Paşinyan imperialist maraqların qurbanıdır

Bəlkə Ermənistanı rahat və təkbaşına buraxsalar, sülh masasına əyləşər

  "Ermənistan 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya sənədindən ötən iki il müddət ərzində hər fürsətdə təxribata əl atır". Bunu "Şərq"ə açıqlamasında ehtiyatda olan general, Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi Yücel Karauz deyib. General bildirib ki, Ermənistan hər təxribat cəhdində kənar ölkələrin dəstəyini alır: "Bir neçə ölkə var ki, bəzən tək-tək, bəzən də birlikdə Ermənistanı Azərbaycanın üzərinə qaldırır, düşmən tərəfi təhrik edirlər. Təbii ki, Ermənistan tərəfi məğlub statusu ilə, yəni indiki vəziyyətdə Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmir. Buna görə də mümkün qədər sülh müqaviləsinin imzalanmasını uzatmağa, zaman qazanmağa çalışır. Necə ki, 1994-cü ildə Bişkekdə imzalanmış atəşkəs anlaşması zamanla sülh razılaşmasına çevrilmədi, eləcə də 10 noyabr sazişinin, yəni Ermənistanın kapitulyasiya sənədinin sülh sənədinə çevrilməsinə qarşı çıxır. Əlbəttə, bu, sadəcə İrəvanın istəyi deyil. Bəlkə Ermənistanı rahat və təkbaşına buraxsalar, sülh masasına əyləşər. Ancaq Ermənistanın arxasında duranlar, onu himayə edən beynəlxalq güclər İrəvanın sülhə yaxınlaşmasına imkan vermirlər. Hazırda Nikol Paşinyan hökuməti Ermənistanın maraqları ilə dünya güclərinin, imperialist maraqların arasında get-gəl etməkdədir. Əslində, hər keçən gün Ermənistanın vəziyyəti daha da pisləşir və çıxılmaz vəziyyətə düşür". 
  Y.Karauz vurğulayıb ki, təxribatın əsas təhrikçisi İrandır: "İran Birinci Qarabağ müharibəsi başlayan gündən etibarən birbaşa Ermənistanın yanında yer alıb. İşğalçı Ermənistanı hər cür silah-sursatla, digər yardımlarla təmin edib. Aprelin 11-də baş vermiş erməni təxribatında da əsasən İranın Ermənistana verdiyi PUA-lardan istifadə olunduğu üzə çıxdı. Bu, İran üçün çox böyük strateji yanlışlıqdır. Hadisənin incələnməsindən, SEPAH-ın açıqlamalarından aydın olur ki, baş vermiş təxribatın İranla koordinasiya edildiyini göstərir. Ermənistanı dəstəkləyən digər ölkələr isə Fransa və başqa Avropa dövlətləridir. Fransanın Cənubi Qafqazda maraqları var və Zəngəzur dəhlizinin açılmasını istəmir. ABŞ da İrəvana dəstək verən ölkələr sırasındadır. Vaşinqton bölgədəki proseslərin Azərbaycan və Türkiyə lehinə dəyişməsini istəmir. Sözsüz ki, əsas təhrikçilərdən biri də Rusiyadır. Moskva regiondakı varlığını və maraqlarını rus sülhməramlıları vasitəsi ilə təmin etməyə çalışsa da, buna nail ola bilmir".