Bakı şəhərində Sahil kollektorunun yenidən qurulması layihəsi həyata keçirilir. Bu layihə son dövrlərdə intensiv yağıntılar zamanı müşahidə olunan su basmaları fonunda xüsusilə акtualdır və şəhərin drenaj sisteminin gücləndirilməsinə yönəlib.
Qeyd edək ki, bu barədə “Sherg.az” nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyevə istinadən məlumat verir. Mütəxəssis layihə haqqında əsas məlumatları paylaşıb. Bildirib ki, layihənin sifarişçi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, layihəçi “Hydrotrans-Engineering Mühəndislik Mərkəzi” MMC, podratçı Avro-Asiya İnşaat Korporasiyası “Evraskon” ASC-dir:
- Layihənin icra müddəti 05.07.2025 – 31.12.2027-ci ildir. Yəni, layihənin icrası 2027-ci ildə başa çatmalıdır. Layihə çərçivəsində ümumi uzunluğu 9400 m olan 2 mikrotunel qazılacaq: Ø1600 – 2000 m və Ø2000 – 7400 m. Son yağıntılar zamanı şəhərin müxtəlif ərazilərində su basmalarının baş verməsi mövcud kollektor və drenaj sistemlərinin yüklənməsini açıq şəkildə göstərdi. Yeni Sahil kollektoru bu problemlərin sistemli həllinə xidmət edəcək. Layihənin icrası güclü yağışlar zamanı suyun daha operativ axıdılması, sahilboyu və aşağı səviyyəli ərazilərdə su basma riskinin azalması, Bakı buxtasına nəzarətsiz axıntıların qarşısının alınması, ekoloji yükün azaldılması və su mühitinin qorunması, şəhər infrastrukturunun iqlim dəyişmələrinə uyğun dayanıqlığının artırılmasını təmin etməlidir. Bu layihə göstərir ki, iqlim dəyişmələri artıq gələcəyin deyil, bu günün reallığıdır və uyğunlaşma üçün belə mühəndislik həlləri həyati əhəmiyyət daşıyır.