Müasir müharibəyə hazırıq

Azərbaycanla Türkiyənin birgə PUA-lar istehsal etməklə bağlı qərarı böyük hədəflərdən xəbər verir
  Azərbaycan və Türkiyə birgə pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək. Bu barədə Türkiyənin "Baykar" şirkəti məlumat yayıb. Bildirilib ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin "Baykar" şirkəti arasında niyyət protokolu imzalanıb. Sənədi Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanovla "Baykar" şirkətinin baş direktoru Haluk Bayraktar imzalayıblar. Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanı general-leytenant Ramiz Tahirov da iştirak edib. 
  Ehtiyatda olan polkovnik, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov "Şərq"ə deyib ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın sürətlə genişləndiyi, yeni sahə və sferaları əhatə etdiyi məlumdur. Polkovnik vurğulayıb ki, iki qardaş dövlətin birgə PUA istehsal edəcəyi faktı da bu əməkdaşlığın miqyasından, inkişaf tempindən xəbər verir: 
"Hesab edirəm ki, Azərbaycanla Türkiyənin birgə PUA istehsalı hər iki dövlətin hərbi qüdrətinin artmasına, onun müdafiə qabiliyyətinin yüksəlməsinə öz müsbət təsirini göstərəcək. Bildiyiniz kimi, PUA-lar müasir müharibələrin ayrılmaz tərkib hissəsidir. Bu gün elə bir müharibə yoxdur ki, onları PUA-larsız təsəvvür etmək mümkün olsun. Bu gün Ukrayna-Rusiya müharibəsində hər iki tərəfin PUA-lardan geniş istifadə etməsi bu texnologiyanın hərbi əməliyyatlardakı önəmindən xəbər verir. Bizim üçün sevindiricidir ki, qardaş Türkiyə dövləti PUA istehsalı sahəsində böyük təcrübəyə malikdir. Bu gün Türkiyə istehsalı olan “Bayraktar-TB 2” PUA-ları dünyanın onlarla ölkəsinə ixrac edilməkdədir. Daha onlarla dövlət isə bu PUA-ları almaq üçün növbəyə düzülüb. Bu onu göstərir ki, Türkiyə, həqiqətən də, PUA istehsalı sahəsində dünya liderlərindən biridir və bu sahədəki uğurlarını sürətlə genişləndirməkdədir. Bu baxımdan Azərbaycanın Türkiyə ilə birlikdə PUA istehsalı həyata keçirməsi ölkəmizin maraqları baxımından ikiqat əhəmiyyətə malikdir".
  C.Xəlilov bəyan edib ki, PUA istehsalı Azərbaycanın onsuz da güclü olan hərbi sənayesinin daha da güclənməsinə, bu istiqamətdə də ciddi üstünlüklər əldə etməsinə səbəb olacaq: "Bildiyiniz kimi, Azərbaycan müdafiə qabiliyyətinin mütəmadi şəkildə gücləndirilməsini həyata keçirir, bu istiqamətdə böyük vəsaitlər sərf edir. Bir müddət bundan öncə dövlət başçısı öz müsahibəsində də bildirmişdi ki, büdcəyə əlavələr fonunda hərbi sahəyə də vəsaitlər ayrılacaq. Ölkə başçısı hər zaman bildirib ki, müdafiə və təhlükəsizlik məsələləri dövlət üçün prioritet sahələrdən biridir və bu sahələrə nə qədər lazımdırsa, o qədər maliyyə vəsaiti ayrılacaq. PUA istehsalı da bilavasitə müdafiə və təhlükəsizliyimizə hesablanan bir addımdır. Bu yenilik Azərbaycanın regiondakı hərbi liderlik mövqeyinin daha da güclənməsinə səbəb olacaq".