Rauf Ağamirzəyev: Yeni kollektorlar yox, kompleks idarəetmə modeli vacibdir
Paytaxtda yağış sularının idarə edilməsi sistemli xarakter almalı, işlər xüsusi plan üzrə icra olunmalıdır. Bu barədə “Sherg.az”a nəqliyyat və logistika üzrə mütəxəssis Rauf Ağamirzəyev bildirib.
Mütəxəssis qeyd edib ki, ötən il Bakı Expo Mərkəzində keçirilən Bakı Su Həftəsi çərçivəsində şəhərdə inşa olunan kollektor layihələri ilə bağlı məlumat əldə etmişdi. Layihələr arasında mikrotunel texnologiyasının tətbiqi xüsusilə diqqətini çəkib. R.Ağamirəzyev qeyd etdi ki, bu layihə şəhər mühitinə minimum təsirlə mühüm infrastrukturun qurulması baxımından əhəmiyyətli addımdır: 
- Bu ilin yanvar ayında qəbul edilən 2026–2035-ci illər üzrə Dövlət Proqramı isə göstərir ki, bu sahədə yanaşma artıq daha sistemli xarakter alır. Amma düşünürəm ki, növbəti mərhələdə diqqət yalnız yeni layihələrin icrasına yox, ümumi idarəetmə modelinə yönəlməlidir. Risk xəritələri yenilənməli, yağış suları üzrə master-plan hazırlanmalı və ya təkmilləşdirilməli, zəif nöqtələr üzrə texniki audit aparılmalı, kollektor və nasos infrastrukturu gücləndirilməli, şəhərsalma qərarları hidroloji reallıqlara uyğunlaşdırılmalıdır, ayrıca, ictimaiyyət üçün də aydın və ölçülə bilən hesabatlılıq təmin olunmalıdır. Çünki məsələ təkcə yeni kollektorların tikintisi deyil, eyni zamanda şəhər miqyasında suyun idarə olunmasına kompleks yanaşmanın formalaşdırılmasıdır.