- Hər kəs qaydalara əməl etsə, yol-nəqliyyat hadisələrinin sayı azalar, tələfat da az olar
Skuterlərin, motosikletlərin iştirakı ilə yol-nəqliyyat qəzaları getdikcə artır. DİN Baş Dövlət Yol Polisi İdarəsi, nəqliyyat məsələləri üzrə mütəxəssislər hər nə qədər xəbərdarlıq etsələr də, maarifləndirmə aparsalar da skuter, motosiklet sürənlər sanki eşitmir, qulaqlarını tıxayırlar faydalı məsləhətlərə.
Günün birində də qəza törədib canlarını, sağlamlıqlarını itirirlər. Bu günlərdə həm skuter, həmdə motosikletlə yol-nəqliyyat hadisələri baş verib. Qırmızı işıqda yolayrıcına daxil olan skuter avtomobillə toqquşub. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin bu barədə məlumatında bildirilir ki, skuter sürən hadisədən 10 saniyə əvvəl də eyni qaydanı pozub, lakin yol boş olduğundan təhlükə qəzasız ötüşüb. Bir neçə saniyə əvvəl təsadüf onları qəzadan qorumuşdusa, ikinci dəfə svetoforun qırmızı işığında keçən həmin skuteri avtomobil vurub. Həm də sürücünün skuterə mindirdiyi sərnişinlə birlikdə. Hadisə DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları tərəfindən paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi ilə Mirzağa Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.
Sabunçu rayonunda isə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi motosikletin iştirakı ilə törədilib. 36 yaşlı Emin Yavər oğlu Əsgərovun idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub. Nəticədə motosikletçi və sərnişini olan anası, 68 yaşlı Xuraman Əminağa qızı Əsgərova həlak olublar. Skuter sürən birini tərkinə alır, 36 yaşlı oğul anasını motosikletə mindirir. Nə vacibdir axı?!.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sherg.az-a açıqlamasında bildirdi ki, dəfələrlə deyilməsinə, tövsiyə, xəbərdarlıq edilməsinə baxmayaraq vətəndaşlar yol-hərəkıti qaydalarını öyrənmir, əməl etirlər, nəticədə bu cür faciəli hallar yaşanır:
- Kiçik elektrik nəqliyyat vasitəsinin sürücüləri bilməlidirlər ki, digər nəqliyyat vasitələri kimi onlar da yol-hərəkəti qaydalarını bilməli, svetoforun siqnallarının tələblərinə əməl etməlidirlər. Skuterlə sərnişin daşımaq olmaz. Qadağandır. Skuter bur nəfər üçün nəzərdə tutulub, o da onu idarə edəndir. Kiçik, elektrikli nəqliyyat vasitələrinə ümumi istifadədə olan avtomobil yollarında yolun sağ kənar zolağından başqa, digər zolaqlarla hərəkət etmək qadağandır. Skuterlər səki ilə hərəkət etməməli, piyadalara təhlükə yaratmamalıdır. Motorlu nəqliyyat vasitələri də hərəkət iştirakçılarıdır və bütün digər hərəkət iştirakçılarına şamil edilən qaydalar onlar da şamil edilir. Skuter və ya motosikletin ayrıca hər hansı üstünlüyü yoxdur, hərəkət zamanı. Motosikletlərlə bağlı da qaydalar, tələblər var. Əgər motosiklet bir nəfər üçün nəzərdə tutulubsa, sərnişin daşımaq olmaz. İki nəfərlik motosikletlərdə isə həm sürücü, həm də sərnişin mütləq kaska taxmalıdır. Hər kəs qaydalara əməl etsə, yol-nəqliyyat hadisələrinin sayı azalar, tələfat da az olar. Məsuliyyətli olmağı öyrənsinlər, nə özlərini, nə də başqalarının həyatını təhlükəyə atmasınlar.