Elxan Şahinoğlu: Bu bölgənin geosiyasi mənzərəsi artıq yalnız hərbi ittifaqlar və ya dəyişən güc balansları ilə formalaşmır
“Regional müharibələr regional ittifaqların yaranmasına səbəb olub. Misal üçün Rusiya – Ukrayna müharibəsi Minsk Moskva ilə yanaşı Pekinlə də ittifaqı gücləndirməyə qərar verib”.
Bunu Sherg.az-a açıqlamasında Politoloq Elxan Şahinoğlu deyib.
O, bildirb ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvadan dərhal sonra Pekinə səfər etdi və iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə maraqlı olduğunu söylədi:
“Bunun nəticəsi olaraq Çin və Belarusun hava-desant qoşunları Çinin mərkəzində yerləşən Hubey əyalətində “Swift Eagle 2026” adlı birgə hərbi təlimlərə başlayıb. Təlimlər çərçivəsində kəşfiyyat və əks-kəşfiyyat, ərazilərin ələ keçirilməsi və mühafizəsi, eləcə də hücum və müdafiə əməliyyatları üzrə hazırlıq keçirilir. Təlimlərin əsas diqqət mərkəzində şəhər şəraitində birgə antiterror əməliyyatlarının həyata keçirilməsi dayanır. Məqsəd Çin və Belarus hərbçilərinin terrorla mübarizə missiyalarını birgə həyata keçirmək imkanlarını və döyüş qabiliyyətini artırmaqdır”.
Politoloq qeyd eib ki, oxşar durum Yaxşın Şərqdə yaranıb:
“ Bu bölgənin geosiyasi mənzərəsi artıq yalnız hərbi ittifaqlar və ya dəyişən güc balansları ilə formalaşmır. Bu gün iqtisadi dəhlizlər, texnoloji tərəfdaşlıqlar, davamlı təchizat zəncirləri və strateji əlaqə regionun gələcəyini yenidən müəyyənləşdirir. Bu transformasiyanın mərkəzində ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İsrail rol oynayır, Pakistanla Hindistan da mövcud proseslərdə fəallıqlarını artırıblar. Hindistanın Rusiya ilə enerji sahəsində əməkdaşlığını artırmasına baxmayaraq, Vaşinqton Yeni Dehli ilə tərəfdaşlıq münasibətlərinin səviyyəsini azaltmayıb. ABŞ-da dəyişən administrasiyalar Hindistanı Çinin artan təsiri fonunda balnslaşdırıcı ölkə kimi dəyərləndirirlər. Türkiyə-Səudiyyə Ərəbistanı-Pakistan ittifaqı yenicə formalaşıb. Ankara Misirin hesabına bu ittifaqın genişlənməsinə çalışır. Ancaq Səudiyyə Ərəbistanı fərqli mövqedən çıxış edir, Misirin ittifaqa qoşulmasına razı deyil. Ər-Riyad Misirin Səudiyyə Ərəbistanının regional rəqibi olan Birləşmiş Ərəb Əmirlikləri ilə sıx əlaqələrindən narazıdır”.
Ekspert vurğulayıb ki, digər istiqamətdə ABŞ- İsrail - Birləşmiş Ərəb Əmirlikləri - Hindistan ittifaqı formalaşıb:
“ Bu ittifaqda ABŞ lider, İsrail innovasiyaların tətbiqi, Birləşmiş Ərəb Əmirlikləri investisiyalar, Hindistan isə artan iqtisadi çəkisi ilə rol oynayır. Bu ittifaqı formalaşdıran əsas amillərdən biri Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) layihəsidir. Vaşinqton regional sabitliyi qorumaq üçün etibarlı tərəfdaşlar axtararkən, ittifaqda yer alan dövlətlərlə ikitərəli əlaqələri gücləndirmək siyasəti həyata keçirir. Vaşinqton İsraillə Hindistan və Birləşmiş Ərəb Əmirlikləri arasında hərbi əməkdaşlığı da təşviq edir. İsraillə Hindistan arasında əməkdaşlıq hərbi müstəvini aşaraq kəşfiyyat paylaşımı, kibertəhlükəsizlik, kənd təsərrüfatı, su idarəçiliyi, süni intellekt, kosmik texnologiya, səhiyyə innovasiyası və startap ekosistemlərinə qədər genişlənib. Hindistan İsrailin ən böyük müdafiə tərəfdaşlarından biri olaraq qalır, İsrail şirkətləri isə getdikcə Hindistanın texnologiya sektorunu sadəcə başqa bir ixrac bazarı deyil, birgə inkişaf platforması kimi görürlər. Dehlinin İsraillə səx əməkdaşlığa baxmayaraq, Yeni Dehli Körfəz ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı ilə də tərəfdaşlığını gücləndirib. Yeni Dehlinin əsas hədəflərindən biri Səudiyyə Ərəbistanını Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinə cəlb etməkdir. Ər-Riyad layihədə İsrailin iştirakına görə qərar verməyə tələsmir. Çünki, İsrail bu arxitekturada mühüm mövqe tutur. Onun Aralıq dənizi limanları Körfəz ticarətini Avropa bazarları ilə birləşdirən qapılar olmaq potensialına malikdir və bu da İsrailin Asiya, Yaxın Şərq və Avropanı birləşdirən logistika mərkəzi kimi rolunu gücləndirir. Səudiyyə Ərəbistanın bu layihəyə qoşulması üçün İsrailin Fələstin probleminə mövqeyi dəyişməlidir”.