Partiya sədrləri fransalı səfirlə görüşdülər! - Nələr müzakirə olundu? 

Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının qərargahında AMİP, AXP və Ağ Partiya sədrlərinin Fransanın Azərbaycandakı səfiri, cənab Zakari Grosla görüşü keçirilib. 

"Sherg.az" xəbər verir ki, bu barədə AĞ PARTİYA sözçüsü Cavanşir Abbaslı məlumat verib. O bildirib ki, görüşdə ölkədə və regiondakı mövcud vəziyyət, Ermənistan tərəfindən üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərin icrası, Fransanın Qarabağ məsələsindəki mövqeyi, Rusiyanın Ukraynaya təcavüzü və eləcə də, digər məsələlər geniş şəkildə müzakirə edilib.
Görüşdə AMİP sədri Arzuxan Əlizadə, Ağ Partiya başqanı Tural Abbaslı, AXP sədri Pənah Hüseyn, AMİP sədrinin Beynəlxalq Məsələlər üzrə müavini Elşən Mustafayev, eləcə də səfir Zakari Grosla yanaşı, Fransa səfirliyinin Siyasi Məsələlər üzrə ateşşesi Bruyere-İsnard Teo da iştirak edib.
Onu da qeyd edək ki, bu görüş son bir həftə ərzində siyasi partiyaların diplomatik korpusla keçirdiyi ikinci görüşdür. İlk görüş də AMİP qərargahında ABŞ-ın Azərbaycandakı səfirinin siyasi məsələlər üzrə müşaviri xanım Kristine Sinqlə keçirilib.