Rusiya-Ukrayna müharibəsində həm cəbhə xəttində, həm də qarşılıqlı uzaqmənzilli zərbələr müstəvisində gərginlik artmaqda davam edir. Son həftələr Rusiya Ukraynanın müxtəlif şəhərlərinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə intensiv hücumlar həyata keçirir. Bu zərbələr nəticəsində mülki infrastruktur, yaşayış binaları və digər obyektlərə ciddi ziyan dəyir. Eyni zamanda Ukrayna da Rusiyanın hərbi-logistika imkanlarını zəiflətmək məqsədilə yanacaq bazaları, neft emalı müəssisələri və strateji əhəmiyyət daşıyan ticarət-logistika obyektlərinə uzaqmənzilli zərbələri artırır. Qarşılıqlı hücumların miqyasının genişlənməsi müharibənin növbəti mərhələsinin daha sərt keçəcəyinə dair qiymətləndirmələri gücləndirib.
Əməkdar jurnalist, televiziya tənqidçisi, BDU-nun professoru Qulu Məhərrəmli Sherg.az-a bildirib ki, Rusiya Ukraynanı ballistik raketlərlə və yaşayış binaları daxil, hara gəldi vurur:

“Ukrayna ordusu isə məqsədyönlü şəkildə yanacaq və ticarət obyekrlərini sistemli şəkildə çökdürür. Ən yaxın vaxtlarda hərbi vəziyyət Rusiyanın ziaynına daha ciddi şəkildə dəyişəcək, çünki V.Zelenskinin ABŞ-yə səfərindən, Trampla effektli görüş və razılaşmalardan sonra Vaşinqton faktiki olaraq Kiyevin müttəfiqinə çevrilib. Aİ-nin ayırdığı vəsait hesabına NATO da bu yaxınlarda yeni raketlərin Kiyevə çatdırılmasını nəzərdən keçirir. Ukraynanın öz “Flaminqo”ları da təkmilləşir. İndi onlar daha uzağı və hədəfləri daha dəqiqlikə vurmağa başlayıb”.