Faiq Ələkbərli: "AMEA uzun müddət dedi-qodularla məşğul olub"
Azərbaycan Milli Elmlər Akademiyasında elm ocağının “Texnofest Azərbaycan” festivalında iştirakının nəticələrinə həsr olunmuş xüsusi iclas keçirilib. Vitse-prezident, akademik Rasim Əliquliyev deyib ki, AMEA festivalda Azərbaycanın intellektual məfhumu kimi təqdim edilməyib. O, tədbirdə bu əhval-ruhiyyənin hiss edilmədiyini vurğulayıb: “Akademiyanın güclü potensialı olub, yarandığı gündən elmin bütün istiqamətlərində böyük nailiyyətlər əldə edib.
Amma burda hiss etdim ki, Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik. Bu məsələdə aktiv olmalıyıq. Festivalda iştirakımız barədə insanlara yorulmadan məlumatlar verməliyik. Biz fəaliyyətimizi müasir çağırışlara uyğunlaşdırmalıyıq”.
Akademik əlavə edib ki, festivalı quruma gələcək fəaliyyətini daha yaxşı qurmaqla bağlı müəyyən dərs verdi: “AMEA-nın innovasiya, tətbiq məsələləri ilə daxili və xarici bazara çıxması bir neçə xüsusi təşkilatları çıxmaq şərti ilə yaranan mənzərə diqqəti o qədər də cəlb edən deyil. Sanki laqeydlik, inamsızlıq var. Sizə deyim ki, AMEA-ya kənardan o dərəcə etimad yoxdur”. Rasim Əliquliyev bəyan edib ki, innovativ istiqamətdə fəaliyyətin daha da təkmilləşdirilməsi, Azərbaycanda bilik iqtisadiyyatının formalaşdırılması ilə bağlı ciddi problem var: “Sanki proseslərdən kənarda qalmışdıq. Söhbət bilik iqtisadiyyatının formalaşdırılmasından gedir. İşimizi bazar iqtisadiyyatının tələblərinə uyğun qurmalıyıq. Ölkələrarası biznes forumlarda iştirak etmək, görüşlər keçirmək, təcrübə mübadiləsi aparmaq olduqca vacibdir. Ətrafımızda bir sosiotexnoloji mühit yaranır, biz bundan kənarda qala bilmərik”.
Akademiya rəhbərliyinin etiraflarını “Şərq”ə dəyərləndirən AMEA-nın elmi işçisi, alim Faiq Ələkbərli deyib ki, son illərdə AMEA texnoloji sahələrdə ciddi uğurlar əldə edə bilməyib. Əksinə, elm məbədi uzun müddət dedi-qodularla, elmə dəxli olmayan söz-söhbətlərlə məşğul olub:
“Belə fəaliyyət akademiyanın nüfuzuna böyük zərbə vurdu. Reallıq odur ki, AMEA hər hansı ciddi nailiyyəti, icadı, elmi uğurları ilə yadda qalmayıb. Son olaylardan sonra akademiyanın nüfuzuna daha çox xələl gəldi. Halbuki, akademiyanın elmi tədqiqat institutları var və müəyyən işlər görülür. Ancaq yeni və müasir avadanlıqlarla təmin olunmaq, innovativ yeniliklərlə ayaqlaşmaq, beynəlxalq sərgilərdə boy göstərmək olduqca vacib şərtlərdir. Eyni zamanda elmli, savadlı, istedadlı, intellektual gənclərin potensialının üzə çıxarılması istiqamətində də addımlar atılmalıdır. AMEA-nı yenidən ayağa qaldırmalı, nüfuzunu bərpa etməliyik. Problemlərə köklənib qalmamalıyıq, onların həllinə ən qısa zamanda nail olmalı və inkişaf barədə düşünməliyik. Alimlərin də özlərinə inamı olmalıdır, beynəlxalq arenaya çıxmaqdan çəkinməməliyik. Modern dövrün tələblərinə uyğun olaraq ciddi dönüş etməliyik. Yaxşı olar ki, AMEA-ya büdcədən daha çox vəsait ayrılsın. İstedadlı gənclərə daha çox diqqət və qayğı göstərilsin”.