"Qarabağ klanı" çoxdan tarixin arxivinə göndərilib
Xankəndi və ətraf bölgələr nəzarətimizə keçəndən sonra Sarkisyan-Koçaryan cütlüyünün son ümidləri də məhv olacaq
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın günlərdir anons edilən geniş müsahibəsi yayıldı. Erməni mediası müsahibəni geninə-boluna tirajladı. Sarkisyan müsahibəsində bir sıra etiraflar edib. Məsələn, vurğulayıb ki, Azərbaycan Prezidentinin çıxış və sözləri birmənalı olaraq Ermənistan cəmiyyətində həqiqət kimi qəbul edilir. O, erməni cəmiyyətindəki ümumi atmosferi də dəyərləndirib.
Qeyd edib ki, cəmiyyətdə böyük məyusluq var. Artıq hamı Qarabağ münaqişəsinin başa çatdığını düşünür. Görünür, ermənilər 30 illik işğaldan psixoloji olaraq da əl çəkmək yoluna qədəm qoymaqdadır. İşğalın onların bütün həyatını məhv etdiyini nəhayət anlamağa başlayıblar. Sarkisyan “kapitulyasiyaya məcbur olduq, sındırıldıq, məhv edildik” sözləri ilə ümumi əhval-ruhiyyəni ortaya qoyub. Buna baxmayaraq, Sarkisyan yenə də cəmiyyəti yalan vədlərlə yenidən qırğına verməkdən əl çəkməyib. Keçmiş prezident “müharibə istəməmək”, “sülhə hazır olmaq” ifadələrinin ölkənin suverenliyinə “təhdid” olduğunu bildirib.
“Qarabağla bağlı danışıqları” bərpa etmək üçün hələ də imkanlar olduğunu, Minsk qrupunu diriltməyin lazım gəldiyini iddia edib. O, hakimiyyətin “siyasi dilənçilik”dən qurtarmalı olduğunu deyib və iddia edib ki, Paşinyan doğru olmayan yolla gedir. Sarkisyan sözlərinin revanşizm kimi qəbul edilməməsini istəsə də, əsl niyyətinin revanşizmi körükləmək olduğu gün kimi aydındır. Azərbaycan tərəfi dəfələrlə Ermənistana sülh çağırışı edib və münaqişə mərhələsinin bitdiyini deyib. Rəsmi Bakı ən qısa zamanda Xankəndi və ətrafına nəzarəti əlinə alacaq. Əgər Ermənistan cəmiyyətində buna razı olmayan, Azərbaycanın ərazi bütövlüyünə qəsd etmək istəyən sarkisyanlar kimilər yenidən baş qaldırmaq istəsə, onların başı dərhal əziləcək. Ötən gün dövlət başçısı İlham Əliyev də Ermənistandakı revanşistlərə növbəti sərt xəbərdarlığını etdi. Vurğuladı ki, erməni faşizminin dirçəlməsinə imkan vermək olmaz.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Şərq”ə bildirib ki, Ermənistan 44 günlük müharibədə çox böyük zərbə alaraq məğlubiyyətə uğrayıb. QAT rəhbərinin sözlərinə görə, Vətən müharibəsinin nəticələri və torpaqlarımızın işğaldan azad olunması həm də “Qarabağ klanı”nın belinin qırılması, əliqanlı siyasi qruplaşmanın məhv edilməsi idi:
“Sarkisyan-Koçaryan cütlüyü hər fürsətdə müxalifətçilik oynayır, Paşinyan hökumətini tənqid edərək mövcud problemləri İrəvan hakimiyyətinin boynuna yükləməyə çalışır. Mümkün qədər ətraflarına tərəfdaş toplamağa, yenidən siyasi səhnəyə qayıtmağa cəhd göstərirlər. Bunun yollarını axtarırlar.
Anlamırlar ki, qatar çoxdan gedib və geri dönüşü qeyri-mümkündür. “Qarabağ klanı” elə bir çuxura düşüb ki, oradan çıxması imkansızdır. Sarkisyanın “statusdan” danışması, Minsk qrupunun “zəruriliyini” qeyd etməsi mənasızdır. Son ümid yerləri Qarabağdakı rus sülhməramlıları və Xankəndidəki separatçılardır. Sülhməramlılar torpaqlarımızı tərk edəndən və Xankəndi və ətraf bölgələr nəzarətimizə keçəndən sonra Sarkisyan-Koçaryan cütlüyünün son ümidləri də məhv olacaq. Söylədiklərinin cəmiyyətdə qarşılıq tapmadığını özləri də çox yaxşı bilirlər”.
A.Nağı vurğulayıb ki, “Qarabağ klanı” hələ də Rusiyadakı müəyyən dairələrdən dəstək görür:
“Erməni diasporası ilə İrəvan hökuməti arasında ziddiyyət və qarşıdurma var. Paşinyanın addımlarından “məyus” olan erməni diasporası cəmiyyətdə dayaqlarını itirmiş “Qarabağ klanı”na da dəstəyini kəsib. Sarkisyan-Koçaryan vaxtı, ümumiyyətlə heç zaman Ermənistan dövləti olmayıb. Ermənistanı diaspora və kilsə idarə edirdi.
Yanaşmasından görünür ki, Paşinyan Ermənistanı dövlət etməyi qarşısına məqsəd qoyub. Baş nazirin məqsədinə nail olub-olmayacağını zaman göstərəcək”.