"Tarixi torpaqlarımıza sülh yolu ilə qayıtmaq istəyirik"


Əziz Ələkbərli: "Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmağın zamanıdır"


  Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında könüllülərin fəaliyyətinin təşviq edilməsi” məqsədilə məlumatlandırma sessiyası keçirilib. Tədbir Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birlikdə təşəbbüsü ilə baş tutub. Qərbi Azərbaycan İcmasının sədri deputat Əziz Ələkbərli azərbaycanlıların öz yurdlarında təhlükəsizliyinin vacibliyini diqqətə çatdırıb. Məhz bu cür çağırışların dünya ictimaiyyətinə çatdırılmasında gənclərin fəaliyyətinin intensivləşdirilməsinin zəruriliyini qeyd edib.

  Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli deyib ki, konsepsiyaya uyğun olaraq, tarixi torpaqlarımıza sülh yolu ilə qayıtmaq istəyirlər: "Bunu Cənab Prezident öz çıxışlarında da dəfələrlə qeyd edib. Son 200 ildə azərbaycanlı soydaşlarımıza qarşı edilən aktlara görə, həmin torpaqlara qayıdışımız beynəlxalq zəmanətlə ola bilər". İcma sədri son 35 ildə Azərbaycanın tarixi torpaqlarında infrastrukturun dağıdıldığını qeyd edib: "Bizim insanlarımız ora qayıdarkən onlar üçün yaşam şəraiti bərpa edilməlidir. Və o adamlar öz tarixi torpaqlarında vətəndaş kimi həyatlarını davam etdirməlidirlər".

  Ə.Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycan həqiqətlərini bilən, məlumatı olan gənclik yetişməlidir. Azərbaycana qarşı tarixi haqsızlıq və təcavüz siyasətinə beynəlxalq arenada lazımi qiymət verilmədiyini qeyd edən icma sədri təbliğat məsələsinin vacibliyini vurğulayıb: "Biz Qarabağla bağlı həqiqətlərimizi yavaş-yavaş dünyaya çatdırmaqdayıq. İndi isə Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmaq, təbliğ etməyin zamanıdır və bu, bir nəfərin işi deyil".

  Gənclər və idman nazirinin müavini İndira Hacıyeva bildirib ki, gənclərin Qərbi azərbaycanlıların öz yurd-yuvasına geri qayıtması uğrunda apardığı bu haqq mübarizədə daha yaxından iştirakı çox böyük önəm daşıyır: "Azərbaycan gəncliyi istər ölkə daxilində, istərsə də xaricdə bu mübarizəyə dəstək verəcək kifayət qədər gücə və əzmə malikdir". Sonra Gənclər Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndələri çıxış ediblər. Çıxışlar zamanı Qərbi Azərbaycan mövzusunun hər bir azərbaycanlının milli məsələsi olması və gənclərin bu məsələdə fəallıq göstərməli olduğu xüsusilə vurğulanıb. Daha sonra Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədri, millət vəkili Ramin Məmmədovun təqdimatı baş tutub. Yekunda Qərbi Azərbaycandan olan könüllülər çıxış edərək yaxınlarının və özlərinin bu deportasiyalar və soyqırımları nəticəsində yaşadıqları ağrı-acılardan bəhs edərək Qərbi Azərbaycanlılar və onların yaşadıqları, eləcə də geri qayıdış hüquqları ilə bağlı gənclərin daha da fəal iştirak edəcəyini bildiriblər.