Rafiq Tağının qətli birmənalı sifariş idi

Deputat Fazil Mustafaya açılan atəşdən sonra göründü ki, İran təsadüfi adamları seçmir
Cümşüd Nuriyev: “Rafiq Tağı cinayətinin də altından İranın çıxacağına əminlik var. Qardaşı bu məsələni təsadüfən qaldırmayıb”
  11 il öncə qətlə yetirilən yazıçı-publisist Rafiq Tağının yaxınları qətllə bağlı açılmış cinayət işinin yenilənməsini istəyib. Rafiq Tağının qardaşı İlqar Tağı müvafiq qurumlara müraciət edib. O, yeni istintaq qrupunun yaradılmasını və qətlin araşdırılmasını tələb edib: “İstintaqı daha dərin aparmaq lazım idi. Səthi aparıldı. Ona görə də istintaq nəticə vermədi, yaxud da nəticələri qəsdən gizlədildi. Hesab edirəm ki, Fazil Mustafaya edilən sui-qəsddən sonra Rafiq Tağının istintaqı da yenilənməlidir. Təzə istintaq qrupu müəyyənləşdirilməlidir. DTX, Baş Prokurorluq və DİN-dən ricam budur ki, Rafiq Tağının məsələsinə təzə istintaq qrupu təşkil edilərək yenidən baxılsın”. Qeyd edək ki, R.Tağı 2011-ci ilin noyabrında işdən evə gedərkən yolda bıçaqlanıb. O, 4 gün sonra xəstəxanada vəfat edib. Qətli ilə bağlı başlanmış istintaq işi təxmini 2 il sonra dayandırılıb. Rəsmi izahda cinayəti törədənin müəyyən edilməməsi göstərilib. Məsələ ilə bağlı Baş Prokurorluğa edilən müracitələr nəticəsiz olub. 
Yenidən qaldırılan cinayət məsələsi ilə bağlı "Şərq"ə danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, mərhum yazıçı Rafiq Tağının ölümü müəmmalı qalıb. Professorun sözlərinə görə, Rafiq Tağı istedadlı publisist idi:
 "O, İranın yürütdüyü siyasətin islam dininin əleyhinə olduğunu, dini gözdən saldığını gündəmə gətirirdi. Rafiq Tağı islamı yaxşı bilirdi və milli dəyərlərə hörmətlə yanaşan yazıçılardan idi. Onun qətli birmənalı sifariş idi. Deputat Fazil Mustafaya açılan atəşdən sonra göründü ki, İran təsadüfi adamları seçmir. Elə adamları hədəf alırlar ki, onlar öz mövqelərində qəti və dönməz olurlar. Rafiq Tağı cinayətinin də altından İranın çıxacağına əminlik var. Qardaşı bu məsələni təsadüfən qaldırmayıb. 11 il bundan öncə Azərbaycan-İran münasibətlərində indiki kimi gərginlik yox idi, daha doğrusu, pərdələr bu qədər götürülməmişdi. Bəzi məsələlərin açılıb-ağardılmasını istəməyən qüvvələr var idi. İranın "5-ci kolonu" da o vaxtlar Azərbaycanda çox güclü idi. Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatlarından sonra şəbəkədə dağılma prosesi başlayıb".
  C.Nuriyev vurğulayıb ki, əslində bu proseslər çoxdan başlamalıydı, amma təəssüf ki, köhnə MTN zamanında bu məsələlərə barmaqarası baxılmışdı: 
"İndi vəziyyət fərqlidir. Artıq İrana bağlı casus şəbəkəsinin zərərsizləşdirilməsi istiqamətində ciddi, qətiyyətli addımlar atılır. Rafiq Tağının xitam verilmiş işinə baxıla, yenidən cinayət işi açıla bilər. Azərbaycan qanunlarına görə, ağır cinayətlərin araşdırılmasının, təhqiqatının 20 il müddəti var. Rafiq Tağı cinayətindən isə 11 il ötüb. İnanıram ki, yeni araşdırmalar bəzi məqamları üzə çıxaracaq. Əvvəlcədən kimisə ittiham etmək istəmirəm. Amma bütün hallarda bu cinayətdə bizi sevməyən xarici və daxili güclərin əlinin olmasından əminəm".