Rusiya sülhməramlılarının missiyası sual altına düşür

"Njdenin heykəli sökülmədən parad keçiriləcəksə, üç nəticə ortaya çıxacaq"

“Rus sülhməramlılarının paradına Xocavənddə faşizmə xidmət etmiş Qaregin Njdenin abidəsi söküləcəyi halda anlayış göstərmək olar”.

Bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert bildirib ki, sülhməramlıların komandanı Rustam Muradovun ermənilərə 9 maya qədər vaxt verdiyi, ermənilərin isə buna etiraz etdiyi haqda məlumatlar var: “Heykəllə bağlı separatçıların “təhlükəsizlik şurası katibi” Balasanyanın dedikləri diqqət çəkir: “Njdenin heykəlinin harada olmasına biz qərar vermirik. “Martuni camaatı” (Xocavənd) heykəli saxlamaq, yoxsa muzeyə köçürmək istədikləri haqda özü qərar verməlidir”. Separatçı rejim bununla “məsuliyyəti” üzərindən atmaq və erməni əhalisinin əli ilə heykəlin sökülməməsinə nail olmaq istəyir. Bu, Rusiyanın və onun sülhməramlılarının problemidir”.

Analitik vurğulayıb ki, Njdenin heykəli sökülmədən parad keçiriləcəksə, üç nəticə ortaya çıxacaq: “Fəaliyyət göstərdiyi əraziyə nəzarət edə bilməyən rus sülhməramlıları birgəyaşayışı və sülhü də təmin edə bilməyəcək. Rusiya Qarabağdakı separatçı-terrorçu rejimi dəstəklədiyi üçün onların əleyhinə olan addım atmır. Njdenin heykəlinin “kölgəsində” keçiriləcək parad faşizmə qarşı yox, Azərbaycana qarşı “əzələ nümayişi”dir. Hər üç halda Rusiya sülhməramlılarının missiyası sual altına düşür”.