- “Moskva türk xalqlarını bir-birindən uzaqlaşdırmaq istəyirdi”
“Birinci Türkoloji Qurultayda türkologiya sahəsində böyük xidmətləri olan tanınmış alim və ziyalıların iştirak etməsinə baxmayaraq, tədbir mahiyyət etibarilə türk xalqlarını parçalamağa xidmət edən siyasi məqsədlər daşıyırdı”.
Bu barədə Sherg.az-a Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbiri şərh edən professor Nəsib Nəsibli deyib.
Professorun sözlərinə görə, vaxtilə Məhəmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə və digər siyasi mühacirlər qurultayın keçirilmə səbəblərini dərindən araşdıraraq bu prosesi ciddi şəkildə tənqid etmişdilər: “Həmin tənqidlərin əsas mahiyyəti ərəb qrafikasının türk xalqları arasında ortaq bağ rolunu oynaması ilə bağlı idi. Ərəb əlifbası ilə yazılmış mətnlər müxtəlif ləhcələrdə fərqli şəkildə tələffüz olunsa da, türk xalqları onları ümumilikdə anlaya bilirdi. Bu qrafika mədəni və mənəvi birliyi qoruyan əsas vasitələrdən biri idi. Moskva isə ərəb qrafikasını aradan qaldıraraq hər türk xalqına fərqli latın əsaslı əlifba tətbiq etdi və bununla da ortaq ünsiyyət məkanını zəiflətdi”.
N. Nəsibli bildirib ki, qurultayda terminologiyanın əsasən rus dilindən götürülməsi barədə qəbul edilən qərarlar da sonrakı ruslaşdırma siyasətinin əsasını qoydu: “1926-cı ildən sonra türk dillərinə rus sözlərinin sürətlə daxil olması prosesi başladı. Sovet Rusiyasının bu qədər maddi və siyasi resurs sərf edərək guya türklərin inkişafı naminə addım atması siyasi mühacirlərdə haqlı şübhələr doğururdu. Onlar hesab edirdilər ki, Moskvanın əsas məqsədi türk xalqlarını bir-birindən uzaq salmaq və mədəni parçalanmanı dərinləşdirmək idi. Qeyd edim ki, qurultayda ikinci toplantının Səmərqənddə keçirilməsi barədə qərar qəbul olunsa da, buna ehtiyac qalmadı. Çünki sovet hakimiyyəti artıq Birinci Türkoloji Qurultay vasitəsilə əsas məqsədinə nail olmuşdu. Bundan sonra türk xalqları arasında mədəni parçalanma daha da sürətləndi, fərqli əlifbaların tətbiqi isə ruslaşma prosesini gücləndirdi. Təəssüf doğuran məqam isə odur ki, aradan yüz il keçməsinə baxmayaraq, şanlı şöhrətli alimlərimiz bu hadisənin siyasi və ideoloji mahiyyətini hələ də lazımi şəkildə dəyərləndirmirlər”.