Şərəfli gün...
Şərəfli gün...
Zəngilan Beynəlxalq Hava Limanının açılışı dünyaya mesajdır
Türkiyə və Azərbaycan regionda birgə addımlar atır
Oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Açılışda dövlət başçısı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsiblər. Zəngilan Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib. Sonra dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin, hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır. Onu da deyək ki, Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr, eni 60 metr təşkil edir. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul edəcək.
Liderlər hava limanının açılışı ilə bərabər Cəbrayıl və Zəngilan rayonlarında bir sıra mühüm obyektlərin təməlqoyma mərasimində də birgə iştirak ediblər. Dövlət başçıları “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlini qoyublar, əraziyə 15 baş ceyran buraxılıb. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev kompleksdə görüləcək işlərlə bağlı dövlət başçılarına məlumat verib. Sonra Azərbaycan və Türkiyə prezidentləri ərazidə ağac əkiblər. Azərbaycan və Türkiyə prezidentləri Cəbrayılda Qumlaq dəmir yolu stansiyasının təməlini qoyublar. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlət başçılarına Horadiz-Ağbənd dəmir yolu xətti və Qumlaq stansiyası barədə məlumat verib. Sonra liderlər Zəngilanda “Dost Aqropark”ın I mərhələsinin açılışında iştirak ediblər. Dövlət başçılarına kompleks barədə məlumat verilib.
Vətən savaşından sonra Cənubi Qafqazda əməkdaşlıq mühitinin formalaşmasında, "suların durulmasında" qardaş ölkənin mühüm rolu var. Bu, xüsusilə Ankara ilə İrəvan arasında diplomatik münasibətlərin bərpası kontekstindən qiymətləndirilməlidir. Artıq nəinki regional siyasi aktorlar, bütün dünya bilir ki, Türkiyə ilə Azərbaycan regionda birgə addım atır. Bu iki dövlətin qardaşlığı artıq planetə məlumdur.
Əlbəttə, qarşılıqlı səfərlərin beynəlxalq ictimai rəyin formalaşmasında mühüm rolu var. Ərdoğanın işğaldan azad edilmiş ərazilərə səfərləri, xüsusilə hava limanlarının açılışında iştirakı dünyaya verilən vacib mesajdır. Türkiyə regionda sabitliyin qorunmasında əsaslı rol oynayır. Bölgədə xaos yaratmaq istəyən güclər bunu mütləq nəzərə almalı, nəinki Bakı, həm də Ankara ilə hesablaşmalıdır. Ötən ilin oktyabr ayında da İran Araz boyu ərazilərdə hərbi təlimlərlə “güc nümayişi” sərgiləmişdi və həmin ərəfədə Ərdoğan Füzuli Hava Limanının açılışı məqsədilə işğaldan azad edilən ərazilərə gəlmişdi. Bir il sonra yenə eyni senari təkrarlandı. Azərbaycanla Türkiyə arasında baş tutan qarşılıqlı səfərlər Türk Dövlətləri Təşkilatının inkişafı, türkdilli dövlətlərin inteqrasiyası baxımından mühüm əhəmiyyətə malikdir.
Millət vəkili Sahib Alıyev deyib ki, Arazboyu təlim keçirənlər İkinci Qarabağ savaşı günlərində Ermənistana cəbhədəki durumla bağlı kəşfiyyat məlumatı ötürülməsindən tutmuş, ərazisindən keçməklə silah-sursat, terrorçu dəstələrin göndərilməsinədək hər cür dəstək verdi. Sonda hətta Zəngilan yaxınlığında ordumuzun önünü kəsmək, torpaqlarımızın azad edilməsinə maneçilik törətmək kimi bir rəzilliyə də əl atdı. Amma məqsədinə çata bilmədi: "2020-ci ilin 20 oktyabrında Zəngilan düşməndən azad edildi. Düz iki il sonra, Zəngilanın azad edildiyi gündə orada Beynəlxalq Hava Limanının açılışı və bu açılışa qardaş Türkiyənin lideri cənab Ərdoğanın təşrif gətirməsi təlim keçirənlərə bir ismarıcdır. Yəni "nə edirsiniz edin, proses gedəcək". Zəngilanın azad olunması, bu gün orada Zəngəzurun hava qapısının açılması kimi regionla bağlı digər planlar da reallaşdırılacaq. Maneçilik törətməyə qalxsanız, Zəngilan Beynəlxalq Hava Limanının başqa bir özəlliyini də görəcəksiniz və bu sizə çox baha başa gələcək. Əmmamənizi çıxarın qoyun qabağınıza, ağlınızı başınıza yığın, qarşınızda kimlərin durduğuna yaxşı baxın".
Millət vəkili Vüqar Bayramov da bildirib ki, Zəngilan Beynəlxaq Hava Limanı sayəsində 45 dəqiqəyə Bakıdan Şərqi Zəngəzura çatmaq mümkün olacaq. Deputat vurğulayıb ki, Azərbaycan 2 ildən qısa müddətdə işğaldan azad olunan ərazilərimizdə ikinci beynəlxalq hava limanını istifadəyə verib:
"Bu, ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan və eləcə də həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyindən xəbər verir. Regionda baş verən iqtisadi və geo-siyasi dəyişikliklər işğaldan azad olunan ərazilərimizdə 3 hava limanına niyə ehtiyacın olduğunu bir daha təsdiq etdi. Hər 3 hava limanı bütün növ təyyarələri qəbul edə biləcək. Zəngilan Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq.
Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsi ilə daşınan beynəlxalq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyətlidir".