edib: "Düşünürəm ki, ABŞ-ın verdiyi başsağlığına xüsusi diqqət yetirmək lazımdır. Biz ABŞ-ın başsağlığını qəbul etmirik. Bu mesaja cavab çox aydın olacaq". Qeyd edək ki, Ağ Evin sözçüsü “ABŞ İstanbulda baş verən zorakılıq aktını qətiyyətlə pisləyir” və həmçinin “yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir” deyə məlumat yayıb.
İstanbul şəhərinin valisi Ali Yerlikaya deyib ki, partlayışdan sonra xəstəxanalara yerləşdirilən yaralıların 57 nəfəri evə buraxılıb. O qeyd edib ki, 18 nəfər müalicəsini davam etdirir, onlardan 6 nəfəri reanimasiya və intensiv terapiya şöbəsindədir. Xəstələrdən ikisinin vəziyyəti ağırdır: "Yaralıların tez bir zamanda sağlamlıqlarına qovuşması üçün dualar edirik”. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop isə bildirib ki, Türkiyənin stabilliyini pozmaq istəyənlər gec-tez özləri qeyri-stabilliyə sürüklənəcəklər:
"Aparılan araşdırmalar nəticəsində terror aktının arxasında kimlərin durduğu mütləq ortaya çıxacaq və Türkiyə bunun cavabını ən sərt şəkildə verəcək. Azərbaycan və Türkiyə baş prokurorları İstanbulda törədilmiş terror aktı cinayətinin araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparıb.
Terror aktının məhz indiki dönəmdə baş verməsi ilə bağlı müxtəlif mülahizələr var. Xüsusən, Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündən qısa müddət sonra, həmçinin gələn il keçiriləcək prezident və parlament seçkisinə az qalmış İstanbulda terror aktının törədilməsi xeyli suallar yaradır.
Türkiyədə sonuncu dəhşətli terror hücumu 2016-cı ilin son günü, 2017-ci ilə keçən gecə baş vermiş "Reina" aktı idi. Buna qədər Türkiyədə davamlı şəkildə terror hücumları yaşanırdı. "Reina" terrorundan sonra hücumlar səngidi, xüsusilə İstanbul kimi böyük şəhərlərdə terror "yoxa çıxdı". Ekspertlərin fikrincə, bu, Türkiyənin təhlükəsizliyini gücləndirməsi ilə yanaşı, həm də dünyadakı geosiyasi proseslərdən qaynaqlanırdı. Xüsusilə "Reina" terrorunun törədildiyi dönəm ABŞ-da demokratların hakimiyyəti təhvil verməsinə təsadüf etmişdi. Respublikaçılar dövründə Türkiyənin terrorla hədəfə alınması prosesi səngimişdi. Hədəfin indiki məqamda daha çox seçkiyə hazırlaşan Türkiyənin daxili siyasətinə yönəlməsi ehtimalı ön plandadır.
Millət vəkili Arzu Nağıyev "Şərq"ə deyib ki, teraktın dəsti-xəttindən görünür ki, məqsəd Türkiyədə, toplum arasında qorxu yaratmaqdır. Deputatın sözlərinə görə, məqsəd bu terakt üzərindən siyasi ab-havanı formalaşdırmaq və müəyyən mesajlar verməkdir:
"Türkiyədə terror aktları əsasən, hərbçilərə, polislərə, yaxud səfirliklərə, hansısa funksiyası olan böyük qurumlara qarşı törədilirdi. Lakin İstanbul terroru sanki gələcəkdə Türkiyəyə qarşı hansısa siyasi bəyanatlar verməyə hesablanıb. ASALA isə yaranmış fürsətdən istifadə edərək öz "varlığını" ortaya qoymaq məqsədi güdür. Erməni terrorunun bitmədiyini, lazım olan anda "işə düşdüyünü" demək istəyirlər. Teraktın daxili siyasəti hədəfləyən məqsədləri də ola bilər. Çalışırlar ki, toplum seçki öncəsi təhlükəsizliklə bağlı şübhəyə, hətta ümidsizliyə düşsünlər. Digər məqam odur ki, türk birliyi böyüdükcə, Türk Dövlətləri Təşkilatı gücləndikcə və təsir imkanlarını artırdıqca həmin qüvvələr terrora əl atırlar. Daxili işlər naziri Süleyman Soylunun açıqlamalarından aydın olur ki, hədəflərdən biri də AKP iqtidarının daxilində parçalanma yaratmaq olub. Ona görə də hesab edirəm ki, İstanbulda baş vermiş teraktda sadəcə bir xətt axtarmaq doğru deyil. Hədəf və məqsədlər çoxsaylı ola bilər. Bir məqama da diqqət çəkim ki, terrordan sonra Azərbaycanın təhlükəsizlik xidmətləri dərhal İranın casus şəbəkəsini ifşa etdilər".
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə bildirib ki, DTX-nın bir əməliyyatla İranın ölkəmizə qarşı casusluq edən 5 əməkdaşının ifşa olunması və vətənə xəyanət maddəsi ilə məsuliyyətə cəlb olunması istiqamətində fəaliyyəti ciddi, sistemli və uzunmüddətli işin nəticəsi olaraq dəyərləndirilə bilər. Ekspertin fikrincə, bu əməliyyat, hətta İran və Azərbaycan arasındakı dövlətlərarası münasibətlərə ciddi təsir edə biləcək səviyyədədir: "Görünən odur ki, qonşu İranın xüsusi xidməti açıq-aşkar Azərbaycan əleyhinə casus şəbəkəsi formalaşdırıb və özünün kəşfiyyat maraqlarını həyata keçirir.
Bu tip hərəkətlər son zamanlar hətta sosial mediada açıq fəaliyyət göstərən bəzi iranpərəstlərin də çıxışlarından görünür. Güman etmək olar ki, İranın son zamanlar Azərbaycan əleyhinə təhdidlərinin artmasından, sərhəddə hərbi təlimlər keçməsindən sonra Azərbaycana qarşı işləyən casus şəbəkə də aktivləşib.
DTX-nın bununla bağlı açıqlamasında diqqət cəlb edən həm də bu agentura şəbəkəsinin topladığı məlumatları "Telegram" və "WhatsApp" kimi sosial media resurslarından istifadə etməklə ötürməsidir. Maraqlıdır ki, bu agentura şəbəkəsi daha təhlükəsiz olan "Signal"dan deyil, FETÖ şəbəkəsinin istifadə etdiyi "ByLock" tipli mesencerlərdən deyil, daha adi sosial resurslardan istifadə ediblər. Ehtimal ki, DTX Meta şirkətinə və "Telegram"ın ofislərinə cinayət məsuliyyətinə cəlb olunanlarla bağlı əlavə məlumatların verilməsi üçün müraciət edib. Qlobal resurslar beynəlxalq normalara görə cinayət işi başlananlarla bağlı əsaslandırılmış sorğular daxil olduqda məlumatları təqdim etməyə borcludur.
Amma adətən bu tip qlobal şirkətlərdə ikili standartlar da olur. Odur ki, "Telegram"ın casuslarla bağlı məlumatları Azərbaycan tərəfinə verəcəyi inandırıcı görsənməsə də, düşünürəm ki, Meta şirkətindən "WhatsApp" istifadəçisi olan casus şəbəkə üzvləri haqqında məlumatları əldə etmək mümkündür. Xüsusi xidmət orqanlarımızın İranın agentura şəbəkəsinə qarşı fəaliyyəti təqdirəlayiqdir".